AZ

QLOBAL ENERJİ BAZARINDA QİYMƏTLƏR NECƏ DƏYİŞƏCƏK? İqtisadçı mümkün gözləntilərdən danışdı

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, ABŞ–İsrail və İran arasında gərginliyin pik həddə çatdığı bir vaxtda, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik şərti atəşkəs razılaşması əldə olunub.

ABŞ, İsrail və İran arasında əldə edilən bu razılaşma hərbi eskalasiyanın qarşısını qismən alsa da, prosesin iqtisadi təsirləri daha geniş miqyasda hiss olunmağa başlayıb. Belə ki, atəşkəs qərarı qlobal enerji bazarlarında dərhal özünü göstərib. Məlumata görə, Brent markalı neftin qiyməti 91.78 dollara qədər geriləyib. Eyni zamanda, Avropada qaz qiymətlərində də ciddi azalma qeydə alınıb və təxminən 100 dollar ucuzlaşma müşahidə olunub.

Lakin bununla belə, ekspertlər hesab edir ki, qiymətlərin dəyişməsi yalnız atəşkəslə deyil, həm də regionda strateji nəzarət uğrunda mübarizə ilə bağlıdır. Sözügedən mübarizənin mərkəzində isə Hörmüz boğazı dayanır. Ekspertlərə görə, dünya enerji daşımalarının təxminən 20 faizinin keçdiyi bu kritik marşrut üzərində İranın nəzarəti gücləndirməsi bazarlarda əlavə risklər yarada bilər. Xarici KİV-lərdə yayılan məlumatlara görə, Tehran boğazdan keçən gəmilər üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Qeyd olunur ki, boğazdan keçən gəmilərdən yükün növünə və texniki xüsusiyyətlərinə görə rüsum alınacaq və bu məbləğ bəzi hallarda 2 milyon dollara qədər çata bilər.

Son baş verən hadisələr göstərir ki, münaqişə artıq hərbi deyil, həm də iqtisadi müstəviyə keçib. Bu baxımdan da Hörmüz boğazı ətrafında baş verənlər yaxın dövrdə həm enerji qiymətlərinin, həm də geosiyasi balansın əsas müəyyənedicilərindən biri ola bilər.

Bu barədə iqtisadçı Xalid Kərimli "AzPolitika"-ya şərhində bildirib ki, Yaxın Şərqdə baş verən son hadisələr fonunda qlobal enerji bazarlarında qeyri-müəyyənlik davam edir. ABŞ–İsrail və İran arasında əldə olunan iki həftəlik şərti atəşkəs qiymətlərdə müəyyən yumşalma yaratsa da, əsas risk faktorları qalmaqdadır.

İqtisadçı qeyd edir ki, neft qiymətlərinin gələcək dinamikası birbaşa Hörmüz boğazı ətrafında formalaşacaq vəziyyətdən asılıdır.

Onun sözlərinə görə, müharibədən əvvəl neftin qiyməti 60–65 dollar səviyyəsində olsa da, artıq bu göstəricilərə qayıdış real görünmür:“Klassik olaraq bu il üçün əvvəlki qiymətləri gözləmək düzgün deyil. Çünki ilin əvvəlindən müharibə səbəbindən qiymətlər yüksəlib və bu, orta illik göstəricilərə təsir edib. Qiymət artımına yalnız psixoloji amillər deyil, real zərər də təsir göstərib. Münaqişə nəticəsində neft infrastrukturu – zavodlar, limanlar və tanker daşımaları zərbə alıb ki, bu da təklifin azalmasına səbəb olub".

X. Kərimlinin fikrincə, bazardakı əsas dəyişikliklər qarşıdakı həftələrdə aparılan danışıqların nəticəsindən asılı olacaq:“Əgər danışıqlar müsbət yekunlaşsa və Hörmüz boğazı tam açılarsa, qiymətlər 80 dolların altına düşə bilər. Ümumilikdə, müharibə dayansa, bu il üzrə orta qiymət 70–80 dollar intervalında formalaşa bilər”.

Bununla yanaşı, ekspert əks ssenarini də istisna etmir:“Əgər gərginlik yenidən artsa və boğaz bağlansa, qiymətlər yenidən 120 dolları keçə, hətta 150 dollara yaxınlaşa bilər”.

Onun sözlərinə görə, hazırda bazarda müşahidə olunan kəskin dalğalanmalar da məhz bu qeyri-müəyyənliklə bağlıdır. Son günlərdə neftin qiyməti bir gün ərzində 15–16 faiz ucuzlaşdığı halda, növbəti gün 3–4 faiz bahalaşma qeydə alınıb.

İqtisadçı vurğulayır ki, İran üçün Hörmüz boğazı təkcə strateji marşrut deyil, həm də əsas iqtisadi təsir alətidir:“İranın hərbi imkanları ABŞ-la müqayisədə məhduddur. Ona görə də Tehran daha çox iqtisadi rıçaqlardan istifadə edir və bu baxımdan Hörmüz boğazı onun ən effektiv silahıdır”.

Ekspert hesab edir ki, məhz bu səbəbdən İran bu alətdən asanlıqla imtina etməyəcək və gələcək proseslərdə də boğaz üzərində nəzarət əsas faktor olaraq qalacaq.

E.Bəyməmmədli

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
azpolitika.info

1Mənbələr