AZ

Evlənməyə namizəd tapılmır? “Əvvəlki dövrlərlə müqayisədə gənclərdə münasibət üçün çabalamaq, əldə etmək motivasiyası azalıb”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Son zamanlar cəmiyyətdə tez-tez səslənən fikirlərdən biri də uyğun həyat yoldaşı tapmağın çətinləşməsidir. Həm qızlar, həm də oğlanlar evlənmək istədiklərini desələr də, seçim zamanı tərəddüd edir və uyğun insan tapmadıqlarını düşünürlər. Və “evlənməyə qız, yaxud oğlan tapmırıq” ,- deyə giley də edirlər. Bu fikir niyə formalaşıb? Evlənmək üçün əxlaqi dəyərlər və görünüş daha vacibdir deyə düşüncələr də vacib faktordur. Ruh əkizini tapmaq üçün insan nəyə fikir verməlidir? Nəyi araşdırmalıdır?

Uzman psixiatr Azər Bağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münasibəti qorumaq, inkişaf etdirmək və “bəsləmək” lazımdır ki, o böyüsün və davamlı olsun: “Birinci onu qeyd etmək lazımdır ki, hər bir insana uyğun gələcək bir formada insan tipi yoxdur. Hər insan öz xüsusiyyətinə uyğun olaraq bir insanı tapır, ona görə də, birinə uyğun olmayan insan başqasına uyğun olur. Bu şəkildə insanlar birlikdə ünsiyyətlərini, həyatlarını qururlar və ortaq məxrəcə gəlirlər. Burda digər vacib məqam odur ki, son zamanlarda insanların gileylənməsinin səbəbi isə gələcəklə əlaqəli çox əmin olmağa çalışırlar, dəqiq seçim etməyə istəyirlər ki, irəlidə heç bir peşmançılıq olmasın. Bu çox da mümkün deyil və bu qədər seçici olduqda, dəqiqlik axtardıqda heç bir insanda qərarlı olmaq mümkün olmur. Əgər insan vurulmayıbsa, aşiq olmayıbsa, bu halda heç bir əlavə bir şübhə hissi olmadığı üçün həmin insandan başqa gözü başqa insanı görmür. Həyatını da o insanla keçirmək istədiyinə əmin olur. Belə bir vəziyyətdə insan yalnız məntiq yolu ilə özünə həyat yoldaşı seçmək istəyirsə və gələcəkdə heç bir səhv etməyəcəyinə 100% əmin olmağa çalışırsa, bu zaman ümumiyyətlə seçim edə bilməmək kimi bir vəziyyət yaranır. Bu səbəbdən qeyri-müəyyənliyə dözümsüz olan insanlar təkcə bu sahədə deyil, ümumiyyətlə həyatın digər sahələrində də qərar qəbul etməkdə çətinlik çəkirlər.

Digər bir mühüm nüans isə sosial medianın roludur. Burada tez-tez uğursuz evliliklər, boşanmalar haqqında paylaşımlar edilir, insanlarda tərəddüd yaradır. Nəticədə insanlar münasibətlər üçün zəhmət çəkmək, səy göstərmək istəmirlər. Halbuki evlilik əmək tələb edir. Yəni evləndikdən sonra hər şey bitmir. Əksinə, münasibəti qorumaq, inkişaf etdirmək və “bəsləmək” lazımdır ki, o böyüsün və davamlı olsun. Əks halda, özbaşına buraxılan münasibət zamanla zəifləyir və sönür.

Son dövrlərdə insanlar sanki bu məsuliyyəti daşımaqda tənbəlləşiblər. Elə düşünürlər ki, xoşbəxtlik özü gəlib onları tapmalıdır. Amma təəssüf ki, bu, reallıqda belə olmur. Əvvəlki dövrlərlə müqayisədə gənclərdə bir çox şeylər üçün çabalamaq, əldə etmək motivasiyası azalıb. Eyni zamanda digər mühüm məsələ alternativlərin və seçimlərin artmasıdır. Sosial şəbəkələrdə təqdim olunan, amma reallıqda tam şəkildə mövcud olmayan “xoşbəxt evlilik” modelləri insanların öz evliliklərindən və münasibətlərindən şübhə etmələrinə səbəb olur.

İnsanlar çox zaman anlamırlar ki, məsələn, Instagram kimi platformalarda gördükləri videolar reallığı tam əks etdirmir. Bu görüntüləri öz münasibətləri ilə müqayisə etdikdə isə belə düşüncələr yaranır: “Mənim münasibətim düzgün getmir”, “Sevgililik belə olmamalıdır, belə olmalıdır” və s. Bu cür platformalarda müəyyən münasibət modelləri formalaşdırılır və təbliğ edilir. Məsələn, “qız sevgili belə olmalıdır”, “oğlan sevgili belə etməlidir”, “bu qədər gül almalıdır”, “ad günündə bunu etməlidir”, “bayramda bunu almalıdır”, “Sevgililər Günündə belə davranmalıdır” və s. kimi gözləntilər yaradılır. Nəticədə, bu gözləntilər reallıqda qarşılanmadıqda insanlarda narazılıq yaranır. Belə düşüncələr formalaşır ki, “əgər sevgilim bunları etmirsə, demək məni sevmir”. Bu isə münasibətlərdə əsassız narazılıq hissləri yaradır. Bu səbəbdən mən birinci yerə sosial medianın yaratdığı yanlış modellər və bu modellərlə müqayisə nəticəsində insanların öz münasibətlərini yetərsiz görmələrini əsas problemlərdən biri kimi qeyd etmək istəyirəm”.

Azər Bağırov

Azər Bağırov qeyd edib ki, insanların əvvəlki qədər bir şeylər üçün çaba göstərməməsi də diqqət çəkir: “İnsanların 100% əmin olmağa çalışması, yəni gələcəkdə heç bir peşmançılıq yaşamayacaqları bir partnyor seçmək istəyi qərarvermə prosesini çətinləşdirir və nəticədə qərarsızlığa səbəb olur. Çünki reallıqda heç bir zaman tam ideal və hər baxımdan mükəmməl uyğun model tapmaq mümkün deyil.

Digər tərəfdən, insanların əvvəlki qədər bir şeylər üçün çaba göstərməməsi də diqqət çəkir. Bunun səbəblərindən biri bir çox şeyin artıq daha əlçatan olmasıdır. İnsanlar xəyallar qurur, lakin onların arxasınca getmək motivasiyası əvvəlki qədər güclü olmur. Bu isə əzmkarlığın azalmasına gətirib çıxarır.

İnsanın aydın hədəfi olmadıqda zəhmət çəkmək də çətinləşir. Bu da öz növbəsində güclü və davamlı münasibətlərin formalaşmasına mane olur. Nəticədə daha qısamüddətli, tez dağılan və ən kiçik çətinliklərdə belə imtina edilən münasibətlərə daha çox rast gəlinir.

Evlilik “iki sənin biz olması” deməkdir. Bu prosesdə sən lərdən “mən”lərdən müəyyən qədər keçmək, həm də öz mənliyini qorumaq vacibdir. Yəni insan həm özünü itirməməli, həm də təkcə “mən” olmaqdan çıxaraq “biz” olmağı bacarmalıdır. Bunu həyata keçirmək isə fədakarlıq və müəyyən qədər kompromis tələb edir. Çünki iki fərqli insan bir araya gəlir, eyni mühitdə yaşayır və zamanla bir-birinin xasiyyətinə uyğunlaşmağı öyrənir. Bu da münasibətin sağlam və davamlı olması üçün çox vacib bir nüansdır”.

Azər Bağırov vurğulayıb ki, sevgililər münasibətin ilk mərhələsində bir-birləri ilə ömür boyu xoşbəxt olacaqlarını düşünürlər: “Bəzi xarakter xüsusiyyətləri var ki, onları müəyyən testlər vasitəsilə ayırd etmək mümkündür və bu xüsusiyyətlərə görə insanların bir-biri ilə uyğunluğu daha aydın görünür. Eyni zamanda elə xarakter xüsusiyyətləri də var ki, onlar qətiyyən bir-biri ilə uyğun gəlmir. Bu xüsusiyyətləri əvvəlcədən müəyyən etməklə gələcəkdə problem yarada biləcək, hətta bədbəxtliyə səbəb olan bəzi toksik davranışları da aşkar etmək mümkündür. Məsələn, narsist xarakter xüsusiyyətləri bu baxımdan xüsusi diqqət tələb edir. Bu cür xüsusiyyətlər vaxtında fərq edildikdə insanların bir-birinə uyğun olub-olmadığını əvvəlcədən müəyyənləşdirmək daha asan olur.

Sevgililər münasibətin ilk mərhələsində, yəni aşiqlik dövründə adətən mənfi cəhətləri görmür və bir-birləri ilə ömür boyu xoşbəxt olacaqlarını düşünürlər. Lakin bu mərhələ daha çox “bal ayı dövrü” kimi xarakterizə olunur. Zaman keçdikcə bu emosiyalar bir qədər səngiyir və artıq xarakterlərin toqquşması dövrü başlayır. Məhz bu dövrdə münasibətlərdə problemlər və müəyyən çətinliklər ortaya çıxa bilir. Halbuki münasibətin əvvəlində terapiya seanslarında aparılan testlər və xarakter analizləri vasitəsilə insanlar nə ilə qarşılaşacaqlarını, hansı tip partnyorun onlar üçün daha uyğun olduğunu və bir-birlərinin xüsusiyyətlərinə necə uyğunlaşa biləcəklərini daha yaxşı anlaya bilərlər. Bu isə daha sağlam və davamlı münasibət qurmağa kömək edir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr