AZ

Əhali dolları niyə manata ÇEVİRİR?

2026-cı ilin yanvar-fevral aylarında valyuta mübadilə məntəqələrində nağd xarici valyuta üzrə satış əməliyyatları alış əməliyyatlarını 51 milyon ABŞ dollarından çox üstələyib. Yəni, əhali xarici valyuta almaqdansa, onu satmağa daha çox üstünlük verib.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir ki, fiziki şəxslərin banklardakı əmanətlərində dollarlaşma səviyyəsi də azalmaqdadır. Belə ki, son bir ildə bu göstərici 2,8 faiz bəndi enərək 2026-cı ilin fevralında 27,7 faizə düşüb. Qeyd olunur ki, depozitlərin dedollarlaşması prosesi bir müddətdir davam etsə də, xarici valyuta satışının alışdan çox olması tendensiyası 2025-ci ildən müşahidə edilir.

Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli bunun əsas səbəblərindən biri kimi manatın sabit qalacağı ilə bağlı formalaşan müsbət gözləntiləri göstərir. Onun sözlərinə görə, təkcə valyuta bazarında deyil, bank əmanətlərinin strukturunda da xarici valyutanın payı azalır və insanlar daha çox vəsaitlərini manatla saxlamağa üstünlük verirlər.

Qeyd edək ki, manatın ABŞ dollarına nisbətdə məzənnəsi 2018-ci ilin mart ayından etibarən 1.70 səviyyəsində sabit saxlanılır. Bu müddətdə neft gəlirlərində azalma və enerji qiymətlərində dalğalanmalar olsa da, məzənnə dəyişməyib. Eyni zamanda, manatla yerləşdirilən əmanətlər üzrə vergi güzəştlərinin tətbiqi və daha yüksək faiz dərəcələri də əhalini milli valyutada yığım etməyə təşviq edir. Belə ki, sığortalanan əmanətlər üzrə faizlər xarici valyutada 2,5 faizə qədər olduğu halda, manatla 12 faizə qədər yüksəlir.

Həmçinin iqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, valyuta satışının artması müəyyən qədər əvvəlki dövrlərdə alınmış vəsaitlərin dövriyyəyə qaytarılması ilə bağlıdır. Onun fikrincə, inflyasiya və ümumi iqtisadi şərait fonunda vətəndaşlar saxladıqları xarici valyutanı tədricən manata çevirərək gündəlik xərclərə yönəldirlər.

Ümumilikdə, əhalinin xarici valyutanı daha çox satması manatın gələcək məzənnəsi ilə bağlı inamın artdığını göstərir və bu hal milli valyutanın sabitliyinə müsbət təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Seçilən
19
5
day.az

6Mənbələr