AZ

Bakı regionlardan çox fərqlənir Əli Məsimli ilə MÜSAHİBƏ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra etmiş Əli Məsimli Modern.az-a geniş müsahibə verib.

Deputat müsahibədə dünyada baş verən müharibələrin dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirindən, ölkəmizdə aparılan ıslahatlardan və bu kimi digər məsələlərdən banışıb.

Əvvəli bu linkdə

"İnsan kapitalına və yüksək texnologiyalara əsaslanan innovativ inkişaf modelinə keçirik"

 - Əli müəllim, Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun rolu getdikcə artır. Bu istiqamətdə hansı sahələr daha perspektivli hesab olunur?

- Azərbaycan iqtisadiyyatında, ixracda neft sektorunun aparıcı rolu qalmaqda davam etsə də, son illər bu sahədəki enmələr səbəbindən bu amil daha çox ölkəmizin iqtisadi artım templərinin yavaşlamasına təsir göstərir. Bu baxımdan qeyri-neft sektoru ümumi iqtisadi artımda drayver rolunu oynamağa başlayıb.

Bu əsasda Azərbaycan neft sektorunun dominant rol oynadığı modeldən insan kapitalına və yüksək texnologiyalara əsaslanan innovativ inkişaf modelinə keçir. Buna uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və neftdən asılılığın minimuma endirilməsini hədəfləyən kurs götürülüb. Qeyri-neft sektorunun potensial imkanları genişlənir, istehsal və ixrac göstəricilərində artım müşahidə olunur.

Bu strategiya nəticəsində ölkədə müxtəlif templərlə olsa da tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım müşahidə edilir. Kənd təsərrüfatı, emal sənayesi, turizm və iqtisadiyyatın rəqəmsallaşdırılması əsasında inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet istiqamətlər hesab olunur.

Ölkənin istehlakında xalq istehlakı və qida məhsullarının idxal payı 25–30 faizi keçdikdə iqtisadi təhlükəsizlik baxımından bu kritik hədd hesab olunur. Azərbaycanda isə bu göstərici bir sıra mal və məhsullar üzrə həmin kritik həddən xeyli yüksəkdir. Ona görə də ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalının stimullaşdırılması, xammal bazasının gücləndirilməsi, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması çox vacibdir.

"Qeyri-neft sektorunun inkişafı üçün investisiyalar cəlb edilməlidir"

Eyni zamanda, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün bu sahəyə birbaşa daxili və xarici investisiyaların cəlb edilməsi, daxili istehsalın genişləndirilməsi ilə yanaşı, onun rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasında mühüm rol oynayır. Emal sənayesinin genişləndirilməsi daxili tələbatın yerli istehsal hesabına ödənilməsinin payını artırmaqla yanaşı, regionlarda məşğulluğun, xüsusilə yüngül və yeyinti sənayesi, eləcə də xidmət sahələri hesabına qadın məşğulluğunun genişlənməsində mühüm rol oynaya bilər.

Turizmin potensialına uyğun səviyyədə inkişafı da həm yeni iş yerlərinin açılmasında, həm də ölkəyə valyuta axınının güclənməsində mühüm rol oynayır. Təkcə onu qeyd etmək kifayətdir ki, turizm sahəsində açılan hər yeni iş yeri multiplikativ effekt yaradaraq onunla bağlı sahələrdə 3-4 və daha çox iş yerinin açılmasına təkan verir.

İqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün kompleks tədbirlər həyata keçirilir. Bu kontekstdə neftdənkənar sektorlara investisiya qoyuluşunun artırılması obyektiv tələbata çevrilib. İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarına kifayət qədər sərmayə cəlb olunması, o cümlədən xarici investisiyaların artırılması regionlararası disproporsiyaların aradan qaldırılması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə dövlət büdcə-vergi, pul-kredit və investisiya-innovasiya siyasətlərinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi vacibdir. Qeyri-neft sektorlarının şaxələndirilməsi və iqtisadiyyatın modernləşdirilməsi istiqamətində görülən işlərin miqyasının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İnnovativ milli iqtisadiyyatın formalaşdırılması üçün sahibkarlıq fəaliyyətinə dəstək verən infrastrukturun və idarəetmə mexanizmlərinin inkişafı, müasir texnologiyalara əsaslanan sənaye, aqrar və texnoparkların genişləndirilməsi mühüm rol oynayır. Mikro, kiçik və orta biznesin inkişafı, yüksək keyfiyyətli və elmi-texniki əsaslı ixrac məhsullarının istehsalının stimullaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi zəruridir.

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması sənaye sahələrinin inkişafına, iqtisadiyyatın tarazlı inkişafına və innovasiya yönümlü istehsalın genişlənməsinə xidmət edir. Mövcud proqramların icrası nəticəsində qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda sosial və kommunal infrastrukturun yaxşılaşdırılması, sahibkarlıq mühitinin inkişafı və yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə etmək mümkündür.

Bütün bu müsbət meyillər qeyri-neft sektorunun və onun aparıcı qüvvəsi olan qeyri-neft sənayesinin daha geniş miqyasda formalaşmasına və inkişafına şərait yaradır.

Qeyri-neft sektorlarının şaxələndirilməsi iqtisadi artımın sürətlənməsi ilə yanaşı, dolayısı ilə adambaşına düşən real gəlirlərin artmasına səbəb olur və nəticədə əhalinin rifahını yaxşılaşdırır. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə birgə müəssisələr, müxtəlif istehsal və xidmət sahələri yaradılıb və inkişaf etdirilir.

Bu prosesin genişləndirilməsi ümumi iqtisadi artım templərinin yüksəlməsinə, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinin payının artmasına, idxaldan asılılığın azalmasına və idxal inflyasiyasının məhdudlaşdırılmasına töhfə verir. Eyni zamanda dövlət gəlirlərinin artmasını sürətləndirir, iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirir və neft gəlirlərinin azalması şəraitində makroiqtisadi sabitliyin qorunmasına mühüm dəstək verir.

Hazırda neft sektorunda enmələrin davam etdiyi şəraitdə iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə edilir. Lakin hələlik bu sahədə artım templəri potensialdan aşağı olduğuna görə ÜDM-in ümumi artım tempinə yetərincə təsir göstərə bilmir. Məsələn, 2025-ci ildə qeyri-neft sektorunda artım 2,7 faiz olduğu halda, neft sektorunda 1,6 faizlik enməni kompensasiya etdikdən sonra ÜDM-in ümumi artımına cəmi 1,4 faiz müsbət təsir göstərə bilib.

"2029-cu ilədək qeyri-neft sektorunun ÜDM-dəki payı 80 faizə yüksələcək"

Orta perspektivdə qeyri-neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi rolu daha da artacaq. 2029-cu ilədək qeyri-neft sektorunun ÜDM-dəki payının hazırkı 68 faizdən 80 faizə yüksələcəyi proqnozlaşdırılır.

Bu hədəfə çatmaq üçün aqrar sahə, emal sənayesi, turizm və iqtisadiyyatın rəqəmsallaşdırılması əsasında inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahələri arasında effektiv kombinasiyaya əsaslanan strategiyanın hazırlanıb həyata keçirilməsi zəruridir.

"Aqrar sahədə artım yavaşlayıb, 2025-ci ildə 0,9 faizə enib"

- Aqrar sektor Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir. Siz bu sahənin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və onun inkişafı üçün hansı addımlar vacibdir?

- Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu sahədə aqrar sektor aparıcı rol oynayır. Ona görə də aqrar sahənin hərtərəfli inkişafı və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələləri iqtisadi siyasətimizdə prioritet xarakter daşıyır. Bu istiqamətdə bir sıra dövlət proqramları və proqram xarakterli sənədlər qəbul edilib.

Ölkəmizdə bazar münasibətlərinə keçid istiqamətində həyata keçirilən islahatlar çərçivəsində postsovet məkanında ən radikal aqrar islahatlardan biri Azərbaycanda həyata keçirilib. Torpaqların xeyli hissəsi kəndlilərə paylanıb, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, müvafiq normativ-hüquqi baza yaradılıb.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən gübrə, texnika və damazlıq mal-qara əldə etmək imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyaları tətbiq edilir.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılıb. Bu əsasda aqrar sektorda mühüm dəyişikliklər baş verib və kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin formalaşıb.

İnkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin əsas şərtlərindən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda həmin dövr ərzində kənd təsərrüfatında orta illik artım tempinin 4 faizə çatdırılması hədəflənib.

Son on ilin statistikasına baxdıqda görürük ki, 2016–2023-cü illərdə aqrar sahənin orta illik artım tempi 3,6 faiz olmaqla həmin dövrdə ÜDM-in orta illik artım tempindən yüksək olub. Müsbət dinamika son illərdə də davam etsə də, artım tempi yavaşlayaraq 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 3 faiz, 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə 0,9 faizə enib.

Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır. Nəzərə alsaq ki, işğal altında olmuş torpaqlar ölkənin kənd təsərrüfatı istehsalının üçdə birindən çoxunu təmin edirdi, həmin ərazilərin azad edilməsi aqrar sahəyə töhfəni artıracaq və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

Bununla belə, bəzi istisnalar xaricində torpaqlardan istifadənin mövcud vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Bir sıra rayonların (Hacıqabul, Salyan, Ağcabədi, Ağdam, Sabirabad və s.) və təsərrüfatların uğurlu nəticələri istisna olmaqla, əmək məhsuldarlığı aşağıdır.

2000-ci ildən bu yana 25 il ərzində strateji əhəmiyyətə malik buğda istehsalında məhsuldarlıq hər hektardan 23,7 sentnerdən 32 sentnerə yüksələrək cəmi 14 faiz artıb. Son 10 ildə isə bu göstərici 31–32 sentner səviyyəsində qalaraq demək olar ki, dəyişməyib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycana 1 milyon 292 min ton buğda idxal edilib. Buğda üzrə özünütəminetmə səviyyəsi 56,1 faiz olmaqla 2023-cü ilə nisbətən 4,3 faiz bəndi azalıb. Bu isə göstərir ki, mövcud dəstək mexanizmləri sahədəki əsas problemləri tam həll etmir və idxaldan asılılıq davam edir.

Kənd təsərrüfatı ölkədə ən çox məşğulluq yaradan sahələrdən biridir. Bu sahədə 1,8 milyona yaxın insan çalışır ki, bu da məşğul əhalinin 35 faizindən çoxunu təşkil edir. Lakin məşğulluqda yüksək paya malik olmasına baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı 6 faizin altındadır. Bu isə aqrar sahədə əmək məhsuldarlığının aşağı olduğunu göstərir.

"Ölkədə adambaşına illik kənd təsərrüfatı məhsulu istehsalı 1383 manat, aylıq isə 115 manatdır"

Kənd təsərrüfatında hər bir məşğul şəxs üzrə yaradılan əlavə dəyər 4,3 min manatdır ki, bu da ölkə üzrə orta göstəricidən 5,5 dəfə aşağıdır. Eyni zamanda, ölkədə adambaşına illik kənd təsərrüfatı məhsulu istehsalı 1383 manat, aylıq isə 115 manat təşkil edir. Bu göstəricilərdə müəyyən müsbət dinamika olsa da, ümumilikdə aqrar sektorun nəticələri potensial imkanlardan xeyli geri qalır.

Aqrar siyasətdə müqayisəli üstünlüklər nəzəriyyəsinə əsaslanaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq bolluğunun yaradılması, qlobal bazarlardakı qeyri-sabitliyin təsirlərinin azaldılması və idxaldan asılılığın minimuma endirilməsi əsas prioritetlərdəndir.

Bu baxımdan aqrar sahədə əsaslı dönüş yaratmaq üçün ilk növbədə torpaqların şoranlaşması, eroziyaya uğraması və çirklənməsi kimi problemlərin aradan qaldırılması, torpaq keyfiyyətinin yaxşılaşdırılması istiqamətində kompleks və işlək mexanizmlərin tətbiqi vacibdir.

İkincisi, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təminatının 40 faizdən çoxu idxal hesabına formalaşır. Bu asılılığın azaldılması üçün daxili istehsalın artırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Xüsusilə keyfiyyətli və iqlim dəyişikliklərinə davamlı toxum təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Üçüncüsü, son illər dövlət büdcəsindən kənd təsərrüfatına 1 milyard manatdan artıq vəsait ayrılır və 2026-cı ildə bu vəsaitin 1,2 milyard manata çatacağı gözlənilir. Bunun 553 milyon manatı birbaşa kənd təsərrüfatında artımın təmin olunmasına yönəldilir. Hesablamalara görə, bu vəsaitdən səmərəli istifadə etməklə aqrar sahədə 5 faizdən artıq artım əldə etmək mümkündür.

Bununla belə, ölkə üzrə ümumi 21 milyard manatlıq investisiya qoyuluşunun çox az hissəsi, son illərdə cəmi 3 faizi kənd təsərrüfatına, 1,3 faizi isə qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin real tələbatından xeyli aşağıdır.

"Təmiz sərmayə yüksək nəticə deməkdir"

Ərzaq təhlükəsizliyinin etibarlılığını artırmaq üçün proqram xarakterli kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Bu istiqamətdə əsas məsələlərdən biri “təmiz sərmayə - yüksək nəticə” prinsipi əsasında kənd təsərrüfatına investisiya qoyuluşunun və ondan istifadənin səmərəliliyinin artırılmasıdır.

Dördüncüsü, kənd təsərrüfatı sahəsində mövcud olan böyük potensialın tam şəkildə reallaşdırılması üçün bu sahədəki iqtisadi, mülkiyyət, maliyyə, kredit, ekoloji, iqlim dəyişiklikləri və digər problemlərin həllinin sürətləndirilməsi vacibdir.

Ölkə üzrə 31 milyard manatlıq ümumi kredit qoyuluşunun çox kiçik bir hissəsi kənd təsərrüfatına yönəldilir. Aqrar-Sənaye Bankının yaradılması, kənd təsərrüfatı və onun emalı ilə məşğul olan sahələrin aşağı faizli, əlverişli kreditlərlə təmin edilməsi, eləcə də aqrar sektor üçün məqbul kredit zəmanəti mexanizminin formalaşdırılması zəruridir.

Beşincisi, kənd təsərrüfatı istehsalının nəticəliliyini artırmağa xidmət edən səmərəli subsidiya mexanizminin yaradılması və tətbiqi istiqamətində başlanmış işlər fermerlərin gözləntilərinə uyğun şəkildə optimallaşdırılmalıdır. Bu, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər.

Altıncısı, yerli istehsalın və kənd təsərrüfatı məhsullarının ixracının genişlənməsini təşviq edən sığorta mexanizmlərinin tətbiqi istiqamətində başlanmış işlər daha da genişləndirilməlidir.

"Fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün əngəllər aradan qaldırılmalıdır"

Yeddincisi, fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması istiqamətində real nəticələr verən tədbirlər həyata keçirilməlidir.

Səkkizinci, Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin torpaq sahələri çox kiçikdir. Əksər hallarda 1-2 hektar, 70 faizdən çoxunda 3 hektara qədər, 17 faizində isə 3-4,9 hektar aralığındadır. Halbuki fermer təsərrüfatlarının bazar tələblərinə uyğun, dayanıqlı və rəqabətqabiliyyətli fəaliyyət göstərə bilməsi üçün ən azı 6 hektardan çox torpaq sahəsinə malik olması vacibdir.

Heyvandarlıqda da oxşar vəziyyət müşahidə olunur. Təsərrüfatların 80 faizindən çoxunun 10 başa qədər heyvanı var ki, bu da onların səmərəli və davamlı istehsal imkanlarını məhdudlaşdırır.

Bu baxımdan kiçik torpaq sahibliyi və xırda təsərrüfatlar probleminin kəndlilərin mənafeyi nəzərə alınmaqla optimal şəkildə həlli vacibdir. Kiçik, orta və iri təsərrüfatların səmərəli fəaliyyətinin optimal kombinasiyası yaradılmalı və tətbiq edilməlidir.

Sağlam və ədalətli kooperasiya münasibətlərinin inkişafı vasitəsilə “tarladan süfrəyədək” zəncirindəki itkilərin əhəmiyyətli dərəcədə azaldılması mümkündür.

Doqquzuncu, torpaqların işğaldan azad edilməsi su ehtiyatlarımız baxımından müəyyən müsbət imkanlar yaradıb. Bununla belə, Azərbaycanın məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatında sudan istifadənin daha müasir və qənaətli üsullarının tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynaya bilər.

Son 30-35 ildə hər hektardan 25-27 sentnerdən 32 sentnerə yüksəlmiş taxıl məhsuldarlığının daha da artırılması və yaxın perspektivdə bir çox təsərrüfatlarda 40 sentner və daha yüksək göstəricilərə çatdırılması mümkündür.

Onuncusu, beynəlxalq təcrübə göstərir ki, aqrar sahədə davamlı artım yalnız subsidiyaların həcmi ilə deyil, daha çox düzgün qurulmuş idarəetmə, bazar mexanizmləri və qabaqcıl texnologiyaların effektiv kombinasiyası ilə təmin olunur.

Bu baxımdan nümunə olaraq qeyd etmək olar ki, ərazisi Azərbaycandan 2 dəfə kiçik olan Hollandiya innovativ kənd təsərrüfatı modeli əsasında ildə 110 milyard dollar həcmində aqrar məhsul ixrac edir. Bu, Azərbaycanın 2025-ci ildəki təxminən 21 milyard dollarlıq neft-qaz ixracından 5 dəfə, qeyri-neft-qaz ixracından 30 dəfə, kənd təsərrüfatı ixracından isə 100 dəfə çoxdur.

Təbii ki, Azərbaycanın aqrar ixracını 110 milyard dollara çatdırmaq real deyil. Lakin kənd təsərrüfatı qeyri-neft sektorunda aparıcı istiqamətlərdən biri olmaqla həm ərzaq təhlükəsizliyinin təminində, həm də valyuta daxilolmalarının artırılmasında mühüm rol oynayır.

2025-ci ildə 1,1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu göstərici əvvəlki illə müqayisədə 18,5 faiz artıb. Mövcud potensial nəzərə alınarsa, aqrar ixracın yaxın perspektivdə 4-5 milyard dollara çatdırılması mümkündür və bu, mühüm strateji hədəfdir.

Bu məqsədlə güclü aqrar-sənaye komplekslərinin yaradılması, mərhələli və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, eləcə də stimullaşdırıcı dövlət proqramlarının həyata keçirilməsi zəruridir.

Bu yanaşma həm daxili tələbatın yüksək səviyyədə ödənilməsinə, həm də ixrac potensialının mərhələli şəkildə - əvvəlcə 2 milyard dollara, daha sonra isə 4–5 milyard dollara və daha yüksək səviyyəyə çatdırılmasına imkan verə bilər.

Bununla yanaşı, rəqəmsal texnologiyaların kənd təsərrüfatında daha geniş tətbiqi də xüsusi əhəmiyyət daşıyır.

Kənd təsərrüfatının qeyri-neft sektorunun artımında daha fəal iştirak etməsi üçün bu sahədə əmək məhsuldarlığının və səmərəliliyin artırılması, artım templərinin ÜDM artım tempini üstələməsi vacibdir.

Aqrar sektorda mövcud potensialdan səmərəli istifadə edilməsi yerli istehsala əsaslanan ərzaq bolluğunun yaradılmasına, bu sahədə çalışan 1,8 milyona yaxın insanın (yəni məşğul əhalinin 35 faizindən çoxunun) həyat səviyyəsinin yüksəlməsinə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və regionlardan paytaxta miqrasiyanın azalmasına müsbət təsir göstərə bilər.

Fermerlərin sığortadan istifadəyə marağının artırılması üçün də təsirli tədbirlər görülməlidir. Daşqın və quraqlıq nəticəsində dəyən zərərlərin ödənilməsi və fermerlərin müdafiəsi üçün sığorta mexanizmlərinin geniş tətbiqi vacibdir.

Bu cür mexanizmlər məhsuldarlığın artırılmasına, keyfiyyətin yüksəlməsinə, itkilərin azalmasına və nəticə etibarilə aqrar ixracın daha da genişlənməsinə ciddi töhfə verə bilər.

Ardı var

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
modern.az

1Mənbələr