AZ

Ermənilər Bakıya gəldi: yeni mərhələ...  

Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti mühüm görüş keçirilir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dəyirmi masa 10–12 aprel tarixlərini əhatə edir və iki ölkə arasında dialoqun davam etdirilməsinə xidmət edir.

Məlumata görə, bu dəfə Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub. Onlar delimitasiya və demarkasiya olunmuş ərazidən keçərək bütün sərhəd və pasport nəzarəti prosedurlarını tamamlayıblar. Bu detal prosesin praktik mərhələyə keçdiyini göstərən diqqətçəkən məqam kimi qiymətləndirilir.

Qeyd olunur ki, vətəndaş cəmiyyəti səviyyəsində dialoq 2025-ci ilin 8 avqustunda Vaşinqton şəhərində keçirilmiş Azərbaycan–Ermənistan–ABŞ üçtərəfli sammitində təsdiqlənmiş sülh gündəliyinə uyğun aparılır.

Görüşün əsas mövzuları sırasında:

sülh prosesinin hazırkı vəziyyəti,

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində görülən işlər,

regiondakı ümumi vəziyyət və gələcək mərhələlər yer alır.


Müzakirələrdə xüsusilə cəmiyyətlər arasında etimadın artırılması və sülhün sosial səviyyədə möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyi bildirilir.

Toplantıda hər iki tərəfdən analitiklər, media nümayəndələri, QHT rəhbərləri və ekspertlər iştirak edir. Azərbaycan tərəfini müxtəlif beyin mərkəzləri və qurumların nümayəndələri təmsil etdiyi kimi, Ermənistan tərəfdən də analitik mərkəzlər, media və ictimai institutların nümayəndələri qatılıb.

Seçilən
25
musavat.com

1Mənbələr