AZ

Rektor: Cənubi Qafqazın tarixinin öyrənilməsində Ərdəhan Universitetinin AMEA ilə əməkdaşlığı xüsusilə maraqlı olacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Ərdəhan Universitetinin rektoru professor Öztürk Emiroğlu ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu gün çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Qeyd edib ki, bu münasibətlər tarixən formalaşmış ortaq dəyərlərə, mədəni bağlılığa və qarşılıqlı etimada əsaslanır və bu gün də bütün sahələr üzrə, o cümlədən elm və təhsil istiqamətində sürətlə inkişaf edir. Akademik İsa Həbibbəyli AMEA-nın qardaş ölkənin Elmlər Akademiyası (TÜBA), TÜBİTAK, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və bir çox ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

AMEA-nın fəaliyyəti barədə də məlumat verən akademik İsa Həbibbəyli Akademiyanın zəngin və şərəfli tarixə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, AMEA yarandığı gündən etibarən ölkəmizdə elmin inkişafında aparıcı rol oynayıb və bu gün də həmin missiyanı uğurla davam etdirir.

Akademiyada hazırda aparılan elmi tədqiqat istiqamətləri haqqında danışan AMEA prezidenti müasir dövrün çağırışlarına uyğun olaraq yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, xüsusilə süni intellekt sahəsində aparılan araşdırmaların genişləndirildiyini, bu istiqamətdə innovativ layihələrin həyata keçirildiyini qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, süni intellektin humanitar və ictimai elmlərə inteqrasiyası prioritet istiqamətlərdən biri hesab olunur.

Ərdəhan Universitetinin rektoru Öztürk Emiroğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, universitetin əsas məqsədlərindən biri beynəlxalq əməkdaşlığı genişləndirmək və ortaq elmi layihələrin sayını artırmaqdır.

Öztürk Emiroğlu, eyni zamanda, rəhbərlik etdiyi universitetin alimlərinin Cənubi Qafqaz regionunun arxivlərində Ərdəhanla bağlı tarixi materialların araşdırılması istiqamətində xüsusi maraq göstərdiklərini bildirib. Vurğulayıb ki, bu cür tədqiqatlar regionun tarixi keçmişinin daha dərindən öyrənilməsinə, eləcə də ortaq mədəni irsin üzə çıxarılmasına mühüm töhfə verə bilər. Rektor bu istiqamətdə AMEA ilə əməkdaşlığın xüsusilə əhəmiyyətli olacağını qeyd edib.

Görüş zamanı tezliklə tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması məsələsi də ətraflı müzakirə olunub. Bildirilib ki, bu müqavilə çərçivəsində tarix, arxeologiya, ədəbiyyat və digər humanitar və ictimai elmlər sahəsində birgə tədqiqatların aparılması, elmi konfransların təşkili və ortaq nəşrlərin hazırlanması nəzərdə tutulur. Həmçinin gənc tədqiqatçıların və doktorantların qarşılıqlı təcrübə proqramlarında iştirakı da planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
azertag.az

3Mənbələr