AZ

Atəşkəsdən sonra İsrail QARIŞDI

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı müvəqqəti atəşkəsə razılıq verməsi İsrail müxalifətinin hökumətə qarşı sərt tənqidlərinə səbəb olub.

İsraildəki müxalifət partiyalarının liderləri İranla müvəqqəti atəşkəs xəbərinə sərt reaksiya veriblər. Onlar bunu Baş nazir Benyamin Netanyahunun siyasi və strateji cəhətdən uğursuz olması ilə eyniləşdiriblər.

“Cebheinfo.az” xəbər verir ki, müxalif liderlər “Tariximizdə heç vaxt bu qədər böyük siyasi fəlakət olmayıb",- deyiblər.

İsrailin keçmiş Baş naziri və əsas müxalifət partiyası "Gələcək Var"ın lideri Yair Lapid “X”  şirkətinin sosial media platformasında verdiyi açıqlamada bildirib: 

"Tariximizdə heç vaxt bu qədər böyük siyasi fəlakət olmayıb. Milli təhlükəsizliyimizin təməli, müvəqqəti atəşkəslə bağlı qərarlar qəbul edilərkən İsrail hətta masada da deyildi".

Lapid İranla müvəqqəti atəşkəs razılaşması əldə edildikdə İsrailin danışıqlar masasında belə olmamasına reaksiya verib: 

"Netanyahu siyasi və strateji cəhətdən uğursuz oldu. O, özünün qoyduğu məqsədlərdən birinə belə nail ola bilmədi. Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmanın olmaması səbəbindən vurduğu siyasi və strateji ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq".

“Evimiz İsrail” Partiyasının lideri Aviqdor Liberman isə verdiyi açıqlamada müvəqqəti atəşkəs qərarına belə reaksiya verib:

"İranla atəşkəs Ayətullah rejiminə nəfəs almaq və yenidən təşkilatlanmaq üçün fürsət verir. İsraili məhv etmək, uran zənginləşdirməsini dayandırmaq, ballistik raket istehsalına son qoymaq və bölgədəki terror təşkilatlarına dəstəyi kəsmək məqsədindən imtina etməyi özündə ehtiva etməyən hər hansı bir razılaşma gələcəkdə daha çətin şərtlər altında və daha ağır qiymətə yeni bir münaqişəyə qayıtmağa məcbur olacağımız deməkdir".

Demokratlar Partiyasının lideri Yair Golan da etirazçılar arasındadır: 

"Netanyahu yalan danışdı, nəsillər boyu tarixi qələbə və təhlükəsizlik vəd etdi, amma praktikada İsrail tarixindəki ən ağır strateji uğursuzluqlardan birini etdi".

Golan bildirib ki, bu proses zamanı mülki əhali arasında itkilər olub: 

“Qəhrəman əsgərlər həlak olub və bütün ölkə sığınacaqlara məhkum edilib. İsrail ordusu öz vəzifəsini üstün güclə yerinə yetirib və əhəmiyyətli uğurlar qazansa da, Netanyahu hökuməti bir daha bu qazancları əsl qələbəyə çevirə bilməyib. 

Bu gün İran həm zənginləşdirilmiş uran ehtiyatına malikdir, həm də Hörmüz boğazı üzərində nəzarəti ilə bağlı şərtləri diktə etmək mövqeyindədir. İsrail, Qəzzada olduğu kimi, İsrail bir daha qərar qəbuletmə masasından kənarda qalıb və zərərsizləşdirilib. Nəticədə mənzərə eynidir. 

Hərbi uğurları siyasi təhlükəsizliyə çevirə bilməyən uğursuz, ekstremist və təhlükəli bir hökumət üzündən ordu qalib gəlir, İsrail isə uduzur. Nəticə etibarilə, bu vəziyyət tarixi bir qələbə deyil, İsrailin təhlükəsizliyini illərdir təhlükə altına qoyan mütləq bir uğursuzluqdur".

Xatırladaq ki, bu gün səhər ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı müvəqqəti atəşkəsə razılaşdığını açıqlayıb.

Seçilən
19
cebheinfo.az

1Mənbələr