AZ

Enerji böhranı fonunda Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - ŞƏRH

Bakı, 6 aprel, AZƏRTAC

Türk dünyası zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi və artan iqtisadi potensialı ilə qlobal enerji sistemində mühüm aktora çevrilmək imkanına malikdir. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr böyük neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, dünya bazarlarının sabit təchizatında mühüm rol oynayır. Türkiyə isə Şərq ilə Qərb arasında enerji körpüsü funksiyasını yerinə yetirərək bu resursların təhlükəsiz və fasiləsiz şəkildə Avropaya və digər regionlara çatdırılmasında əsas tranzit ölkə kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert Canip Nuray bildirib.

Onun sözlərinə görə, məhz bu qarşılıqlı tamamlayıcı iqtisadi struktur Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində enerji əməkdaşlığını daha da aktuallaşdırır. Xüsusilə son illərdə həyata keçirilən iri infrastruktur layihələri – boru kəmərləri, limanlar, dəmir yolu xətləri və logistika mərkəzləri – üzv ölkələrin iqtisadi əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib.

“Qlobal enerji böhranı fonunda Avropa bazarında alternativ təchizat mənbələrinə artan tələbat TDT ölkələrinin rolunu daha da gücləndirir. Xüsusilə Azərbaycan qazının Avropaya nəqli, Qazaxıstan neftinin müxtəlif marşrutlarla dünya bazarına çıxarılması və Türkmənistanın potensialının gələcək layihələrdə istifadəsi bu əməkdaşlığın geniş perspektivlərindən xəbər verir. Çin ilə Avropa arasında alternativ ticarət marşrutu kimi formalaşan Orta Dəhliz TDT ölkələrinin logistika imkanlarını artırmaqla yanaşı, onların qlobal iqtisadi sistemdə çəkisini də yüksəldir. Enerji resurslarının daşınması ilə paralel olaraq, sənaye məhsulları, kənd təsərrüfatı malları və texnoloji avadanlıqların daşınması region iqtisadiyyatının diversifikasiyasına töhfə verir. Enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsində birgə təşəbbüslərin genişləndirilməsidir. Qlobal iqlim dəyişiklikləri və “yaşıl iqtisadiyyat”a keçid çağırışları fonunda TDT ölkələri Günəş, külək və hidroenerji potensialından daha səmərəli istifadə etmək imkanına malikdir. Bərpaolunan enerji ilə yanaşı, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi də əməkdaşlığın əsas istiqamətlərindəndir. “Ağıllı şəbəkələr”, enerji saxlama texnologiyaları və rəqəmsal idarəetmə sistemləri TDT məkanında enerji sektorunun modernləşdirilməsinə imkan verə bilər. Bu isə uzunmüddətli perspektivdə həm iqtisadi dayanıqlığı, həm də ekoloji tarazlığı təmin edəcək”, - deyə ekspert vurğulayıb.

Canip Nuray bildirib ki, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi də vacibdir. Gömrük prosedurlarının sadələşdirilməsi, vahid tranzit sistemlərinin yaradılması və ticarət maneələrinin aradan qaldırılması region daxilində iqtisadi əlaqələri daha da gücləndirəcək: “Rəqəmsal ticarət platformalarının inkişafı isə sahibkarlar üçün yeni imkanlar açacaq. Qlobal enerji böhranı Türk Dövlətləri Təşkilatı üçün yalnız risk deyil, eyni zamanda böyük strateji fürsətdir. Bu fürsətin reallaşdırılması üzv ölkələrin koordinasiyalı fəaliyyəti, qarşılıqlı etimad və ortaq strateji baxışından asılıdır. Mövcud potensialdan səmərəli istifadə edildiyi təqdirdə, TDT məkanı yaxın gələcəkdə yalnız enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də Avrasiya regionunda iqtisadi inteqrasiyanın aparıcı mərkəzlərindən birinə çevrilə bilər”.

Müxbir-Vüqar Qurbanoğlu
Seçilən
9
azertag.az

1Mənbələr