AZ

Paşinyan hakimiyyətdən getsə… – Kreml ÇEVRİLİŞ HAZIRLAYIR?

Ermənistanda 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ölkənin həm daxili düzəni, həm də beynəlxalq məkandakı yeri baxımından ən kritik dönəmlərdən biri hesab olunur. Hazırkı baş nazir Nikol Paşinyan seçki marafonuna favorit statusunda daxil olsa da, bu dəfə siyasi mənzərə 2018 və 2021-ci illərdəki seçkilərdən əsaslı şəkildə fərqlənir.

Son sosioloji sorğular Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının hələ də digər rəqiblərini üstələdiyini göstərsə də, elektoratın əhəmiyyətli hissəsinin qərarsız qalması və siyasi apatiya seçkilərin sürpriz nəticələrə hamilə olduğunu nümayiş etdirir. 2020-ci il müharibəsindən sonra cəmiyyətdə yaranan travmaların tam sağalmaması, kilsə ilə iqtidar arasındakı açıq qarşıdurma və müxalifətin ardıcıl etiraz dalğaları Paşinyan üçün ciddi baryerlər yaradır. Buna baxmayaraq, baş nazirin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası – yəni xəyallardan uzaq, mövcud sərhədlər daxilində təhlükəsizlik və iqtisadi inkişafa yönəlmiş praqmatik xətt seçicilərin bir qismi üçün hələ də yeganə alternativsiz yol kimi qəbul edilir.

Məsələni NOCOMMENT.az-a məsələni şərh edən politoloq Azər Hüseynov qeyd edib ki, Nikol Paşinyanın siyasi taleyi hazırda daxili sabitlik və xarici təzyiqlər arasında çox həssas bir nöqtədə dayanıb: “Paşinyan seçki kampaniyasını “tarixi Ermənistan” xəyallarından imtina və Azərbaycanla sülh prosesi üzərində qurmağa çalışır. Bu, Ermənistan cəmiyyəti üçün kifayət qədər ağrılı, lakin qaçılmaz bir transformasiyadır. Lakin müxalifətin kilsə faktorundan istifadə edərək cəmiyyəti milli hisslər üzərindən qütbləşdirməsi Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Daxildəki narazılıq dalğası tam yatmayıb və bu, səsvermə günü qərarsız seçicinin rəyinə birbaşa təsir edəcək həlledici amildir”.

Onun sözlərinə görə, Ermənistandakı seçki prosesi artıq sadəcə daxili siyasi yarış olmaqdan çıxaraq Rusiya və Qərb arasında açıq geosiyasi rəqabət meydanına çevrilib: “Moskva İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmasını və Avropa İttifaqı ilə yaxınlaşmasını öz maraqlarına birbaşa təhdid kimi görür. Kreml üçün Paşinyanın tamamilə devrilməsindən daha çox, onun parlamentdəki mütləq çoxluğunu itirməsi və daha zəif, idarəolunan vəziyyətə düşməsi arzuolunandır. Rusiya müxtəlif rıçaqlarla Ermənistandakı seçki nəticələrinə dolayı təsir göstərməyə çalışacaq. Eyni zamanda, ABŞ və Avropa İttifaqı Ermənistanda demokratik institutların qorunması adı altında Paşinyan iqtidarına dəstəyi artırır. Beləliklə, iyun seçkiləri erməni xalqı üçün həm də ölkənin hansı düşərgədə yer alacağına dair bir referendum xarakteri daşıyacaq”.

Sara,
NOCOMMENT.az

Seçilən
26
50
nocomment.az

10Mənbələr