BAKI, 10 aprel. TELEQRAF
“20 gün əvvəl klinikadan çıxmışam. Müalicəm sona qədər davam etmədi. Yadınızdadırsa, müalicəmin 4 hissədən ibarət olacağını və qısa fasilələrlə davam etməli olduğunu bildirmişdim. Birinci müalicəm, sağ olsun, Qurban Qurbanov, “Neftçi” və “Sumqayıt” futbol klubları, eləcə də keçmiş futbolçu yoldaşlarımın dəstəyi sayəsində baş tutdu. İndi də dərmanlarıma köməklik göstərirlər”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyev deyib.
Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 50 yaşlı mütəxəssis hazırki vəziyyətindən danışıb:
“İkinci müalicə zamanı AFFA-ya getdim, Slaviklə (AFFA-nın hakimi - red) danışdıq, o da mənim həkimimlə əlaqə saxladı. İki ay sonra əməliyyat olunmalı idim – mənə qaraciyər köçürülməli idi. Dedilər ki, bu əməliyyata qədər xəstəxanada qalmalısan. Amma cəmi 4-5 gün xəstəxanada qaldım. AFFA ilkin olaraq ödənişi üzərinə götürmüşdü. Lakin sonradan yarımçıq saxlanıldığı üçün klinikanı məcburi tərk etməli oldum. Yenə də həmin 4-5 günə görə federasiyaya təşəkkür edirəm. Amma çox istəyirəm ki, siz də mənə kömək olasınız.
Bu gün Azərbaycan futbolunda 20 yaşlı yığma komanda heç kimə lazım deyil. Belə yığma yaradılır və onun baş məşqçisinə ayda 50 min avro verib legioner baş məşqçi təyin edirlər. Amma ürəyindən iki dəfə əməliyyat olunmuş, Azərbaycan futboluna xidmət etmiş Kamal Quliyev AFFA-ya müraciət edir, əvvəlcə kömək vəd olunur, sonra isə yarımçıq saxlanılır. Halbuki, əcnəbiyə verilən 50 minlə müqayisədə bu məbləğ çox kiçikdir. Bu, nə dərəcədə ədalətlidir?
Mən Azərbaycan futbolunu legioner kimi ən yaxşı təmsil edən futbolçulardan biri olmuşam. 3 il Ukraynada ölkəmi layiqincə təmsil etmişəm. Azərbaycan futbolu üçün iki dəfə ürəyimdən əməliyyat olunmuşam, canımı, sağlamlığımı bu yolda qoymuşam. Ona görə yox ki, bu gün U-20 millisinə 50 min avro ayrılsın, amma Kamal Quliyevin müalicəsi üçün 4-5 min tapılmasın. Ora çatanda büdcədə pul olur, mənə çatanda isə olmur. Üstəlik deyirlər ki, bundan sonra müraciət etməyim.
Mən Ekologiya Nazirliyinə müraciət etməliyəm, yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə? Bəlkə də rəhbərliyin bundan xəbəri yoxdur. Ola bilər, gizlədilir. Rövşən Nəcəflə görüşmək istəsəm də, deyirlər ki, ölkə xaricindədir və s. Çox şeyi danışmaq istəmirəm.
Mən o Kamal Quliyevəm ki, xaricdə klubla müqavilə imzalayanda AFFA-nın vəziyyəti yaxşı deyildi. Çalışmışam, milli komandanın oyunlarına gediş-gəliş xərclərini federasiyaya yox, oynadığım klubun çəksin. Öz cibimdən təxminən 1500 dollar xərcləyərək Təbrizdə millinin oyununa getmişəm. Məndən çek istəyiblər ki, ödəniş edilsin, demişəm ki, ayıb deyilmi, milli mənim üçün şərəfdir. Mən xərcləməsəm, kim edəcək? Halbuki bəziləri şəxsi xərclərini federasiyaya ödətdirirdilər.
Yenə də deyirəm, mən o Kamal Quliyevəm ki, öz hesabıma müalicə alarkən, sağ olsun, AFFA prezidenti Rövşən Nəcəf tapşırıq vermişdi, mənimlə əlaqə saxlamışdılar, nə ehtiyacım olduğunu soruşmuşdular. Bildirmişdim ki, ehtiyacım yoxdur, özüm həll edirəm, sadəcə rəhbərlə görüşmək istəyirəm. İstəsəydim, o zaman istifadə edərdim, amma imtina etdim.
Mən nə kiməsə hədə-qorxu gəlirəm, nə də kiminsə qarşısında gözüm kölgəlidir. Çünki ömrüm boyu düz danışmışam. 11 ildir işsizəm, ona görə ki, hər zaman həqiqəti demişəm.
Kim mənə inanmırsa, Allah başına gətirsin. Allaha yalvarıram, möcüzələr yaradan odur. Bir möcüzə də mənim üçün yarat, məni həyata qaytar. İkinci dəfə həyata gəlsəm, bilirəm neyləyərəm”.