AZ

ABŞ və İran arasında atəşkəs əldə olunacaq? -AÇIQLAMA

ABŞ rəsmiləri, İran rəsmiləri və regional vasitəçilər potensial 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər. Bu haqda xarici mediada məlumatlar paylaşılıb.

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ABŞ ilə İran arasında danışıqlar bir neçə dəfə baş tutub, amma bu danışıqlarda real nəticələr olmayıb.

Müsahibimizin fikrincə, 45 günlük atəşkəsin müzakirə olunması nəzəri olaraq mümkündür, amma tətbiqi praktik olaraq asan olmayacaq:

"SEPAH faktiki olaraq bir terror təşkilatı kimi İrandakı hakimiyyəti mənimsəyib, seçilmiş prezidentin və Xarici İşlər Nazirliyinin qəbul etdiyi qərarları tamamilə rədd edir, bu qərarların əksinə olaraq fəaliyyət göstərir. Hətta ABŞ ilə İran hakimiyyəti hansısa bir qərar əldə etsələr belə, SEPAH-ın bu qərarları yerinə yetirəcəyi mümkün görünmür".

Ə.Verdiyev vurğuladı ki, ABŞ artıq İran üzərində çox böyük nailiyyətlər əldə edib:

"İranın donanması, hava qüvvələri, raket və PUA ehtiyatlarının böyük bir hissəsi sıradan çıxarılıb. İran donanması darmadağın vəziyyətdədir. Hardasa İran donanmasının 70-80%-i sıradan çıxarılıb. Belə olan halda dayanmaq ABŞ-nin də maraqlarına cavab verməyəcək. Ona görə də formal olaraq ABŞ beynəlxalq auditoriyanın və daxili ictimaiyyətin təzyiqlərinə məruz qalmamaq üçün zaman-zaman danışıqlar barədə təkliflərini verəcək. Lakin bu danışıqlarda çox sərt tələblər qoymaqla İranın tam kapitulyasiyasına nail olmağa çalışacaq. Təbii ki, İran da belə bir qərarı qəbul etməyəcək, atəşkəs əldə olunmayacaq və ABŞ-İsrailin hərbi təzyiqləri davam edəcək. Atəşkəs əldə olunsa belə, yenə də SEPAH onu yerinə yetirməyəcək, özünü real bir qüvvə kimi danışıqlar prosesinin tərkib hissəsi kimi təqdim etməyə çalışacaq. SEPAH İran Prezidenti Məsud Pezeşkian və onun komandası tərəfindən qəbul edilən qərarların icrasına imkan verməyəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
8
redaktor.az

1Mənbələr