AZ

Dünya Bankı Avropa və Mərkəzi Asiya üzrə artım proqnozlarını aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Avropa və Mərkəzi Asiya üzrə artım proqnozlarını aşağı salıb.

Banco.az xəbər verir ki, Dünya Bankı Afrika, Şərqi Asiya və Sakit okean, Avropa və Orta Asiya, Latın Amerikası və Karib hövzəsi, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan, eləcə də Cənubi Asiya iqtisadiyyatlarına dair regional hesabatlarını dərc edib.

Avropa və Orta Asiya üzrə İqtisadi Yenilənmə hesabatında qeyd olunur ki, bölgədəki inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın bu il Yaxın Şərqdəki münaqişələrin təsiri, geosiyasi gərginliklər və ticarətdə parçalanma səbəbindən nəzərəçarpacaq dərəcədə yavaşlayacağı gözlənilir.

Hesabatda bildirilir ki, region iqtisadiyyatının artım tempinin 2025-ci ildəki 2,6 faiz səviyyəsindən 2026-cı ildə 2,1 faizə enəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, “enerji xərclərinin artması istehlakın genişlənməsini məhdudlaşdırır, qeyri-müəyyənlik isə investisiyalara mənfi təsir göstərir və bu mənzərənin formalaşmasında mühüm rol oynayır”.

Dünya Bankı yanvar ayında region üzrə iqtisadi artım proqnozunu 2,2 faiz səviyyəsində açıqlamışdı.

Hesabatda həmçinin vurğulanır ki, “Yaxın Şərqdəki münaqişənin uzanması və daha da kəskinləşməsi əsas aşağı yönlü risk kimi qiymətləndirilir. Belə bir ssenari qlobal enerji və gübrə təchizatını ciddi şəkildə poza, enerji və ərzaq qiymətlərini daha da yüksəldə və regionda iqtisadi artımı daha nəzərəçarpacaq dərəcədə zəiflədə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
24
1
banco.az

2Mənbələr