AZ

Uğurlu vasitəçilik Pakistanın qlobal siyasətdə rolunu gücləndirə bilər




“Pakistanın vasitəçiliyi ilə Amerika və İran arasında gedən savaşda müvəqqəti də olsa atəşkəsin əldə edilməsi İslamabadın həm Qərb, həm də İslam aləmində mövqelərini gücləndirmiş olacaq. Bu Pakistana beynəlxalq aləmdə əlavə dividentlər gətirəcək”

Bunu Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Pakistan uzun illərdir mürəkkəb beynəlxalq münasibətlər şəbəkəsində balans siyasəti aparmağa çalışır:

“Bir tərəfdən ABŞ-la təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq edib, digər tərəfdən isə İranla coğrafi yaxınlıq və enerji maraqları səbəbilə əlaqələrini qoruyub saxlayıb. Bu ikili münasibət modeli Pakistana müəyyən hallarda “körpü” rolunu oynamaq imkanı verir. Xüsusilə Yaxın Şərqdə gərginlik artdıqca, belə ölkələrin vasitəçilik təşəbbüsləri daha çox ön plana çıxır”.

Arzuman Muradlı deyib ki, İslamabad vasitəçilik missiyasını irəli sürməklə beynəlxalq sülhə və təhlükəsizliyə dəstək verməklə yanaşı, öz çıxarlarını da düşünüb:

“Pakistanın vasitəçilik təşəbbüsünün arxasında bir neçə strateji səbəb də yox deyil. Təbii ki, ilk növbədə regional sabitlik gəlir. Eyni zamanda İranla sərhəd qonşuluğu və İslam Respublikasında yaranan gərginlik Pakistanın təhlükəsizliyini birbaşa təhdid edir. Paralel olaraq hərbi qarşıdurma hər bir ölkə kimi Pakistan iqtisadiyyatına, onun enerji resursları ilə təminatına ciddi problem yaradır. Bütün bunları nəzərə alaraq İslamabad Amerika və İran arasında vasitəçilik edərək müvəqqəti atəşkəsə nail oldu”.

Poltoloq onu da qeyd edib ki, uğurlu vasitəçilik Pakistanın qlobal siyasətdə rolunu gücləndirə bilər:

“Göründüyü kimi Pakistan kimi ölkələr getdikcə daha fəal diplomatik rol oynamağa çalışır və bu cür təşəbbüslər gələcəkdə real nəticələrə gətirib çıxara bilər. Eyni zamanda Pakistanın bu addımı və onun doğuracağı müsbət nəticələr İslamabadın Dehli və Kabulla olan problemlərində ona olan beynəlxalq dəstəyin artmasını şərtləndirər”.

Süleyman
Seçilən
22
1
newscenter.az

2Mənbələr