AZ

Xırdaçı mayor

MSK sədri Məzahir Pənahovun oğlu ilə keçmiş gəlini arasında əmlak bölgüsü məsələsində yeni problem ortaya çıxmışdır. Gəlin iddia edir ki, məhkəmə qərarı ilə ona qaytarılan zinət əşyaları... saxtadır.

Sitat: “Məhkəmə prosesində qarşı tərəf əvvəlcə qızıl-zinət əşyalarının, cehizin, geyimlərin mövcud olduğunu rədd edirdi. Daha sonra isə zinət əşyalarını bijuteriya və ya sirkon kimi təqdim etməyə çalışdılar ki, onları qaytarmasınlar. Bu səbəbdən hətta zinət əşyaları qaytarılsa belə, onların saxtalaşdırılmış və ya dəyişdirilmiş olması ehtimalını da nəzərə alıram”.

Bu yerdə dahi şairimiz Molla Pənah Vaqifdən bir beyt gəldi yadıma düşdü, özümdən asılı deyil, bəlkə “Pənah-Pənahov” səsləşməsi öz rolunu oynamışdır:

“Bəlalərdən səni saxlasın xuda,
Sən tək gözəl eldən olmasın cüda,
Xəstə Vaqif ölsə, başına fəda,
Təki olsun sənin canın sağ, gəlin!”

Bəli. Hərçənd, qarşı tərəf hazırda sayın gəlinə qətiyyən cansağlığı arzulamır. Qaldı brilyantların sirkona çevrilməsi, biz – yetim azərbaycanlılar Məzahir müəllimin belə “fokus-pokus”larını çox görmüşük. Onun əlində bunlar asan işlərdir. Bir dua oxuyur, qurğuşun qızıla çevrilir. İstəsə, müxalifətdən deputatlığa namizədi qurbağaya döndərir. Bizim Biləcəri bələdiyyəsində 3-4 namizədi necə yox eləmişdisə Ədliyyə Nazirliyi 10 ildir tapa bilmir. Gəlin də daş-qaş hayındadır... Rəhmətliyin qızı, get dua elə, qurban kəs, nə bilim, Buzovnadakı Butulka pirinə nəzir ver ki, hələ bu qovğadan sağ-salamat çıxmısan. Məzahir müəllim sənin həyat protokoluna elə peçat vurardı, Həzrət Cəbrayıl gəlsə, silə bilməzdi. O dərəcə qüdrətli şəxsiyyətdir.

Keçək başqa temalara, yoxsa ölümcül təhlükəni özüm də canımda hiss elədim, titrəşmə yaşandı.

Milli Məclisdə sayın deputatlardan biri çox vacib məsələ qaldırıb. Deyir, kimisə cinayət başında tuturuq, dəymiş ziyanı ödəyir, çıxır, təzədən vəzifəli şəxs olur. Xüsusilə səhiyyə sahəsinə bu təcrübə geniş yayılıbmış. Buna son qoymaq lazım imiş və sairə.

Təcrübəsiz deputatdır, hər kimdirsə... Dövlətçilikdən xəbəri yoxdur. Korrupsiyaya qurşanmış məmurları tez-tez tutub buraxmaq vacib prinsiplərdən biridir, çünki bunlar suçəkən kağız kimi xalqın cibindən vəsaitləri toplamaqla məşğul olurlar. İmkan verirsən, yığırlar, sonra sıxırsan, təzədən buraxırsan, yenə yığır və bu proses dövriyyə şəklində davam edir.

İstedadlı adamı türmədə yatırtmağın, yaxud, şərti cəza bitəndən sonra vəzifədən məhrum eləməyin dövlətimizə hansı xeyri var ki? Sovet hökuməti vaxtilə elə bu sarsaqlığı üzündən dağıldı, gizli iqtisadiyyatla məşğulat edənləri tuturdular.

Elə uzağa getməyək, təzəlikcə prokurorluq Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi işləmiş mayor Rasim Həsənovun 5 il ərzində nə qədər rüşvət aldığını açıqladı. Sizcə Rasim müəllim nə qədər pul toplayıb? Bir rəqəm deyin... Nəsə, tapmadınız, mayor 7 epizod üzrə 50 min manat rüşvət alıbmış.

Axı bu, gülməlidir, yoldaşlar! İllərə böləndə hər ilə 10 min manat düşür. O cümlədən, Rasim müəllimə CM-in maddəsiylə 10 ildən çox həbs cəzası nəzərdə tutulur, əgər suçu boynuna qoyulsa. Bunun 10 il türmədə saxlanması dövlətimizə bəlkə 100 minə başa gələcəkdir. Ancaq şərti cəza verib əvvəlki işinə bərpa etsək, qarşısına daha çox vəsait toplamağı məqsəd kimi qoysaq olmazmı? Sonra istəsəniz yenə tutun. Ağa durur, Ağacan durur.

Ola bilər ki, Rasim müəllimi məhz az rüşvət topladığı üçün içəri basıblar (bizdə “xırdaçılıq etmək” maddəsi olmalıdır hansısa məcəllədə), lakin yenə qeyd edirəm, insanlara səhvlərini bağışlamaq, özünü doğrultmaq üçün imkan, şərait yaratmaq dövlətin borcudur.

Seçilən
29
3
musavat.com

10Mənbələr