AZ

Doğma məkan Kashalata Reportaj (FOTOLAR)

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının küçələrində gəzərkən minlərlə fərqli məkanla rastlaşırıq. Hər biri müştəriləri cəlb etmək üçün fərqli üsullardan istifadə etsə də, aralarından biri fərqliliyi ilə diqqəti cəlb edir və hər kəsin getmək istədiyi məkana çevrilir. Bu məkan “Kashalata”dır.Bu fərqli təcrübəni yaşamağımız isə ‘’Trendyol’'un təşkil etdiyi mediatur çərçivəsində mümkün oldu. Azərbaycanın ilk inklüziv kafesi “Kashalata”ya baş çəkdik və məkana daxil olduqdan sonra onun unikal atmosferini hiss etdik.“Kashalata” Trendyol, PAŞA Holding, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), SOCAR-ın dəstəyi ilə təsis edilib.“Məkanda çalışanların əksəriyyəti neyromüxtəlifliyi olan gənclərdir. Autizm və Daun kimi neyromüxtəlifliyin daha çox diqqət çəkdiyi bir dövrdə, məkanın niyə bu qədər doğma hiss etdirdiyi aydındır. İçəriyə addım atan kimi gördüyünüz gözəl simalar gününüzü gözəlləşdirir. Vitrinə yaxınlaşanda düzülən təamların arxasında xüsusi zəhmətin olduğunu hiss edirsən.

Kafedə çalışan gənclərin bəziləri artıq başqa şirkətlərdən təklif alaraq işlərinə orada davam edirlər.Kafeyə nəzər yetirərkən gözüm divardakı tabloya sataşır və bütün fotolara diqqətlə baxdım. Bu simaların arxasında bir ortaq cəhət dayanır. Onun adı məsumiyyətdir. Gənclər kafedə ofisiant, aşbaz köməkçisi, barista köməkçisi işləyir, pianinoda ifa edir, mahnı oxuyub günlərini səmərəli keçirirlər.“Kashalata” kafesinin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova 23 yaşlı autizmli gəncin anasıdır. Bu işə başlamaq üçün ona 23 il əvvəl oğlu ilə başladığı yeni həyat yolu ilham verib.Kafenin fəaliyyəti sayəsində gənclər cəmiyyətə inteqrasiya olur, bacarıqlarını kəşf edə bilirlər.

“Kashalata” layihəsi dövlət qurumlarının və özəl şirkətlərin dəstəyi ilə həyata keçirilib. Ölkənin birinci xanımı Mehriban Əliyeva “Kashalata”nı üç dəfə ziyarət edib, onlara öz dəstəyini göstərib. Göründüyü kimi gənclərə həm dövlət, həm də vətəndaşlar tərəfindən böyük dəstək var.“Trendyol” özünün korporativ sosial məsuliyyət ənənəsinə sadiq qalaraq artıq iki ildir ki, əlilliyi olan şəxslər üçün iş imkanlarını genişləndirmək, eləcə də valideynlərin rifahı və maarifləndirilməsinə dəstək məqsədilə təşəbbüsə töhfə verir.“Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar rəhbəri Süheylə Cəfərova diqqətə çatdırdı ki, “Kashalata”da inkluziv məşğulluğa cəlb olunan gənclərin fəaliyyətinə “Trendyol”un Azərbaycanda həyata keçirdiyi sosial təsir proqramı çərçivəsində dəstək göstərilir: “İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq “Trendyol”un sosial təsir hədəflərinə daxildir. Artıq ikinci ildir ki, “PAŞA Holding” ilə birlikdə Bakının ilk və yeganə inklüsiv kafesi olan “Kashalata” kafesinin fəaliyyətinə töhfə veririk. Burada autizim spektrində olan fərdlər daxil olmaqla bir neçə gəncimiz işlə təmin olunur və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.  “Trendyol” “Kashalata”ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir”. Kafedə ofisiant işləyən Əziz Qəmbərovla həmsöhbət olmaq şansına nail olduq. O, Azərbaycan Dillər Universitetində təhsil alır. Dərsdən sonra kafeyə yollanıb işləyir və dostları ilə vaxt keçirir. Ən böyük xəyallarından biri Asiya ölkələrini gəzməkdir. O bildirir ki, kafe müsbət enerji ilə doludur.Biz də həmin müsbət enerjini alıb daha çox insanla bölüşməyə çalışmalıyıq. “Kashalata” layihəni genişləndirməyə və daha çox neyromüxtəlif gəncin işlə təmin olunması üçün çalışır. Hazırda kafeyə ən böyük dəstək bizlər tərəfindən ola bilər. Dostumuzla, rəfiqəmizlə çay, qəhvə söhbətlərini, uzun söhbətli görüşləri “Kashalata”da edək. Kafedə içilən bir fincan qəhvə belə inklüziv gənclərə dəstək deməkdir. Doğmalarımızı özümüzdən uzaq tutmayaq…

Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr