Süni intellekti insan beyninə “inteqrasiya” etmək istəyirlər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətinin rəhbəri Sem Altman insan beynini süni intellektlə birbaşa əlaqələndirmək üçün nəzərdə tutulmuş “beyin-kompüter” texnologiyası üzərində işləyən yeni startapını təqdim edib.
Bu texnologiyanı reallaşdırmaq istəyən şirkət “Merge Labs” adlanır.
Şirkət “OpenAI”dan 252 milyon dollar (təxminən 428 400 000 manat) məbləğində sərmayə cəlb edib və “OpenAI”ın bu startapda ən böyük investor olduğu bildirilir.
“Merge Labs” rəhbərliyi bəyan edib ki, insan imkanlarını genişləndirmək məqsədilə bioloji beyni süni intellektlə birləşdirmək istəyirlər.
Artıq bu cür layihələr elmi fantastika olmaqdan çıxıb. Belə ki, İlon Maskın “Neuralink” şirkəti iflic olmuş xəstələr də daxil olmaqla, insanlara beyin çipləri implantasiya edib və həmin xəstələr artıq yalnız fikir gücü ilə kompüterlərdən istifadə edə bilirlər.
Lakin Sem Altmanın versiyası orqanizmə müdaxilə baxımından daha təhlükəsiz ola bilər. Çiplərin əvəzinə “Merge Labs” ultrasəs kimi vasitələrlə beyindən siqnalları ötürmək yollarını araşdırır.
Bu texnologiyanın tərəfdarları iddia edirlər ki, yeni üsul itirilmiş qabiliyyətləri bərpa edə, həmçinin insan zəkasını və yaradıcılığını daha da artıra bilər.
Xuraman Etibarlı
İnterpress.az