AZ

Leysan tipli yağışlardan sonra Xəzərdə suyun səviyyəsi artıb? - EKOLOQ AÇIQLADI

“Xəzər dənizinin su balansının formalaşmasında və səviyyəsinin saxlanılmasında Volqa çayından gələn suların çox böyük əhəmiyyəti var. Belə ki, Xəzərə tökülən suların 80 faizindən çoxu Volqa çayı vasitəsilə gəlir. Əlbəttə ki, Bakı və Abşeron yarımadasına yağan yağıntıların Xəzərin səviyyəsinə o qədər də ciddi təsir etdiyini demək çətindir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə bu, hər bir halda artımdır:

“Amma biz bir məqamı nəzərə alaq ki, Volqa hövzəsində bu il çox güclü qar yağıb. Rusiya Hidrometeorologiya Xidməti və Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatlara görə, bu il Volqa hövzəsində düşən qar orta illik normadan təxminən 2,5–3 dəfə çoxdur. Bu isə Volqa çayı vasitəsilə gələn suların artmasına səbəb olacaq və nəticədə həmin sular Xəzər dənizinə töküləcək.

Amma dənizin səviyyəsinin qorunmasına gəlincə, bu cür axınların və yağıntıların daha uzun müddət ərzində davam etməsi lazımdır ki, bu, dənizin səviyyəsinə ciddi təsir göstərə bilsin. Bu il baş verən yağıntılar ilkin siqnal kimi çox yaxşı xəbərdir. Bu onu göstərir ki, uzunmüddətli quraqlıqlar artıq sona çatmaqdadır və çox mümkündür ki, yaxın 10–11 ildə daha rütubətli iqlim fazasına keçid baş versin. Bu da Xəzər dənizinin səviyyəsinə müsbət təsir edə bilər”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
10
1
sia.az

2Mənbələr