AZ

ADSEA rəhbəri yola salınır: Prezidentin tapşırığından nəticə çıxarmadığı üçün



Bu günlərdə paytaxtda yağan yağışın ciddi problemlerə yol açması, xüsusilə də Bakının kanalizasiya sisteminin nə dərəcədə acınacaqlı olduğu reallığını ortaya çıxarması diqqətləri haqlı olaraq bu sahəyə məsul olan qurumların üzərinə yönəldib. Bu sırada əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) adı çəkilir.

Saytımıza daxil olan məlumata görə, bu günlərdə yağışlardan sonra paytaxtda yaranmış acınacaqlı durum yuxarı instansiyalarda da ciddi qəzəb doğurub. Bəzi ərazilərin günlərlə su altında qalması, kanalizasiya sistemlərinin işləməməsi, yaxud onun işlək vəziyyətdə olması üçün ADSEA-nın zamanında tədbir görməməsi qurumun rəhbəri Zaur Mikayılov barədə yuxarılarda mənfi rəy formalaşdırıb. Bu səbəbdən ADSEA rəhbərinin yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir.

Mənbəmiz onu da bildirib ki, Zaur Mikayılov barədə mənfi rəyin formalaşması təkcə son hadisələrlə bağlı deyil. Belə ki, bir müddət əvvəl Agentlik rəhbərinin öz qudasını qurumda yüksək posta təyin etdiyi barədə məlumat yayılmışdı. Bu məqam da Zaur Mikayılovla yolların ayrılmasına səbəb olan amillərdən biri kimi qeyd edilib. Eyni zamanda son hadisələr zamanı vətəndaşları təbii fəlakətdən xilas etmək üçün səfərbər olan digər dövlət qurumları da verdikləri rəy və izahatlarda vəziyyətin bu cür acınacaqlı hal almasında ADSEA-nın məsuliyyət daşıdığını bildiriblər.

"Ən vacib məqam, bir müddət əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin su təsərrüfatı, mövcud problemlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmiş və həmin müşavirədə dövlət başçısı müvafiq qurumlara, eləcə də ADSEA rəhbərliyinə lazımı tapşırıqlar vermişdi. Müşavirədə cənab prezident ümumilikdə ölkənin su təsərrüfatında mövcud olan vəziyyət, görülməsi lazım olan işlərə diqqət çəkməklə yanaşı, əsas diqqəti Bakı şəhəri və Abşeron yarımadasında uzun illərdir mövcud olan su təchizatı, kanalizasiya və yağış suları ilə bağlı problemlərə yönəltmişdi.

Son mənzərə isə onu göstərdi ki, Agentlik rəhbəri Cənab Prezidentin tapşırığından nəticə çıxarmayıb və ötən müddət ərzində heç bir addım atmayıb. Bu da Mikayılov barədə son qərarın verilməsini şərtləndirib",- deyə mənbə bildirib.

Anar
Seçilən
25
1
newscenter.az

2Mənbələr