AZ

"İran Ermənistanı hədəfə ala bilər” –Cənubi Qafqaz ətrafında şok iddialar

Yaxın Şərqdə fevralın 28-dən etibarən artan gərginlik fərqli istiqamətlərdə cərəyan etməkdədir. Bu gün artıq ABŞ-İsrail-İran xəttindəki hərbi toqquşmanın 38-ci günüdür.

Savaş artıq təkcə regional çərçivədə deyil, daha geniş coğrafiyada müzakirə olunur. Son hadisələr göstərir ki, bu qarşıdurma klassik müharibədən daha çox çoxvektorlu, proksi qüvvələr, enerji marşrutları və strateji kommunikasiya xətləri üzərindən aparılan mürəkkəb güc mübarizəsinə çevrilib. Belə bir vəziyyətdə Azərbaycan olaraq bizləri ən çox maraqlandıran sual bundan ibarətdir ki, münaqişə alovu Cənubi Qafqaza da sıçraya bilərmi?

Coğrafi baxımdan Yaxın Şərqə yaxınlığı və geosiyasi balans nöqtəsində yerləşməsi Azərbaycan, Gürcüstan və xüsusilə Ermənistan üçün riskləri artırır. İranla uzun sərhədə malik Azərbaycan potensial təhlükəsizlik təhdidləri, enerji infrastrukturlarına yönələn risklər və regionda mümkün hərbi-logistik dəyişikliklər baxımından diqqət mərkəzindədir. Ermənistan isə həm İranla yaxın münasibətləri, həm də Rusiya faktoru səbəbilə bu qarşıdurmada dolayı təsirlərə açıq ölkələrdən biri hesab olunur. Gürcüstan isə tranzit ölkə kimi Qərb-Şərq enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi kontekstində ön plana çıxır.

Şübhəsiz ki, burada əsas təhlükə birbaşa hərbi müdaxilədən daha çox “yan təsirlər”lə bağlıdır. Sərhədlər yaxınlığında gərginliyin artması, qaçqın axınları, enerji layihələrinə təhdidlər və region ölkələrinin böyük güclər arasında seçim etməyə məcbur qalması ortada konkret məsələlər var. Bu isə Cənubi Qafqazda onsuz da kövrək olan balansı daha da həssas vəziyyətə gətirə bilər.

ABŞ–İsrail–İran qarşıdurması yalnız Yaxın Şərqlə məhdudlaşacaq, yoxsa onun dalğaları Cənubi Qafqaza qədər uzanaraq yeni bir geosiyasi böhranın əsasını qoyacaq?

-d1d6a7ea155991665272926150910091265.jpg

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da real təhlükələrdən söz açdı: "Yaxın Şərqdəki vəziyyət neft ölkəsi olduğumuz üçün bizə o qədər də təsir göstərməyəcək. Amma hərbi-siyasi nöqteyi-nəzərdən Güney Qafqazın proseslərə zorla sürüklənməsi mümkündür. Ermənistanda iki minlik ABŞ xüsusi təyinatlısının və ya hərbiləşdirilmiş kontingentinin olduğu vurğulanır. İran bunu bəhanə edərək Ermənistanı atəş çəmbərinə ala bilər. İndiki məqamda bu, Rusiyanın da xeyrindədir, çünki qarşıda Paşinyanı ölümcül seçki prosesi gözləyir. Hətta Kreml bununla bağlı Tehranla koordinasiyalı şəkildə işləyə bilər. ABŞ-nin isə bunun qarşılığında Ermənistan ərazisindən istifadə etməklə İrana şimal sərhədlərindən, Araz üzərindən desant çıxarması mümkündür. Bu hadisə Güney Qafqazı plasdarma çevirmək üçün kifayət edir. Azərbaycan bu vaxta qədər mövcud proseslərdən ustalıqla yayınıb. Bütün bunlara baxmayaraq, ABŞ və İsrailin İrana qarşı mümkün savaşı, Fars körfəzindən Cənubi Qafqaza, Türkiyə və Avropaya qədər genişlənə biləcək ciddi təhlükəsizlik riskləri yaradır. Regional gərginliyin artması nəticəsində qaçqın axını, logistik dəhlizlərin kəsilməsi və hərbi toqquşmaların bölgəyə sıçraması ehtimalı yüksək qiymətləndirilir. Müharibənin qarşıdakı günlərdə daha da şiddətlənməsi ilə İrandan Cənubi Qafqaza, xüsusilə Azərbaycana doğru qaçqın axını başlaya bilər. Bu da bölgədə humanitar və təhlükəsizlik böhranına yol açma ehtimalını daha da gücləndirən faktorlardandır. Digər önəmli məqam ondan ibarətdir ki, İranın Türkiyə və ya digər qonşu ərazilərdən üçüncü tərəflərə raket zərbələri endirməsi və ya əks proseslər münaqişənin birbaşa qonşu dövlətlərə sıçraması riskini daha da artırır. Çünki bölgədə hərbi-siyasi müttəfiq dövlətlərin sayı kifayət qədərdir. Bütün bunlar Cənubi Qafqazdan keçən nəqliyyat və enerji dəhlizlərinin o cümlədən, Şimal-Cənub dəhlizinin işinin dayanması və ya böyük risk altına düşməsi iqtisadi ziyanla nəticələnə bilər.ABŞ və İsrailin İrana qarşı aktiv fəaliyyəti regionda güc balansını dəyişərək, Cənubi Qafqazı daha böyük bir qarşıdurmanın mərkəzinə çevirə bilər. Elə region üçün ən qorxulu təhdid də budur".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr