AZ

“Əksəriyyətimiz buna görə susuruqsa, deməli, suda qərq olmağı da haqq edirik...”

“Bütün xalqın birgə həyata keçirdiyi fəaliyyətlər hər kəsin ümumi maraqlarının qorunmasına yönəlir. Dövlət də bu birgə yaşayış və fəaliyyətdən meydana gəlir...”
 
“Amma təəssüf ki, iri məmurların bu vurdum-duymazlıqlarının cəzasını özlərindən çox, haqqını yedikləri məzlumlar çəkir...”
 
“Təəssüf ki, bu gün də bizim toplumumuz yardımlaşma hissini tamamilə itirib... Məmurlarımız cibinə girdikləri xalq nümayəndələrinə əl uzatmır, onların problemini görməzlikdən gəlirlər...”
 
“Beləcə, cəmiyyətimizi bir arada tutan dəyərlərimiz də aşınır və proseslər sosial partlayışlara doğru gedir. Sosial partlayışlardan ən çox əziyyət çəkənlər isə adətən harınlamış məmurlar olur...”
 
“Təəssüf ki, Azərbaycan hələ də zehni olaraq dövlətləşmə prosesini yaşamayıb. Xüsusilə məmurlar ictimai maraqdan daha çox öz şəxsi mənfəətlərini düşünür, əli ümumu büdcəyə çatırsa, onu vəhşicəsinə talayır...”
 
“Heydər bəy, son dönəmlərdə başımız İran, Ukrayna savaşlarına o həddə qarışıb ki, mediamızda daxili problemlərimizin, nöqsanlarımızın, günahlarımızın, cinayətlərimizin müzakirəsini də yaddan çıxarmışıq. Həm martın son günlərində, həm bu günlərdə Azərbaycanda, xüsusən də Bakıda və Abşeron ərazisində davamlı yağışlar nəticəsində bəlkə də on minlərlə insan, vətəndaş mülklərinin, obyektlərinin, avtomobillərinin böyük zərər çəkmələri səbəbindən ağır problemlər yaşayırlar. Bir yandan evlərin, mülklərin nəinki sığortası, heç düzgün sənədləri də olmadığından həmin vətəndaşların çoxuna qanunla kompensasiya verilə bilmir. Digər tərəfdən, icra hakimiyyətləri və digər müvafiq qurumların məsuliyyətsizliyi, laqeydliyi səbəbindən zərərçəkənlərin çoxu ilə heç maraqlanan da yoxdur. Bəs belə insanlarımızın problemlərini dövlət qurumları, müvafiq fondlar, qeyri-hökumət təşkilatları, deputatlar, həmçinin hakim YAP başda olmaqla siyasi partiyalar və s. səviyyəsində geniş xeyriyyə kampaniyaları təşkil etməklə az da olsa, yüngülləşdirmək, ən azı mənəvi dəstək göstərmək olmazmı? Necə olur ki, qardaş Türkiyədə, İranda və s. zəlzələlər, yanğınlar, daşqınlar olanda belə kampaniyalar təşkil olunur, ancaq öz ölkəmizdə bunu təşkil etmək mümkün deyil?.. Bir şair-publisist kimi də bu haqda fikirlərini bilmək maraqlı olardı...”
Belə bir müraciət ünvanladığımız həm də bir şair-publisist, dərin təfəkkür sahibi kimi tanınan siyasi şərhçi Heydər Oğuz Moderator.az-ın dəyərli oxucularıyla aşağıdakı ibrətamiz fikirləri bölüşüb:
 
“İnsanlar qrup halında yaşayan toplumdur. Tarix boyu tək yaşamağın imkansızlığını, daha güclü varlıqların qurbanına çevriləcəyimizi görə-görə bir araya toplaşmış və birgə yaşayışa qərar vermişik. Ailə ilə başlayan bu təşkilatçılıq getdikcə daha geniş kollektivlərə çevrilib. İnsanlığın ilk tarixlərində qəbilə, tayfa kimi birliklərin içərisində yer alıb həm özümüzü, həm də eyni növdən olan soydaşlarımızı qoruyurduq. Daha sonra bu birgə yaşayışdan xalqlar meydana gəldi və təşkilati strukturlarını təkmilləşdirərək dövlətə çevrildi. Bütün kollektiv yaşam, o cümlədən dövlətçilik ənənələri əmək bölgüsü prinsipinə söykənir. Bu o deməkdir ki, insanlar zəruri tələbatlarının təminini təkbaşına həll edə bilmədiyindən vəzifə borclarını da bölüşürlər. Məsələn, ölkənin və ya tayfanın asayişini polis və ya bənzər qruplara həvalə edir, bir başqa ictimai funksiyanı özümüz yerinə yetiririk. Qazandığımız pulları ortaq büdcəyə toplayıb hər kəsi layiq olduğu səviyyədə təchiz edirik. Bütün xalqın birgə həyata keçirdiyi fəaliyyətlər hər kəsin ümumi maraqlarının qorunmasına yönəlir. Dövlət də bu birgə yaşayış və fəaliyyətdən meydana gəlir...
 
Təəssüf ki, Azərbaycan hələ də zehni olaraq dövlətləşmə prosesini yaşamayıb. Xüsusilə məmurlar ictimai maraqdan daha çox öz şəxsi mənfəətlərini düşünür, əli ümumu büdcəyə çatırsa, onu vəhşicəsinə talayır. Çünki  belə hesab edir ki, əldə etdiyi uğurlar, əlinin haralarasa çatması onun öz qabiliyyətinin məhsuludur. Heç kimə heç nə borclu deyil. Əlinin altında olan, oğurladığı büdcə pulları da onun qabiliyyətinin qazandırdığı nemətlərdir. Öz saxladığı itinə bahalı yemlər alan bir çox məmurlar nəinki bu maddi imkanını soydaşlarının rifahına xərcləmək istəmir, hətta onların haqqını belə, oğurlamaqdan çəkinmir. Halbuki, haqqını yediyi adamların kollektiv həyatın rifahında oynadığı rollar olmasaydı, bu məmurların böyük əksəriyyəti hətta yeməyə çörək də  tapa bilməz, özləri yadellilərin, vəhşi heyvanların yeminə çevrilərdilər. Haram pulla arvad-uşaqlarına bəxş etdikləri böyük sərvətin real sahibləri olmasaydı, bəlkə də həmin sevdikləri düşmən əsgərlərinin qucağında uyuyardı. Türkiyəli şair Neyzən Tofiqin məşhur bir şeirində deyildiyi kimi: 
 
"İşgaldeki hali sakın unutma,
Atatürk'e dil uzatma sebepsiz.
Sen anandan yine çıkardın amma,
Baban kimdi bilemezdin, şerefsiz!"
 
Yəni dövləti dövlət edən Atatürk kimi şəxslər, ümumi maraqlar naminə həyatını qurban verən qəhrəmanlar, bütün xalq kütlələri olmasaydı, sən bəlkə yenə doğulardın, amma atanın kim olduğunu bilməzdin. Başqa sözlə, işğal altında olan məmləkətdə düşmənlərin təcavüzünə məruz qalan anan səni ancaq bic doğa bilərdi...
 
Fikrimcə, bu kiçik şeir parçasında dövlətləşmənin, millət olmağın böyük hikməti yatır. Bizim hər birimiz bugünkü mövcudluğumuzu dövlət adlı kollektiv yaşantımıza borcluyuq və dövlət büdcəsindən oğurlanan hər qəpik məhz bu özünüqoruma mexanizmimizi sıradan çıxarır və özümüz olmasaq belə, övladlarımızın, nəvə-nəticələrimizin taleyini qaraldırıq. Hesab edirəm ki, istənilən postda əyləşən məmur bu məntiqlə düşünsə, kollektiv yaşamın fəlsəfəsini fəhm edə bilsə, büdcə talançılığına son qoyular, yollar qaydalara uyğun çəkilər, evlər düzgün tikilər, kasıb-kusubun sosial təminat haqları yeyilməz, hər kəsin haqqı özünə çatar. Nə yazıq ki, Azərbaycanda bu şüur hələ də tam formalaşmayıb və bu da bizim dövlətçiliyimizin təməllərini sarsıdır, cəmiyyətimizi güclü sistemdən anarxiyaya doğru sürükləyir. Odur ki, Azərbaycanın hüquq-mühafizə orqanları dövlətimizin təməllərini sıradan çıxaran bu tendensiyalara qarşı amansız mübarizə aparmalı, öz vəzifə borcunu yerinə yetirə bilməyən məmurları ağır şəkildə cəzalandırmalıdır. Ən azı ona görə ki, dövlətçilik şüuru olmayan yararsız məmurların fəaliyyəti cəmiyyətimizi məhvə aparır və bu, nəticə etibarilə dövlətə xəyanətdir. Məncə, korrupsiya haqqında qanunvericiliyimiz bu nüansları diqqət mərkəzində saxlayıb yenidən hazırlanmalı, əliəyrilik vətənə xəyanətlə bir tutulmalı və cəzası da o cür verilməlidir. Əks halda, biz bu toplumu dəyişə bilməyəcəyik...
Subasmaları da əslində təbiətin bizim özümüzə münasibətimizə verdiyi qiymətdir. Məlumdur ki, Qurani-Kərimdə Nuh tufanının Allahın yolunu azmış insanları cəzalandırmaq üçün baş verdiyi bildirilir. “Hud” surəsinin 37-ci ayəsində eynilə belə deyilir: “Zalımlardan ötrü mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) qərq olub boğulacaqdır”. Sanki Allah-Təala bu ayəsi ilə suda qərq olub boğulmağı belə, zalımların əməlinin nəticəsi kimi təqdim edir. Nəzərə alsaq ki, bizim yollar da, evlər də, körpülər də məmurların və ya iş adamlarının öz işlərinə biganə yanaşması səbəbindən yağış sularının altında qalır, hər yağış mövsümündə bu hallar təkrarlanır, biz isə bundan nəticə çıxarıb yaşadığımız mühitə əl gəzdirmirik, öhdəmizə düşən görəvləri düz-əməlli yerinə yetirmirik və əksəriyyətimiz buna görə-görə susuruq, deməli, suda qərq olmağı da haqq edirik... 
 
Nuh əfsanəsinin bu günümüzlə səsləşən ən mühüm mesajlarından biri də yardımlaşmaqdır. Məlumdur ki, Nuh peyğəmbər məşhur gəmisini yalnız özü və ailəsi üçün düzəltməmişdi. O hər kəsi bu gəmiyə minməyə səsləsə də, bir neçə nəfərdən başqa onun sözünə etibar edən olmamışdı. Nəticədə ilahi mesajı idrak etmək istəməyənlər suyun altında qalaraq öz əməllərinin ağır nəticələri ilə üzləşmişdilər... 
 
Təəssüf ki, bu gün də bizim toplumumuz yardımlaşma hissini tamamilə itirib. Məmurlarımız cibinə girdikləri xalq nümayəndələrinə əl uzatmır, onların problemini görməzlikdən gəlirlər. İş adamları onlara tapşırılan vəzifələri necə gəldi icra edir, kanalizasiya sistemləri qurmağa belə ərinir, ayrılan vəsaitləri acgözlüklə talayırlar. Beləcə, hər yağış mövsümündə şəhərlərimiz, kəndlərimiz su altında qalır. Amma təəssüf ki, iri məmurların bu vurdum-duymazlıqlarının cəzasını özlərindən çox, haqqını yedikləri məzlumlar çəkir. Beləcə, cəmiyyətimizi bir arada tutan dəyərlərimiz də aşınır və proseslər sosial partlayışlara doğru gedir. Sosial partlayışlardan ən çox əziyyət çəkənlər isə adətən harınlamış məmurlar olur. İnşallah, o mərhələyə çatmadan toplumumuzun tez-tez qarşılaşdıqları problemlərdən ibrət dərsi çıxarıb özünü vaxtında dəyişdirməyə çalışacağına inanıram. Əks halda hamımız bu Ilahi cəzalardan öz nəsibimizi daha çox alacağıq...”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Seçilən
24
1
moderator.az

2Mənbələr