Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu 2026-cı il üzrə 2%, 2027-ci ildə isə 1,8% müəyyən edib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Bankın hesabatında bildirilib.
Qeyd edilib ki, əvvəlki illə müqayisədə artım tempinin yavaşlaması neft hasilatının azalması fonunda baş verəcək.
AİB ölkədə aqrar sektorun 2026-cı ildə 1,4 %, 2027-ci ildə isə 1%, sənaye istehsalının isə müvafiq olaraq 0,2% və 0,1% səviyyəsində artacağını proqnozlaşdırıb.
“Dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2%, 2027-ci ildə isə 2,1% olacağı gözlənilir. 2026-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər ÜDM-in 9,3%-i təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri ÜDM-in 30,3%-i təşkil edəcək ki, bunun da 10,2%-i dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək”, – AİB əlavə edib.
Asiya İnkişaf Bankına görə, Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7%, 2027-ci ildə isə 4,9 % təşkil edəcəyini proqnozlaşdırıb.
Bank ötən ilin sentyabr ayındakı proqnozuna nisbətən 2026-cı il üzrə qiymətləndirmələri 2,2 faiz bəndi artırıb. 2027-ci il üzrə təqdim edilən proqnoz isə yenidir.
AİB əlavə edib ki, 2026-cı ildə qlobal karbohidrogen qiymətlərinin yüksək qalması səbəbindən idxal xərclərinin artması fonunda inflyasiyanın yüksələcəyi, 2027-ci ildə isə yenidən azalacağı proqnozlaşdırılır.