AZ

Orban və Putinlə bağlı İLGİNC İDDİA

Macarıstan rəhbərinin açıqlaması ciddi müzakirələrə səbəb olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iddialara görə, Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında özünü “siçan”, Putini isə “aslan” kimi təqdim edib.

Məlumata əsasən, Orban Putinə istənilən məsələdə kömək etməyə hazır olduğunu bildirib:

“Dostluğumuz elə səviyyəyə çatıb ki, bacardığım hər sahədə sizə kömək edə bilərəm. İstənilən məsələdə xidmətinizdəyəm”.

O, bu fikrini Ezopun “Aslan və siçan” təmsili ilə izah edərək özünü kiçik, lakin faydalı tərəf kimi göstərib. Məlumata görə, bu müqayisə Putini güldürüb.

Orban həmçinin Ukraynadakı müharibənin nizamlanması üçün vasitəçilik təklif edib və Budapeştdə sammit keçirməyə hazır olduğunu bildirib. Tərəflər söhbət zamanı bir-birlərinə təşəkkür edib və ABŞ prezidenti Donald Tramp barədə müsbət fikirlər səsləndiriblər.

Qeyd olunur ki, Orban və Putin arasında münasibətlər 2009-cu ildən – Sankt-Peterburqda tanış olduqları dövrdən etibarən inkişaf edib. Putin Macarıstanın “müstəqil və çevik siyasətini” yüksək qiymətləndirib.

“Bloomberg” yazır ki, əsas müzakirə mövzusu sammit ideyası olsa da, bu təşəbbüs reallaşmayıb.

Eyni zamanda daha əvvəl yayılan araşdırmalar Macarıstan rəsmilərinin Rusiya ilə yaxın əlaqələrini gündəmə gətirib. “The Washington Post”un iddiasına görə, ölkənin xarici işlər naziri Peter Siyarto Aİ sammitləri zamanı rusiyalı həmkarı Sergey Lavrova daxili məlumatlar ötürüb.

Digər araşdırmalarda da Macarıstanın Aİ daxilində Rusiyanın maraqlarını müdafiə etdiyi, bəzi şəxslərin və şirkətlərin sanksiyalardan çıxarılması üçün çalışdığı iddia olunur.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr