AZ

Qəbirstanlıqlarda yer tapılmır: Öləndən sonra qəbrimiz də kirayə olacaq?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

İslam dini baxımından məzar yerlərinin müddətli saxlanılması və sonradan yenidən istifadə edilməsi məsələsi həssas mövzu hesab olunur. Ənənəvi inanclara görə məzar insanın əbədiyyətə göndərildiyi müqəddəs məkan kimi qiymətləndirilir və ölü qalıqlarının hörmətlə saxlanması vacibdir. Müddətli icarə sistemi birbaşa Qurani-Kərim və hədislərdə nəzərdə tutulmasa da, bəzi müasir fiqh alimləri bunu xüsusən torpaq məhdudiyyətləri və əhalinin sıxlığı səbəbindən səmərəli və inzibati baxımdan anlayışla qarşılayır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, o, İslam dinində qəbir yerlərinin icarəyə verilməsi ilə bağlı Qurandan və hədislərdən dəlillər oxumayıb. "Ancaq mövzunu araşdıranda maraqlı məqamlar ortaya çıxır. Çünki, indiyə qədər heç bir müsəlman ölkəsində belə hal görünməyib və bizdə də ənənəvi olaraq mövcud olmayıb. Buna görə də bu mövzu həqiqətən həssasdır, çünki burada həm insanın son mənzili, həm də cəmiyyətin reallıqları qarşılaşır. Məsələyə yalnız öz baxışımızdan deyil, həm də elmi, fiqhi və sosial tərəfdən baxmaq lazımdır. Bilirik ki, İslamda insanın vəfatından sonra onun bədəninə hörmət diri insana göstərilən hörmətin davamı kimi qəbul edilir. Qurani-Kərim bu məsələni birbaşa izah etməsə də, insanın şərəfli varlıq olduğunu bildirir. “Biz Adəm övladını şərəfli etdik” ayəsi bu hörmətin həyatla bitmədiyini göstərən əsas prinsiplərdən biri kimi qəbul olunur. Məhəmməd peyğəmbər (s.ə.s) isə buyurur ki, ölünün sümüyünü qırmaq diri insanın sümüyünü qırmaq kimidir. Bu hədis fiqh alimləri tərəfindən meyitə müdaxilənin ciddi şəkildə məhdudlaşdırılması kimi anlaşılmışdır".İlahiyyatçı bildirib ki, bu o deməkdir ki, islam dinində qəbir yerlərinin icarəyə verilməsi düzgün yanaşma deyil. "Çünki, müəyyən illər sonra icarəyə verilən qəbir yerində vəfat etmiş bir insanın yerində yeni vəfat edən şəxsi dəfn etdikdə keçmiş ölən şəxsin sümüklərinin qalıqları oradan götürülməlidir. Orada qalanda bu da adı problem olur və ölən insana qarşı hörmətsizlik sayılır. Qədim islam alimləri bu mövzuda incə fərqləndirmə aparıblar. Əbu Həmid əl-Qəzali insanın torpağa tapşırıldıqdan sonra rahat buraxılmasının əxlaqi və mənəvi tərəfini vurğulayır və qəbirin toxunulmazlığını əsas prinsip kimi təqdim edir. Yəni, hətta əsrlərlə ölmüş bir insanın qəbir yeri islam dininə görə qorunmalıdır. Bilirik ki, məsələn Məhəmməd peyğəmbərin əsrlərdir ki, qəbri Mədinədə qorunub saxlanılır və ona hörmət göstərilir. Bütün müsəlmanların qəbir yerləri də hörmətlə qorunub saxlanılmalıdır.  Digər tərəfdən, İbn Qudamə və İbn Teymiyyə kimi daha praktik yanaşma ilə tanınan alimlər bildirirlər ki, əgər zərurət yaranarsa və meyit tam çürümüş vəziyyətdədirsə, həmin yerin yenidən istifadəsi müəyyən şərtlərlə mümkündür".Onun sözlərinə görə, bəzi radikal fikirli özünü sələfiliyə nisbət edən müsəlmanlar var ki, indinin özündə belə valideynlərinin qəbrinin ziyarət edilməsinə, tez tez qəbir ziyarətinə getməyə pis baxırlar. "Amma orta mövqedə olan müsəlmanlar və doğru yolda olan sələflər bu radikal mövqeni dəstəkləmirlər. Ona görə də böyük sələf alimləri qəbir yerlərinin zəruri durumlarda dəyişdirilməsini icazəli hesab ediblər və bu yanaşma radikal deyil, əksinə fiqhin “zərurət halında bəzi qadağalar yüngülləşir” prinsipinə əsaslanır. Əslində İslam hüququnda əsas meyar budur ki, meyitə hörmətsizlik olmasın. Əgər qəbir açılarkən insan qalıqları hələ mövcuddursa, bu, uyğun sayılmır. Amma torpaqla tam qarışıb, bioloji olaraq əvvəlki forması qalmayıbsa, bir çox alimlər bunu artıq torpağın təbii dövranına qayıtma kimi qiymətləndirirlər. Bu, müasir biologiyanın da qəbul etdiyi bir həqiqətdir. İnsan bədəni torpaqda müəyyən müddətdən sonra mikroorqanizmlərin təsiri ilə parçalanır və torpağın tərkibinə qarışır. Bu baxımdan, burada artıq fərdi bədən yox, təbiətin ümumi dövranı qalır".O, bildirib ki, müasir şəhər həyatında isə bu məsələ daha çox praktik çərçivədə müzakirə olunur."Xüsusilə Avropa ölkələrində torpaq məhdudluğu, urbanizasiya və qəbiristanlıqların idarə olunması kimi problemlər bu cür sistemlərin yaranmasına səbəb olub. İsveçrə kimi ölkələrdə məzarın müəyyən müddətə verilməsi və sonradan yenidən istifadəsi bu sosial reallığın nəticəsidir. Müasir islam hüquqşünasları da bu məsələyə qəti qadağa kimi yox, şərtli icazə kimi yanaşırlar. Yəni əgər meyit tam çürüyübsə, qalıqlar hörmətlə başqa yerə köçürülürsə və ya artıq fiziki olaraq mövcud deyilsə, bu zaman həmin yerin istifadəsi mümkündür.Burada əsas məsələ niyyət və münasibətdir. Əgər yanaşma sırf iqtisadi rahatlıq və ya laqeydlik üzərində qurulursa, bu, İslamın ruhuna uyğun deyil. Amma məcburiyyət, yer darlığı və ictimai ehtiyac çərçivəsində, eyni zamanda hörmət prinsipi qorunmaqla edilirsə, bu, fiqhi baxımdan qəbul edilə bilən yanaşma sayılır. İslam dininə görə qəbirin əbədi olaraq toxunulmaz qalması əsas məsələ kimi təqdim olunur, lakin həyatın reallıqları qarşısında müəyyən şərtlərlə yumşaq  yanaşmaya da imkan verir. Burada əsas prinsip dəyişmir: insan öldükdən sonra da hörmətini itirmir. Bu prinsip qorunduğu müddətdə müxtəlif tətbiqlər fiqh çərçivəsində dəyərləndirilə bilər".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
demokrat.az

1Mənbələr