AZ

ABŞ İran atəşkəsi risk altındadır, eskalasiya ehtimalı qalır ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri İranın ətrafında qalacaq. 

ABŞ qüvvələri İranın ətrafında qalacaqsa müharibə yenidən başlaya bilər?

Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, Amerika və İran arasında əldə olunmuş atəşkəsə baxmayaraq, hərbi əməliyyatların yenidən başlama riski kifayət qədər yüksək olaraq qalmaqdadır:

"Mövcud vəziyyəti riskli edən əsas amillərdən biri odur ki, bu atəşkəs tərəflərin geri çəkilməsi və ya qarşılıqlı şərtlərin qəbulu nəticəsində deyil, müvəqqəti bir uzlaşmadır. Razılaşmaya əsasən, Amerika və İsrailin İrana hücumları dayandırması müqabilində İranın Hörmüz boğazını açması nəzərdə tutulur. Cəmi iki həftəlik müddəti əhatə edən bu proses tərəflərin masa arxasına əyləşib ortaq məxrəcə gəlməsi üçün bir fürsət kimi görünsə də hər iki tərəfin öz kəskin mövqelərindən geri çəkilməməsi razılaşma ehtimalını minimuma endirir".

Politoloq əlavə etdi ki, həm Vaşinqton, həm də Tehran özünü qalib hesab edir və qarşı tərəfin şərtlərini qəbul edəcəyini gözləyir:

"İranın uranı zənginləşdirilməsindən imtina etmək niyyətində olmaması, təzminat tələbi və Hörmüz boğazı üzərində nəzarət rüsumları ilə bağlı maksimalist iddiaları Amerika üçün qəbulolunmazdır. Eyni zamanda, Amerikanın təqdim etdiyi şərtlər İran hakimiyyəti üçün faktiki olaraq təslim aktı xarakteri daşıyır ki, bu da diplomatik nəticənin əldə olunmasını çətinləşdirir. Digər mühüm faktor isə Amerikanın öz hərbi qüvvələrini bölgədən geri çəkməməsidir. Müharibə dövründə böyük hərbi resurs və texnika xərcləyən ABŞ-nin heç bir strateji nəticə əldə etmədən geri çəkilməsi, həmçinin İsrailin buna səssiz qalması real görünmür. Amerika və İsrailin əsas hədəfi İranın tamamilə neytrallaşdırılması, regional proksi qüvvələrə dəstəyin kəsilməsi və nüvə proqramının tamamilə dayandırılmasıdır. Qoşunların bölgədə saxlanılması həm danışıqlar masasında Tehrana təzyiq vasitəsi, həm də uğursuzluq halında hərbi eskalasiyaya hazırlıq məqsədi daşıyır".

Müsahibimizin fikrincə, bu iki həftəlik müddət tərəflər üçün real sülhdən daha çox, hərbi potensialın bərpası və strateji fasilə dövrü kimi qiymətləndirilə bilər:

"Atəşkəs müddəti bir qədər uzansa da fundamental ziddiyyətlər həll olunmadığı təqdirdə prosesin yenidən genişmiqyaslı müharibəyə çevrilməsi qaçılmaz görünür. Danışıqlar masasında tərəflərin güzəştə getmək ehtimalının zəif olması fonunda hərbi toqquşma riski hələ də aktuallığını qoruyur".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
50
redaktor.az

10Mənbələr