İçəri girər-girməz isti kofenin ətiri insanın burnuna dolur. Boş masalardan birinə əyləşirəm, ətrafa göz gəzdirirəm. Hər kəs məşğuldur: kimisi kofe hazırlayır, kimisi şirniyyatları soyuducuya yerləşdirir, kimisi masaları silir, kimisi isə pianoda o qədər gözəl ifa edir ki, ruhunu alıb aparır. Bir anlıq dünyanın bütün qayğısından uzaqlaşırsan… Qəfil bir səs səni bu dünyaya qaytarır: “Xanım, çay, yoxsa kofe?”
Sifariş verdikdən sonra divarda asılmış rəsmlərə baxıram. Onların üzərində yazılanlar diqqət çəkir:
“Autizmli gənclərin məşğulluğu”.
Bəli, söhbət Bakıda 2024-cü ildə fəaliyyətə başlayan, əlilliyi olan şəxslərin də çalışdığı ilk inklüziv kafedən – “Kashalata”dan gedir.
“Trendyol”un təşkil etdiyi mediatur çərçivəsində bu inklüziv məkanla daha yaxından tanış olmaq və gənclərin fəaliyyətini izləmək fürsəti əldə etdik.
Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə hazırda 20 gəncin məşğulluğu təmin olunub, onlardan 10-u autizmli gənclərdir. Kafe “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilib və məqsəd əlilliyi olan gənclərin inklüziv mühitdə işləməsinə dəstək olmaq, cəmiyyətə inteqrasiyasını təşviq etməkdir.
Birliyin təsisçisi və direktoru Aytən Eynalova kafeyə gələn yolu bizimlə bölüşür:
“Bu sahədə fəaliyyətimin şəxsi səbəbi var. Mən autizmli 22 yaşlı oğlumun anasıyam. Bu gün o da burada, “Kashalata” kafedə aşpaz köməkçisi kimi işləyir və bununla qürur duyuram. Övladıma autizm diaqnozu qoyulanda çox az məlumatlı idim, amma onunla birlikdə öyrəndim, bu sahəni araşdırdım və həyatımın istiqamətini dəyişməyə qərar verdim. Artıq autizmli şəxslərə və onların ailələrinə daha keyfiyyətli dəstək verməyə çalışırıq”.
Kafe 2017-ci ildən pilot layihə olaraq fəaliyyətə başlayıb. Sonra inkişaf etdirilərək cəmiyyətə inklüziv məşğulluq modeli kimi təqdim olunub. Hazırda kafedə 10–12 nəfər neyromüxtəlif gənc çalışır. Onlar tipik inkişaf göstərən əməkdaşlarla birlikdə işləyir, bir-birinə dəstək olur və inklüziv iş mühiti formalaşdırırlar.
“Bizim üçün layihənin davamlılığı çox önəmlidir. Əsas məqsəd həmin insanların uzunmüddətli şəkildə cəmiyyətə inteqrasiyasını təmin etməkdir,” – deyir Aytən xanım.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin 2024-cü il statistikası göstərir ki, dünyada hər 31 uşaqdan biri autizm spektrində doğulur. Erkən və düzgün müdaxilə olunduqda autizmli şəxslərin təxminən 40 faizi cəmiyyətə uğurla inteqrasiya edə bilir, təhsil alır, hətta universitetə gedə bilir. “Kashalata”da bu gənclərin bir hissəsi də bunun canlı nümunəsidir.
Burada gənclər müxtəlif vəzifələrdə çalışırlar – barista köməkçiləri, ofisiantlar, aşpaz köməkçiləri. Onlar qonaqları qarşılayır, sifarişləri təqdim edir, mətbəxdə yeməklərin hazırlanmasına qatılırlar. Hətta mən də onlardan biri ilə kofe hazırladım. Sürətlə işləyən və texnikanı artıq mənimsəmiş gənc məni bir fincan kofeyə dəvət etdi.
Onların hər biri fərqli və maraqlı xarakterə malikdir. Kimisi gülərək qonaqları salamlayır, kimisi piano arxasına keçir və o qədər çətin musiqiləri ifa edir ki, insan heyran qalır. Aytən xanım bunu da açıqladı:
“Onları musiqi müəllimləri öyrədib. Əksəriyyəti sonradan pianoda ifa etməyi öyrənib”.

“Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar rəhbəri Süheylə Cəfərova bildirir:
“İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol”un sosial təsir hədəflərinə daxildir. Artıq ikinci ildir ki, “PAŞA Holding” ilə birlikdə Bakının ilk və yeganə inklüziv kafesi olan “Kashalata” kafesinin fəaliyyətinə töhfə veririk. Məqsədimiz cəmiyyətə fayda vermək və layihələrin davamlı olmasını təmin etməkdir. Bu layihə gənclərin iqtisadi müstəqilliyini dəstəkləyir. “Trendyol” “Kashalata”ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir”.
Autizm fərqli düşünmə və qavrama formasıdır. Doğru dəstək və inklüziv mühit olduqda autizmli insanlar təhsil ala, işləyə və cəmiyyətin fəal üzvü ola bilirlər. “Kashalata” layihəsi də məhz buna xidmət edir – insanlara imkan yaratmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etmək.

Şahanə Rəhimli
Musavat.com