AZ

Azərbaycan əfsanələrində möcüzə anlayışı Folklor İnstitutunda elmi seminar

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

AMEA -nın Folklor İnstitutunda Folklorun toplanması və sistemləşdirilməsi və Türk xalqları folkloru şöbələrinin birgə elmi seminarı təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda böyük elmi işçi Zəfər Fərhadovun “Azərbaycan əfsanələrində möcüzə anlayışı” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, möcüzə əfsanə mətninin poetik sistemini müəyyən edən, məkanı sakrallaşdırmaqla onun inanc mətni kimi qavranılmasına səbəb olan əsas elementlərdən biridir. Ona görə əksər tədqiqatçılar möcüzəyə forma yaradan element kimi baxıb, onu əfsanələrin fərqləndirici əlaməti sayıblar.

Qurani-Kərimdə möcüzə anlamına gələn hadisələrdən bəhs olunsa da, bir termin olaraq möcüzə kəlməsi işlədilmir, onun yerinə “ayə” (işarə, dəlil) sözündən istifadə olunur. Bu termin İslamın erkən dövrlərində, xüsusilə kəlam elminin formalaşması ilə paralel meydana çıxıb.

Məruzədə möcüzə ilə magiyanının fərqindən də bəhs olunub. Qeyd olunub ki, möcüzənin təbiətində qeyri-adilik olsa da, hər qeyri-adilik möcüzə deyil. Əfsanələrdə yalnız ilahi mənşəli qeyri-adiliklər möcüzə hesab olunur, magik yolla göstərilən qeyri-adiliklər isə sehr, cadu adlanır. Möcüzə, irrasional dünyanın əlamətidir, ilahi iradənin birbaşa və ya dolayı şəkildə təcəllası nəticəsində ortaya çıxır. Birbaşa təcəllada arada vasitəçi olmur, amma dolayı təcəllada ilahi iradə peyğəmbərlər, İslam müqəddəsləri vasitəsilə ortaya çıxır.

Daha sonra məruzəçi xalq arasındakı möcüzə anlayışı ilə rəsmi dinin təbliğ etdiyi möcüzənin fərqindən bəhs edib. O bildirib ki, şifahi ənənədə möcüzə sərt teoloji çərçivəyə salınmır, şifahi ənənənin qanunlarına uyğun formalaşır, variantlaşır, təkrarlana bilir. Fövqəltəbii hadisələrlə bərabər gündəlik həyatda qarşılaşdığımız ölüm, xəstəlik, yağış, tufan, zəlzələ də möcüzə kimi təqdim oluna bilir. Dini məxəzlərdə peyğəmbərlərə şamil edilən möcüzələr isə ciddi teoloji çərçivəyə salınıb və müəyyən qayda-qanunlarla tənzimlənib.

Məruzədə, həmçinin möcüzə və kəramət münasibətlərinə də toxunulub. Zəfər Fərhadov qeyd edib ki, möcüzə və kəramət fərqliliyi ənənədən gəlmir, kəlam ədəbiyyatının təsiri ilə peyğəmbərlik doktrinasını qorumaq, normativ sərhədlər çəkmək və teoloji ardıcıllıq yaratmaq məqsədilə sonrakı dövrdə ortaya atılıb. Kəramət ifadəsinə ancaq təhsilli, dini savadı olan mollaların, din xadimlərinin nitqində rast gəlinir, xalq arasında belə bir ayrı-seçkilik yoxdur. Xalqda ilahi mənşəli bütün qeyri-adiliklər möcüzə hesab olunur. Beləliklə, vəlilərin seyidlərin əlində zühür edən qeyri-adiliklər də möcüzədir. Möcüzə nübüvvət sona yetdikdən sonra kəsilməmiş, seyidlərin, övliyaların timsalında davam edib.

Seminar məruzə ətrafında müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr