AZ

Azərbaycanla Qazaxıstan arasında Transxəzər kabeli: Rəqəmsal İpək Yolunda yeni mərhələ

Azərbaycan ilə Qazaxıstan arasında strateji əhəmiyyət daşıyan Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır. Bu barədə “İnterfax-Qazaxıstan”a açıqlamasında Qazaxıstan Baş nazirinin müavini, rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiev məlumat verib.

Söhbət təkcə texniki layihədən getmir, bu, regionun rəqəmsal gələcəyini formalaşdıracaq mühüm addımdır. Transxəzər Fiber-Optik Kabel Xətti Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərini əhatə edən və getdikcə daha çox əhəmiyyət qazanan Rəqəmsal İpək Yolu layihəsinin əsas sütunlarından biri hesab olunur. Yeni nəsil rəqəmsal infrastruktur kimi nəzərdə tutulan bu kabel xətti məlumatların ötürülməsində yüksək sürət, geniş zolaq imkanları və minimal gecikmə vəd edir. Bu isə yalnız texnologiya sahəsində deyil, iqtisadiyyat, ticarət və innovasiya mühitində də keyfiyyətcə yeni mərhələnin başlanğıcı deməkdir.

Mütəxəssislərin fikrincə, layihənin reallaşması region ölkələri arasında rəqəmsal körpünün qurulmasına, qarşılıqlı əməkdaşlığın güclənməsinə və dayanıqlı inkişafın sürətlənməsinə ciddi töhfə verəcək. Beləliklə, Xəzərin dibi ilə çəkiləcək bu kabel yalnız məlumat deyil, həm də gələcək imkanları daşıyan strateji bir xəttə çevrilir.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Seçilən
72
azerbaijan-news.az

1Mənbələr