Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) müavinətini kəsdiyi bir qrup şəxs qurumu məhkəməyə verməyə hazırlaşır.
Bunu “Yeni Sabah”a açıqlamasında Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sabiq əməkdaşı, müavinəti dayandırılan Roza Eyubova deyib.
O bildirib ki, müavinətin kəsilməsi qanunsuzdur. R.Eyubovanın sözlərinə görə, ilə bağlı sonuncu müraciətində AHİK-dən cavab gəlməyib:
“Mən Eyubova Roza Samur qızı ötən ilin dekabrın 1-dən Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyidəki işimdən çıxdım. Yanvarda dekabrın müavinətini aldım. Lakin fevralda artıq həmin məbləğ köçürülmədi. Mən işlədiyim sahə üzrə həmkarlarla əlaqə saxladım. Dedilər ki, bizə deyilib verməyin. Dedim həmin qərarı mənə göndərin. Heç bir cavab vermədilər. Mən fevralın 6-da həm Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Fuad Ələkbərova, həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Sahib Məmmədova məktub yazdım. 1 ay ərzində heç kimdən cavab gəlmədi. Martın 9-u bir daha yazdım. Ayın 13-ü AHİK-dən mənə cavab gəldi. Cavabda aşağıdakı cümlə yazılıb: “2010-cu il fevralın 12-də “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna 3-cü maddə əlavə edilib. Həmin maddədə orden və medalın vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olduğu qeyd olunub və digər normativ hüquqi aktlarda orden və medalların təltif növü kimi təsis olunması qadağan edilib”. Mən də yenidən yazdım ki, AHİK-in İcra Komitəsinin qərarı ilə bu müavinət bizə verilirdi. Siz mənə qərar göstərin ki, biz filan qanuna əsasən, müavinəti kəsirik. Heç bir cavab gəlmədi”.
Şikayətçi vurğulayıb ki, özü və müavinəti kəsilən digər şəxslər bununla razılaşmaq AHİK-i məhkəməyə verməyə hazırlaşır.
“Bir neçə həmkar məhkəməyə üz tutmağa hazırlaşdığımı eşidib və mənə qoşulub. Mən AHİK-in Hüquq şübəsinə zəng etdim və dedim ki, mən məhkəməyə müraciət edirəm, mənə qərarla bağlı sənəd verin. Axı hər hansı qərar müəyyən sənədə istinad etməlidir. Mənə dedilər ki, Roza xanım biz sizi tanıyırıq, amma biz sizə həmin qərarı verə bilmərik. Mən bu qərarı başqa həmkarlarımdan aldım. Orada yazılıb ki, AHİK-in İcra Komitəsinin qərarı ilə, fevralın 1-dən nəzərdə tutulan müavinət ləğv edilir. Amma şəxsən mənə yanvarın müavinəti də verilməyib”.
Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib. Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay təltif olunan şəxslərin kart hesablarına köçürülüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.
Nazim Hacıyev
Telegram kanalımız