AZ

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar parlamentdə ilk oxunuşda qəbul edilib

Milli Məclisin aprelin 10-da keçirilən iclasında Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur.

Sənəd layihəsinə əsasən, bu Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma tətbiq ediləcək.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir.

Həmçinin təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. Maddənin qeyd hissəsinə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Seçilən
28
29
yeniazerbaycan.com

10Mənbələr