AZ

“Amerikanı daha çox İranın nefti yox, litium yataqları maraqlandırır...”-MÜSAHİBƏ

“Amerikanın iqtisadiyyat məsələləri ilə məşğul olan analitikləri qeyd edirlər ki, İranda yenicə kəşf edilmiş  litium yataqlarının bir illik istifadə gəliri Səudiyyə Ərəbistanının neftdən 30 ildə əldə etdiyi gəlirə bərabərdir...”
 
“Dünyada baş verən son hadisələri həmçinin İran müharibəsini hansısa Epşteyn məsələsi ilə bağlamaq və “Trampın ipləri Netanyahunun əlindədir” demək - bazar söhbətidir... Hər şey  əksinədir...”
 
“İsrail təcavüzkar siyasətindən əl çəkməsə, dağılacaq, elə həmin Amerikanın əliylə...”
 
Siyasi analitik, Geostrateji Tədqiqatlar Mərkəzinin rəhbəri Tahir Cəfərli ilə Moderator.az üçün bu dəfəki geniş söhbətimizdə əsasən ABŞ-ın İrana qarşı apardığı savaşdakı iqtisadi maraqlarından danışdıq.
 
-Tahir müəllim, Amerika Birləşmiş Ştatları kimi bir fövqəl dövləti hansı amillər məcbur edir ki, 93 milyonluq əhalisi, 1,65 milyon kvadrat kilometrlik nəhəng əraziyə malik bir ölkəyə İsraillə birgə təcavüz etsin?
 
-Hesab edirəm ki, ABŞ-ın İsraillə birgə İrana təcavüzünün arxasında hansı iqtisadi maraqların durduğunu bilməsək, baş verən müharibənin arxasında nələr durduğunu bilə bilmərik. Təəssüf ki, bu prosesləri təhlil edən bir sıra şərhçilər Amerika rəhbərinin bəhanələrini o qədər şişirdirlər ki, insanlar həqiqətən nə baş verdiyini anlaya bilmirlər. 
 
ABŞ-ın İrana təcavüzünü bu ölkənin guya nüvə bombası hazırladığını və dünyanı nüvə təhlükəsi qarşısında qoyduğu ilə əlaqələndirən Donald Tramp çox yaxşı bilir ki, bu, belə deyil.  Buna rəğmən MAQATE İranda atom enerjisinin  atom bombası ilə heç bir əlaqəsinin olmadığını təsdiqləsə də, ABŞ dediyindən dönməyib.  Aydındır ki, Tramp bunu  bəhanə edib, İranı işğal etmək istəyir. Birləşmiş Ştatların aqressiv siyasətinin mahiyyəti elə bundadır...
 
Bununla belə, Amerikanın bu müharibəsinin arxasında hansı iqtisadi maraqlarının durduğunu bilməsək, heç vaxt nə baş verdiyini anlamarıq. ABŞ böyük və ən qüdrətli ölkələrdən biridir. Və bu ölkənin iqtisadiyyatı dünyanı onun diktəsi ilə yaşamağa vadar edir. Bu diktədən çıxan ölkələr Amerikanın ciddi təzyiqinə məruz qalır. İndiki nyuproteksionizm isə dünyanı yenidən Birləşmiş Ştatlardan tam asılı vəziyyətə salmaq üçün ortaya atılmış yeni geo-siyasi mexanizmdir. Bu, ABŞ-ın qüdrətli və fövqəldövlət kimi qalması üçün dünyaya qarşı yönəldilmiş yeni siyasi-iqtisadi reallıqdır...
 
-Belə çıxır ki, ABŞ-ı bu və ya digər ölkələrə qarşı təcavüzə onun iqtisadi maraqları vadar edir. Bəs İsrailin təcavüzkar siyasəti hansı bəhanələrə əsaslanır?
 
- Bilirsiz, İsrail sadəcə ABŞ-ın istəklərini həyata keçirmək üçün bir alətdir və ABŞ prezidenti onunla istədiyi kimi rəftar edir. Əgər düşünürsünüzsə ki, ABŞ İsrailin təxribatına gedərək İranla müharibə edir- yanılırsınız, çünki heç vaxt fövqəldövlət satellitinin qurduğu oyuna getməz, əksinə, ondan öz məqsədləri üçün istifadə edər. İndi də belədir... 
 
-Amma bəziləri yazırlar ki, ABŞ İsrailin təxribatına gedərək İrana qarşı müharibə aparır...
 
-Buna inanmaq axmaqlıqdır, çünki o halda belə çıxır ki, İsrailin Netanyahusu Trampın ağasıdır. Kimin- kimin Trampın?..  Nə qədər sadəlövh olmaq lazımdır ki, bu cür  nağıllara inanasan. Əfsuslar olsun ki, Azərbaycanda siyasi jurnalistika Qərbin yaydığı əsassız iddiaları  əsas götürərək sözün həqiqi mənasında haqqı-ədaləti unudur, təcavüzkar ölkəni müdafiə edir. Həqiqət isə başqadır. İmperialist  və təcavüzkar ölkənin  ancaq bir məqsədi var, işğal etmək istədiyi ölkənin resurslarını ələ keçirmək və onu öz koloniyasına, müstəmləkəsinə çevirmək. Və Bir çox siyasi şərhçilər bu günə qədər düzgün təhlil verə bilmirlər ki, Trampın Qrenlandiya, Kanada, Venesuella, İranla bağlı iddialarının arxasında  hansı məqsədlər durur. Dərinə getsək, başqa həqiqətlər var. Bu həqiqətləri ABŞ iqtisadiyyatı diktə edir və onun özünü qorumaq mexanizmini  işə salır...
 
Bizim “Geo-siyasi tədqiqatlar mərkəzi” bu proseslərə iqtisadi mövqedən yanaşır və bunun arxasında nələr durduğunu oxucularına göstərmək istəyir, çünki  həqiqətin nə olduğunu bilməyənlər həmişə ədalətsiz  fərdlərə çevrilir və düzgün qərar çıxara bilmirlər.  İrana qarşı yaranmış stereotipləri dağıtmaq lazımdır, çünki baş vermiş müharibənin başlanmasında İranın heç bir rolu yoxdur. Sadəcə olaraq İranda ABŞ-ın iqtisadi maraqları toqquşur, daha doğrusu, geo-siyasi durum Bjezinskinin əvvəlcədən dahiyanə şəkildə dediyi həddə çatmışdır. Bunun arxasında ABŞ-ın  mövcud olduğu indiki və gələcək iqtisadi maraqların toqquşması durur və həmin maraqların İranın nüvə bombası hazırlaması ilə heç bir əlaqəsi yoxdur...
 
On illərlə ABŞ-ın xarici siyasətini  müəyyən edən və planlaşdıran Bjezinski dahiyanə şəkildə yazırdı ki, 21-ci əsrin 20-30-cu illərinə qədər İranla münasibətləri ötən əsrin 60-ci illər çərçivəsinə  gətirib çıxarmasa, Birləşmiş Ştatlar dağılacaq... İndi bu dahi siyasətçinin “Böyük şahmat lövhəsi ” əsərində dedikləri baş verir. Düzdür, bu sözləri ruslar Jirinovskinin adına yazırlar, əlbəttə ki, onun dedikləri elə bu kitabdandır...
 
-Bu halda yenə də belə bir sual ortaya çıxır: Nə baş verir? ABŞ hansı bu qədər önəmli iqtisadi maraqlarını təmin etmək üçün dünya iqtisadiyyatını diz üstə qoyan addımlara əl atır və bu gedişlə son məqsədlərinə çatacaqmı?
 
-Bir çox analitiklər elə düşünürlər  ki, Trampın hərəkətlərinin arxasında onun cılğın, impulsiv xarakteri, bir biznes adamı kimi hər şeyi pulla, sövdələşmə ilə əldə edə bilmək vərdişi və yaxud təzyiq etmək, güc göstərmək istədiyinə nail olmaq xisləti durur. Əslində isə belə deyil. ABŞ Prezidenti icraçıdır və bu ölkənin  geo-siyasi məqsədlərini həyata keçirir. ABŞ-ın “dərin dövləti”, onun xüsusi orqanları onun və komandasının qarşısına qoyulan  planları və lahiyələri həyata keçirmək tapşırığı qoyur...
 
Belə nəticəyə gəlirəm ki, dünyada baş verən son hadisələri həmçinin İran müharibəsini hansısa Epşteyn məsələsi ilə bağlamaq və “Trampın ipləri Netanyahunun əlindədir” demək - bazar söhbətidir... Hər şey  əksinədir. Əksinə, Netanyahu və onun ordusu Trampın əlində oyuncaqdır...
 
Biz bilməliyik ki,Yaxın Şərqdə hansı geo-siyasi məsələlər həll olunur və İranla müharibənin məqsədi hansı  iqtisadi məsələləri həll etmək məqsədi  güdür.
Birincisi, məqsəd dolların prestijini aşağı salan amilləri yox etmək, bu valyutadan uzaqlaşmaq istəyən ölkələri dollar dövriyyəsinə qaytarmaqdır...
Gəlin dolların indiki vəziyyətinə baxaq. “SWIFT” -ın  (Maliyyə məlumatları üçün açıq qlobal standart. Hər növ maliyyə biznesi üçün istifadə edilə bilən ardıcıl, zəngin və strukturlaşdırılmış məlumatlar təqdim edir)  2023-2025-ci illər üzrə məlumatlarına görə, beynəlxalq ödəmələrdə dolların pay 46-50% olub, valyuta əməliyyatlarında bu göstərici 88%-ə qədərdir...
 
Bizə bu statistika sadə görünsə də, əslində başqa illərə nisbətən dünyanın dollar ödənişlərindən uzaqlaşdığını görürük. Səbəb yeni  yaradılan “BRİKS”, Şanxay və s. təşkilatların güclənməsi və onların öz valyutaları ilə alış-veriş etmək istəkləridir. 2022 –ci ildən əvvəlki dollar göstəricilərinə baxsaq, görərik ki, əməliyyat göstəriciləri 96%-dən 88%-ə düşüb. Ukrayna müharibəsinin qızışdırılması, daha doğrusu, genişləndirilməsi də, elə bununla bağlıdır. Müharibə Avropa İttifaqını vadar etdi ki, dollarla ABŞ-dan yüksək hərbi sursat alsınlar.
 
Trampın nyuproteksionist siyasətinin  mahiyyəti elə dolların keçmiş göztəricilərini geri qaytarmaqdır. Siz düşünürsünüz ki, bu saat  İranla müharibənin  dayandırılması ilə bağlı aparılan danışıqlar Hörmüz boğazının açılması və yaxud İranın nüvə bombasının hazırlanması ilə bağlıdır.?
Dərinə getsək, görərik ki, Hörmüz boğzı faktiki olaraq açıqdır, İranda isə nüvə bombasının hazılanmaması haqqında MAQATE -nin ciddi rəyləri var.
İran Hörmüz  körfəzindən neft daşıyan ölkələrdən (İsrail və ABŞ-dan başqa)  öz valyutaları vasitələri ilə ticarət əməliyyatlarının edilməsini tələb edir və get-gedə buna nail olmaqdadır...
 
Nəzərə alsaq ki, Hörmüz körfəzindən keçən neft dünya payının 25 faizini təşkil edir və belə olduğu halda ABŞ dolları dövriyyədən çıxarılır, Amerikanın İsrailin  əliylə İrana müharibə elan etməsinin səbəbinin nə olduğunu görərik. Söhbət ABŞ dolarının dünya valyuta sistemində  zəifləməsindən gedir...
 
Bəs hansı ölkənin  bunda marağı var? - sualını versək, görərik ki, BRİKS ölkələri,milk növbədə Çin, Rusiya, Hindistan, Pakistan, İran Cənubu Afrika, Braziliya və s.  Hətta Aİ və Böyük Britaniyanı da bu siyahıya salmaq olar. 
İranda  ABŞ-ın fövqəldövlət statusu həll olunur. ABŞ-ın  statusu isə hər şeydən əvvəl onun iqtisadiyyatının  yüksəldilməsi və nəyin bahasına olursa-olsun Hörmüz körfəzində dolların dövriyyəsinin saxlanılması məsələsi durur. Çünki İranın Hörmüz körfəzində həyata keçirdiyi dollardan uzaqlaşmaq siyasəti ABŞ-n maliyyəyə sisteminə ciddi zərbələr vurur...
 
Odur ki, İrana təklif olunacaq sülh şərtlərindən biri çox güman ki, “Körfəzdə əməliyyatların ancaq dollarla həyata keçirilməsi” tələbi olacaq. Atom bombası, insan hüquqları və s. iddialar isə Tramp üçün boş şeydir...
 
-Bəs ABŞ-ın İran savaşının digər səbəbi nədir?
 
-Amerikanın İranla apardığı müharibənin ikinci səbəbini biz fövqəldövlətin İranı ötən əsrin 60-cı illər  çərçivəsinə qaytarmaq siyasətində axtarmalıyıq. ABŞ-ın bunu etməsinin də gizli səbəbləri var: nadir torpaq metalları... ABŞ-ın iqtisadiyyat məsələləri ilə məşğul olan analitikləri qeyd edirlər ki, İranda yenicə kəşf edilmiş  litium yataqlarının bir illik istifadə gəliri Səudiyyə Ərəbistanının neftdən 30 ildə əldə etdiyi gəlirə bərabərdir. Digər tərəfdən, litium yataqlarını əlində saxlayacaq dövlət dünya iqtisadiyyatını diktə edəcək bir dövlətə çevriləcək... Bir sözlə, ABŞ-ı, Trampı İranın nefti yox, litium yataqları maraqlandırır...
 
Bildiyimiz kimi, dünyanın “yaşıl” sənayesinin, həmçinin mobil telefon, elektrik avtomobillərinin batareyalarını, kosmik və internet texnologiyasının əsasını nadir torpaq metalları, həmçinin litium təşkil edir. Sadə dildə desək, dünya iqtisadiyyatının taleyi bu metalları nəzarət edən ölkənin əlində olmalıdır.
ABŞ analitikləri planetdə iqtisadi resursların tükəndiyindən yazırlar və bu həqiqətən belədir. Dünya iqtisadiyyatının hansı resurslarla işləyəcəyi məsələləri də aktualdır. Hətta  ABŞ-ın Aya kosmik ekipaj göndərməsini və  yenidən oranı fəth etmək cəhdlərinin səbəbini orada olan nadir metallardan gələcəkdə istifadə edəcəyi ilə əlaqələndirirlər... Amerikanın İranla müharibəsinin əsas səbəbləri elə bunlardır və ABŞ İranı ipə- sapa yatırtmasa, Yaxın Şərqdə müharibə davam edəcək...   
 
İran öz təbii sərvətləri ilə məşhur bir ölkədir. Onun sərvətləri  şahın vaxtında ABŞ konsernləri tərəfindən idarə olunurdu. Yadınıza ABŞ-ın İrana qaytarmadığı 56 milyard dolları salın. İndi onun dəyəri 600 milyarddan çoxdur. ABŞ bu pulları da İrana qaytarmağa razılaşacaq, təki İran onunla ciddi iqtisadi əməkdaşlılığa razılıq versin...
 
O ki qaldı İsrailə, İran-ABŞ yanaşması  onun “ABŞ-ın vuran əli” statusunu yerə vuracaq və ancaq quruculuqla məşğul olmasına şərait yaradacaq. Bizim mərkəzin gəldiyi nəticəyə görə İsrail təcavüzkar siyasətindən əl çəkməsə, dağılacaq, elə həmin Amerikanın əliylə... 
 
Seçilən
19
1
moderator.az

2Mənbələr