AZ

® İnsanlar üçün dəyər yaradırsansa, biznes özü formalaşır “Yango Group”un baş direktoru Daniil Şuleyko ilə müsahibə

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 aprel, AZƏRTAC

“Yango Group”un baş direktoru Daniil Şuleyko AZƏRTAC-a müsahibəsində şəhərlərin rəqəmsallaşmasının insanların gündəlik həyatını necə dəyişdiyi, şəhər infrastrukturunun inkişafında süni intellektin və yerli tərəfdaşlıqların rolu, həmçinin “Yango Group”un qlobal və regional bazarlardakı strategiyası barədə şəxsi təcrübəsini və müşahidələrini bölüşür, texnologiyaların dünya üzrə şəhərlərin və bizneslərin gələcəyini necə formalaşdırdığını izah edir.

- “Yango Azerbaijan”ın ana şirkəti olaraq “Yango Group” bu gün Yaxın Şərqdən Afrikaya və Latın Amerikasına qədər müxtəlif regionlarda fəaliyyət göstərir. Şirkəti necə xarakterizə edərdiniz: bu, xidmət, platforma, yoxsa daha geniş bir modeldir?

- Maraqlı sualdır. Ətraflı cavab vermək olar, amma səmimi cavab verməli olsam, cavab kifayət qədər sadədir: biz şəhərləri rəqəmsallaşdırmağa imkan verən platforma qururuq. “Yango Group” bu gün təkcə taksi sifarişi xidməti deyil, Dubayda yerləşən texnologiya şirkətidir və müxtəlif istiqamətlər üzrə 10-dan çox xidmət ilə biznesi birləşdirir. İnsanların mütəmadi istifadə etdiyi şəhər xidmətlərini, yəni taksi, bağlama və yemək çatdırılmaları fəaliyyətlərini rəqəmsal formaya keçirərək müasir şəhərin bünövrəsini yaradırıq.

Biz 35-dən çox ölkədə fəaliyyət göstəririk. Mərkəzi Asiya, Yaxın Şərq və Afrikada aktiv inkişaf edirik, Latın Amerikasını da yeni istiqamət kimi mənimsəməyə başlamışıq. Bizim üçün əsas ölkələr deyil, şəhərlərdir. Bəzən mövcud ölkə daxilində yeni şəhərə daxil olmaq yeni bazara çıxmaqdan daha çətin olur. Çünki biz şəhər sakinlərinin gündəlik həyatını rəqəmsallaşdırırıq, onu fiziki mühitdən rəqəmsal mühitə keçiririk. Məqsədimiz həyatı daha rahat, daha etibarlı və daha əlverişli etməkdir. Biz hər gün məhz bunun üçün çalışırıq.

- Bu gün “ekosistem” anlayışını, demək olar ki, bütün texnoloji şirkətlər istifadə edir. Sizin yanaşma daha çox rəqəmsal şəhər infrastrukturu ilə bağlıdır. Bu yanaşma nə ilə fərqlənir?

- Termin böyük səslənir, amma biz bunu sadə izah edirik: biz şəhərləri rəqəmsallaşdırırıq. Bu, etdiyimiz işi çox dəqiq təsvir edir. Demək olar ki, həmişə taksi sifarişi xidməti ilə başlayırıq. Sonra buna logistika xidmətləri əlavə edirik. Bu xidmətlərə təkcə insanların daşınması yox, həm də bağlamaların daşınması və yemək çatdırılması daxildir.

Hansı şəhərdən danışdığımızdan asılı olaraq yanaşma bir qədər fərqli olur. Beləliklə, mərhələ-mərhələ insanların gündəlik həyatını asanlaşdıran xidmətlər toplusu formalaşdırırıq. Bununla yanaşı, biz yalnız istifadəçilərə yox, tərəfdaşlara da kömək edirik. Biz bazarda artıq mövcud olan şirkətlərə əsaslanaraq işləyirik. Onları əvəz etmirik. Əksinə, güclü olduğumuz sahəni - texnologiyanı əlavə edirik.

— Bəzi ölkələrdə şəhərlər çox fərqli qurulub. Belə platformalar nə dərəcədə universal ola bilər?

— Yuxarı səviyyədə hər şey universal görünür, amma praktikada hər şeyi detallar həll edir. Biz çox tez anladıq ki, hər şəhərin özünəməxsus infrastrukturu, mədəniyyəti, vərdişləri var. Əgər bunu başa düşmürsənsə, xidmət sadəcə işləməyəcək.

Bizim daxili bir prinsipimiz var: “go global”, “go local”. Reallıqda lokal yanaşma daha vacibdir.

Bəzi yerlərdə mobilliyin əsası üçtəkərli nəqliyyatdır, bəzi yerlərdə skuterlər işləyir, bəzi yerlərdə isə yox. Hətta “premium xidmət” anlayışı da hər yerdə fərqli məna daşıyır.

Belə şeyləri yalnız rəqəmlər vasitəsilə görmək mümkün deyil, onları ancaq real təcrübə və insanlarla ünsiyyət vasitəsilə anlamaq olar.

Ona görə biz vaxtımızın çoxunu “sahədə” keçiririk, yəni müxtəlif ölkələrə gedirik, öz xidmətlərimizdən istifadə edirik, o cümlədən sürücü və kuryer kimi istifadəçilərlə, tərəfdaşlarla söhbət edirik. Konkret bir şəhərin necə qurulduğunu hiss etməyin yeganə yolu budur.

Zamanla daha bir vacib şeyi anladıq: lokal komandalar bazarı “mərkəzdən” daha yaxşı bilir. Bu baxımdan biz Azərbaycanda şanslıyıq. Belə ki, bizim əvvəldən güclü lokal komandamız var. Məsələn, “Yango Azerbaijan”ın rəhbəri Müşviq bazarı dərindən anlayır və düzgün qərarların yerində qəbuluna kömək edir.

Ona görə də biz ölkələrə getdikcə daha çox məsuliyyət və sərbəstlik verir, məhsul qərarlarından biznesin inkişafınadək bütün prosesləri onlara həvalə edirik. Bizim vəzifəmiz texnologiya və platforma verməkdir, lokal komanda isə insanların həqiqətən ehtiyac duyduğu xidməti qurmalıdır.

İstifadəçilər üçün dəyər yaradırsansa, nəticədə biznes də formalaşır.

— Azərbaycan rəqəmsal iqtisadiyyatı və infrastrukturu aktiv şəkildə inkişaf etdirir. Şəhərdə texnoloji xidmətlərin inkişafı üçün ölkənin potensialını necə qiymətləndirirsiniz?

— Biz Azərbaycanda artıq bir neçə ildir fəaliyyət göstəririk və yaxşı irəliləyiş görürük. Bu, daim dəyişən və inkişaf edən bazardır. Burada biz yeni məhsulları test edirik, işə salırıq, bağlayırıq və yenidən sınamağa davam edirik.

Hazırda bir neçə gündür ki, Bakıdayam və bu dediklərim burada açıq şəkildə hiss olunur. Şəhər canlıdır, enerji çoxdur, ideyalar çoxdur, nəsə qurmaq və inkişaf etdirmək istəyən insanlar çoxdur. Bu isə yəqin ki, əsas amildir. Burada güclü sahibkarlıq mədəniyyəti formalaşıb, insanlar daim imkanlar axtarır, yenilikləri sınayır, risk etməyə və irəli getməyə hazırdırlar.

Texnoloji şirkət üçün bu, çox vacib mühitdir. Çünki məhz belə bazarlarda yeni xidmətlər daha tez yaranır və rəqəmsal həllərə tələbat formalaşır.

Bu yaxınlarda biz Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalamışıq.

Bizim üçün bu bazar yalnız texnologiyalara görə deyil, həm də bu texnologiyalardan istifadə etməyə və onları inkişaf etdirməyə hazır olan insanlara görə böyük potensiala malikdir.

— Texnoloji platformalar tez-tez yerli biznesi sıxışdırmaqda ittiham olunur. Bu tənqidə necə cavab verirsiniz?

— Deyərdim ki, bu yanaşma yanlış təsəvvürlər üzərində qurulub. Biz yerli biznesi sıxışdırmırıq, onunla birlikdə işləyirik və böyüməsinə kömək edirik.

Açığı, bu suala ən yaxşı cavabı tərəfdaşlarımız verə bilər. Amma biz bunu təxmin etməyə yox, ölçməyə çalışırıq: onların biznesinin necə dəyişdiyinə, P&L göstəricilərinə (mənfəət və zərər) baxırıq, müqayisə edirik ki, bizimlə daha çox qazanırlar, yoxsa yox. Əgər görürüksə ki, haradasa itirməyə başlayırlar, deməli, biz nəyisə düzgün etmirik və bunu yenidən qurmaq lazımdır.

Ümumilikdə bu bizim “DNT”mizin bir hissəsidir. Bəzən bu, hər şeyi özün qurmaqdan daha çətin olur, amma həqiqi lokal olmaq üçün yeganə yol budur.

Tərəfdaşlar yalnız biznes deyil, eyni zamanda bazarı anlamaq üçün əsas mənbədir.

— Fəaliyyət göstərdiyiniz bir çox bazarda artıq güclü yerli oyunçular var. Belə şəraitdə əsas rəqabət amili nə olur?

— Biz çalışırıq ki, pulla deyil, hesablamalarla rəqabət aparaq. Bizim biznesdə nəticə sonda alqoritmlərdən, detallardan və məhsulun necə qurulmasından asılı olur.

Ona görə biz texnologiyalara sərmayə qoyuruq, məsələn, öz xəritələrimiz və naviqasiya sistemimiz var. Bu, daha dəqiq alqoritmlər qurmağa və məhsulu başqa səviyyədə idarə etməyə imkan verir. Bu, çox vaxt görünməyən detallardır: marşrutun necə hesablanması, tarifin necə müəyyən edilməsi, xəritənin necə göstərilməsi. Amma məhz bu cür detallar nəticədə xidmətin keyfiyyətini müəyyən edir.

Yaxşı bir nümunə bizim “powerbank” paylaşımı biznesimizdir. Biz gördük ki, bazarda cihazlar gözlənildiyi kimi işləmir və istifadəçi zəif təcrübə əldə edir. Biz bunu yenidən qurduq və nəticədə həm tərəfdaşlar üçün iqtisadi göstəricilər yaxşılaşdı, həm də istifadəçi üçün keyfiyyət artdı.

Bu baxımdan rəqabət kimdə daha çox pul var prinsipi ilə bağlı deyil. Əsas məsələ məhsulu kimin daha yaxşı başa düşməsi və istifadəçiyə daha keyfiyyətli təcrübə təqdim etməsidir. Əgər bunu bacarırsansa, insanlar geri qayıdır və bundan sonra proses özü işləməyə başlayır.

— Bu gün süni intellekt nəqliyyat, logistika və şəhər xidmətlərinə aktiv şəkildə tətbiq olunur. Onun ən böyük təsirini harada görürsünüz?

— Süni intellekt nəticə etibarilə ətrafımızda gördüyümüz demək olar ki, hər şeyi dəyişəcək, sadəcə bu, dərhal baş verməyəcək.

Biz də bir çoxları kimi əvvəlcə daha sadə yol seçərək mövcud prosesi götürüb ona süni intellekti əlavə etməyə çalışırdıq, lakin bu yanaşma işləmirdi.

Əsl effekt prosesi sıfırdan yenidən qurduqda və onu insanla süni intellektin birlikdə işlədiyi model kimi formalaşdırdıqda yaranır, çünki bu zaman onlar bir-birini gücləndirir. Məsələn, biz Peruda sürücülərin yenidən aktivləşdirilməsi prosesini məhz bu şəkildə sıfırdan qurmuşuq və elə model yaratmışıq ki, burada həm insanlar, həm də süni intellekt agentləri birlikdə sürücülərlə işləyir, öyrənir və sistemi gücləndirir. Bu prosesi yalnız tam yenidən qurduqdan sonra nəticə əldə olunmağa başladı.

Şəhərlərdə də eyni proses baş verəcək. Əvvəlcə hamı mövcud sistemlərə sadəcə süni intellekt əlavə etməyə çalışacaq ki, bu da normal mərhələdir. Bəzi həllər davam gətirməyəcək, lakin bu, öyrənmək üçün zəruri mərhələdir. Bundan sonra isə növbəti mərhələ başlayacaq və sistemlər artıq süni intellekt nəzərə alınmaqla sıfırdan yenidən qurulacaq.

Nəticədə şəhərlər hibrid sistemlər kimi işləyəcək, texnologiyalar mürəkkəb proseslərin idarə olunmasına kömək edəcək və həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə artacaq. Amma bu, bir-iki ilin məsələsi deyil, daha çox on illik perspektivdə olacaq işlərdir.

Bu baxımdan Azərbaycan maraqlı bazardır, çünki burada mütərəqqi tənzimləyici mühit var və ümumilikdə yeni texnologiyaların tətbiqinə hazırlıq yüksəkdir. Bu, biznes üçün hər zaman prosesi asanlaşdırmasa da, şəhər mühitinin inkişafını sürətləndirir və məhz belə bazarlarda tez-tez yeni həllər ortaya çıxır.

— Bu gün şirkətlərin bir çoxu sadəcə məhsullarına süni intellekt əlavə edir. Sizcə, bunun gələcəyi varmı?

— Ümid etmək istərdim ki, bizi “Matris” ssenarisi deyil, daha pozitiv gələcək gözləyir.

Süni intellekt bütöv sahələrin inkişafını sürətləndirə bilən texnologiyadır. Məsələn, tibb və dərmanların hazırlanması sahəsində artıq əvvəllər onilliklər tələb edən proseslər bu gün illər, bəzən isə daha qısa müddətdə həyata keçirilə bilir.

Mən bu yaxınlarda molekulyar biologiya ilə məşğul olan tələbələrlə danışmışam və onlar izah edirdilər ki, süni intellektin köməyi ilə əvvəllər demək olar ki, mümkün hesab edilməyən həllərin hazırlanmasını sürətləndirmək mümkündür, məsələn, bakteriofaqlarla daha dəqiq işləmək və viruslarla mübarizə aparmaq olur.

Bu gün gördüklərimiz, yəni şəkillərin yaradılması, mətnlərin yazılması və çat-botlar, əslində yalnız ümumi imkanların kiçik bir hissəsidir. Əsas potensial daha dərində yerləşir və süni intellektin kəşfləri sürətləndirə və bütöv sahələri dəyişə bildiyi proseslərlə bağlıdır.

Ona görə mənim cavabım belədir ki, bəli, bunun gələcəyi var və bu gələcək hazırda süni intellektdən istifadə etdiyimiz formadan daha geniş və daha dərindir.

— Daha geniş baxsaq, süni intellekt şəhərlərin özünü necə dəyişə bilər?

— Süni intellekt real və rəqəmsal dünyanın daha dərin inteqrasiyasına gətirib çıxaracaq, çünki bunu etmək daha ucuz və daha sürətli olacaq.

Məsələn, mənə şəxsən çox yaxın olan layihələrdən biri təcili yardım maşınlarının tətbiqimizə inteqrasiyasıdır. İnsanlar real vaxtda onun harada olduğunu və nə qədər müddətə çatacağını görə bilir, həmçinin çağırış nöqtəsini dəqiqləşdirərək briqadanın daha tez çatmasına kömək edirlər. Bu layihə artıq Daşkənddə geniş şəkildə tətbiq olunur və yerli xidmətlərin qiymətləndirməsinə görə, prosesin daha şəffaf və daha sürətli olması hesabına həqiqətən insanların həyatını xilas etməyə kömək edir.

Vacib məqam ondan ibarətdir ki, əvvəllər belə həlləri həyata keçirmək çətin idi, çünki çoxlu inteqrasiyalar tələb olunurdu və xərclər yüksək idi. İndi isə bu imkanlar xeyli əlçatan olur.

Daha sonra növbəti mərhələ başlayacaq və bizim bu gün hələ təsəvvür edə bilmədiyimiz yeni xidmətlər ortaya çıxacaq. Bu, ilk smartfonların dövrünə bənzəyir, çünki o vaxt heç kim tətbiqlərin necə olacağını əvvəlcədən təsəvvür edə bilmirdi.

Ona görə də hazırda əsas vəzifə sınaqdan keçirmək, təcrübə aparmaq və fiziki dünya ilə rəqəmsal dünyanı birləşdirməyi öyrənməkdir. Belə təcrübələr nə qədər çox olarsa, həqiqi irəliləyiş yaradan həllər də bir o qədər tez ortaya çıxacaq.

— Həyatımızda avtomatlaşdırma və yeni texnologiyalar artdıqca təhlükəsizlik, o cümlədən kibertəhlükəsizlik məsələləri də daha çox gündəmə gəlir. Qorxmursunuz ki, məsələn, sabah robotlar hər şeyi o dərəcədə əvəz edəcək ki, onları idarə etmək çətinləşəcək?

— Qorxmaq normaldır, xüsusilə “Terminator” kimi filmlərlə böyümüsənsə. Amma praktikada vəziyyət daha mürəkkəb və eyni zamanda, daha sabitdir. Əsas məsələ texnologiyaları sadəcə inkişaf etdirmək deyil, onları insanlar üçün anlaşılan və idarəolunan etməkdir. Bu, həm interfeys, həm qarşılıqlı əlaqə, həm də etibar səviyyəsində təmin olunmalıdır. Eyni zamanda, təhlükəsizlik, nəzarət və etika kimi əsas prinsiplər də paralel şəkildə qurulmalıdır.

Bununla yanaşı, etika universal anlayış deyil, hər ölkənin, hər mədəniyyətin öz normaları var və bunları nəzərə almamaq olmaz. Ona görə burada balans vacibdir. Çünki bir tərəfdən texnologiyaların inkişaf edə bilməsi üçün bazarı başlanğıc mərhələdə artıq tənzimləmə ilə yükləmək olmaz, digər tərəfdən isə dövlətlə birlikdə qaydaları mərhələli şəkildə formalaşdırmaq lazımdır. Bu, mürəkkəb yoldur və müxtəlif nümunələr olacaq, amma biz özümüz üçün məqsəd qoymuşuq ki, bu yolu tənzimləyicilərlə birlikdə keçək və bunu diqqətli, eyni zamanda, məsuliyyətli şəkildə edək.

— “Yango Group”un yaxın illərdə inkişafını necə görürsünüz?

— Açığı, mən uzunmüddətli proqnozlar verməyi çox sevmirəm. Əgər biz üç il əvvəl görüşsəydik, bu gün etdiklərimizin yarısını belə qeyd edə bilməzdim, çünki o vaxt texnologiyalar buna hazır deyildi. Çox güman ki, bir neçə ildən sonra yenə çox şey dəyişəcək. Amma bizə gəldikdə istiqamətimiz ondan ibarətdir ki, xidmətlərimiz daxilində getdikcə daha çox proses insan və texnologiyanın birgə işlədiyi hibrid modelə keçsin. Bu, həm məhsullara, həm də şəhərlərdə işi necə qurmağımıza aiddir.

Biz artıq görürük ki, avtomatlaşdırma və süni intellekt xidmətlərin məntiqini tək-tək elementlər səviyyəsində deyil, bütöv sistem səviyyəsində dəyişməyə başlayır. Bu, insanların əvəz olunması demək deyil, ağır və təkrarlanan işlərin aradan qaldırılması, həm istifadəçilərə, həm də tərəfdaşlara daha çox imkanların yaradılması deməkdir.

Eyni zamanda, biz real mühitlə inteqrasiyanı daha da dərinləşdiririk. Bu gün ayrı-ayrı layihələr kimi görünən təşəbbüslər, məsələn, xəritələrdə svetoforların rəqəmsallaşdırılması və ya təcili yardım xidmətləri ilə inteqrasiya bizim üçün artıq sistemli işin başlanğıcıdır.

Bizim vəzifəmiz ondan ibarətdir ki, bu cür həllərin sayı dəfələrlə artsın və onlar bir-biri ilə əlaqəli şəkildə işləsin. Nəticədə xidmətlərimiz sadəcə rahat məhsullar deyil, şəhər infrastrukturunun bir hissəsinə çevrilsin və şəhərdə həyatı daha sadə və daha anlaşılan etsin. Əgər biz bu prosesdə əhəmiyyətli rol oynaya bilsək, deməli, düzgün istiqamətdə irəliləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr