AZ

DSX Akademiyasında Ana dilinə həsr olunmuş tədbir keçirildi

BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında cənab Prezidentin 09.04.2013-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin DSX Akademiyasında “Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsi”və “Hərbi təhsil müəsisələrində Azərbaycan dilinin və nitq mədəniyyətinin tətbiqi” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə Dövlət Himni səsləndirilmiş, daha sonra xalqımızın Dahi Öndəri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva və Nəsimi adına Ədəbiyyat İstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Mərziyyə Nəcəfova məruzə ilə çıxış etmişlər.

Dilçilik və pedaqogika sahəsində tanınmış mütəxəssislərin çıxış etdiyi tədbirdə ana dilinin milli kimliyin formalaşmasındakı rolundan bəhs edilmiş, Azərbaycan dilinin saflığının qorunmasının vacibliyi, onun gündəlik və rəsmi ünsiyyətdə düzgün tətbiqinin əhəmiyyəti xüsusi vurğulanmış, hərbi təhsil müəssisələrində nitq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş danışılmışdır.

Qeyd olunmuşdur ki, dövlət tərəfindən həyata keçirilən dil siyasəti Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nüfuzunun artırılmasına, funksional imkanlarının genişləndirilməsinə və qlobal kommunikasiya sistemində layiqli yer tutmasına xidmət edir. Bu istiqamətdə qəbul olunan normativ-hüquqi sənədlər, təsdiq edilən dövlət proqramları və həyata keçirilən institusional tədbirlər dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda mövzunu əhatə edən videoçarx nümayiş etdirilmiş və qonaqlarla xatirə fotoşəkilləri çəkdirilmişdir.

Seçilən
26
6
teleqraf.com

7Mənbələr