AZ

Keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verən qadın: “TikTok”da barəmdə nalayiq və böhtan xarakterli ifadələr paylaşıb”

Tovuzda qadın keçmiş həyat yoldaşını xüsusi ittiham qaydasında şikayət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə M.M. (adı, soyadı şərtidir) Tovuz Rayon Məhkəməsinə üz tutub.

 

O, müraciətində barəsində keçmiş əri İ.Məmmədovun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən ittiham hökmü çıxarılmasını xahiş edib.

 

Şikayətə əsasən, qadın bildirib ki, 26 yanvar 2026-cı il tarixdə saat 00:17 radələrində ona məlum olub ki, sabiq əri sosial şəbəkə platforması – “TikTok”da onun barəsində nalayiq və böhtan xarakterli ifadələr paylaşıb.

 

Qeyd edib ki, İ.Məmmədov tərəfindən yayılan həmin paylaşım qısa müddətdə digər istifadəçilər tərəfindən də aktiv şəkildə yayılıb, 12 nəfər paylaşıb, 6 nəfər isə həmin yazını bəyənib.

 

Bundan əlavə, sosial şəbəkədə M.M.-ə məxsus fotoşəklin də paylaşılaraq onun şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatların ictimaiyyətə təqdim edildiyi qeyd olunub.

 

Şikayətdə bildirilir ki, yayılan məlumatların məzmunu zərərçəkmiş şəxsin guya pul müqabilində əxlaqsız fəaliyyətlə məşğul olması barədə yalan və əsassız iddialardan ibarət olub.

 

M.M. deyib ki, onun barəsində yayılan bu cür böhtan xarakterli məlumatlar cəmiyyətdə, eləcə də ailə üzvləri, qohumları və tanışları arasında onun nüfuzuna ciddi zərər vurub.

 

Onun sözlərinə görə, yayılan iddialar nəticəsində o, yaşadığı mühitdə biabır olub, insanlar arasına çıxmaqda çətinlik çəkir və bu səbəbdən ciddi psixoloji sarsıntılar keçirib.

 

Qadın həmçinin vurğulayıb ki, həmin məlumatlar geniş yayılaraq artıq çoxsaylı şəxslərə məlum olub və bu da onun ictimai mövqeyinə, xüsusilə də bir ana kimi nüfuzuna mənfi təsir göstərib.

 

Şikayətdə qeyd olunub ki, İ.Məmmədov tərəfindən sosial şəbəkədə yayılan məlumatlar tamamilə əsassız və həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlardır: “Bu cür məlumatların yayılması mənim şərəf və ləyaqətimi alçaltmaqla yanaşı, cəmiyyətdə haqqımda mənfi rəy formalaşıb və ictimai fikri çaşdırır”.

 

Qərara əsasən, M.M.-in xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 7 Aprel 2026, 09:19   
Seçilən
19
pravda.az

1Mənbələr