AZ

Münasibətlərdə yeni strateji mərhələ: “Xalqlarımız və dövlətlərimiz...”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.

Səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

Həmçinin, İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir. 

“Gürcüstanın əldə etdiyi uğurlar münasibəti ilə sizi təbrik etmək istəyirəm. Gürcüstanda əlverişli sərmayə mühiti var. Bunun təminatı gürcü xalqı və sizin apardığınız siyasətdir. İnanırıq ki, iki ölkənin əlaqələri bundan sonra da inkişaf edəcək”, – dövlət başçısı vurğulayıb.

Gürcüstan Baş naziri İrakli Kobaxidze isə qeyd edib ki, Azərbaycan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyib. 

Bildirib ki, bu kontekstdə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyirik və öz töhfəmizi verməyə hazırıq.

“Cebheinfo.az”-a açıqlamasında deputat Elman Nəsirli bildirib ki, bu səfər Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafında yeni bir mərhələ açacaq. 

O qeyd edib ki, çünki müzakirə olunan məsələlər və strateji əhəmiyyət kəsb edən mövzularda hər iki dövlətin mövqelərinin üst-üstə düşməsi, hər iki dövlətin strateji tərəfdaş olması bu qənaətə gəlməyə ciddi əsaslar verir:

“Nəzərə alsaq ki, hər iki dövlət müxtəlif sahələrdə - siyasi dialoq, ticarət və iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat, beynəlxalq məsələlər və ərazi bütövlüyü, suverenlik kimi fundamental məsələlərdə - tam ortaq mövqeyə malikdir.

Xüsusilə ticarət və iqtisadi əməkdaşlıq sahəsində inkişaf tempinə malikdir. Keçən il iki dövlət arasında ticarət dövriyyəsi 800 milyon dollara çatıb və onun 1 milyard dollara yüksəldilməsi əsas hədəflərdən biridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə mətbuata verdiyi bəyanatda bir daha bu məsələyə toxundu və qeyd etdi ki, Azərbaycanın ən böyük investisiya qoyduğu ölkə Türkiyədir, Türkiyədən sonra isə ikinci yerdə Gürcüstan dayanır.

Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi 3,7 milyard dollara çatıb. Yəni rəqəmlər özü danışır, rəqəmlər özü-özlüyündə münasibətlərimizin yüksək səviyyədə olduğunu göstərir”.

Deputatın sözlərinə görə, həm Azərbaycan Prezidenti, həm də Gürcüstan Baş naziri bir daha qeyd etdilər ki, ölkələr bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı məsələlərində eyni mövqeyə malikdirlər:

“Eyni zamanda, regional təhlükəsizlik məsələlərində də oxşar yanaşmaya sahibdirlər. Cənab Prezident xüsusilə vurğuladı ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlər sayəsində strateji neft və qaz kəmərləri - “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstan ərazisindən keçmişdir.

Bu gün bu əməkdaşlıq yalnız ənənəvi enerji təhlükəsizliyi ilə məhdudlaşmır, həm də yaşıl enerji sahəsində böyük imkan və potensial yaradır. Yeni reallıqlar fonunda Orta Dəhlizin yaratdığı fürsətlərdən Azərbaycan və Gürcüstan da uğurla istifadə edir.

Hər iki dövlət rəhbəri əlavə etdilər ki, onlar həmçinin üçüncü ölkələrə birgə sərmayə qoymağı hədəfləyirlər. Bu da ikitərəfli münasibətlərimizin yüksək səviyyəyə çatdığını bir daha təsdiqləyir”.

Elman Nəsirli əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri, Azərbaycan-Gürcüstan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar pəncərəsi açacaqdır:

“Bütövlükdə bu səfər bir daha bu reallığı nümayiş etdirdi ki, Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər, mehriban qonşular olaraq, tarixi ənənəyə söykənən münasibətlərini bundan sonra da inkişaf etdirmək niyyətindədirlər. Bunun üçün böyük potensial mövcuddur. Xalqlarımız və dövlətlərimiz dostluq və strateji hədəflər bizi birləşdirir. Əlaqələrimizin inkişafı həm də qarşılıqlı asılılıq yaradıb ki, bu sayədə hər iki dövlət sürətlə öz hədəflərinə həyata keçirir və geniş imkanlar, perspektivlər açılır”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
cebheinfo.az

2Mənbələr