AZ

Alınma sözlər- dili zənginləşdirən vasitələrdən biri » AzadMedia.az


İmarət Cəlilqızı,
Dil-ədəbiyyat müəllimi


Türk dilləri ailəsinə aid olan dilimizin lüğət tərkibinin əsas hissəsini türk mənşəli sözlər təşkil edir. Bir çox dillərdə olduğu kimi, bizim dilimizin lüğət tərkibində də xeyl miqdarda başqa dillərdən keçmiş sözlər vardır ki, bu sözlərə dilçilik elmində alınma sözlər deyilir.

Alınma sözlərin iki əsas mənbəyi vardır: ərəb-fars mənşəli və Avropa mənşəli alınma sözlər.
Alınma sözlərin çoxu dilimizdə uzun zamandan bəri işlədildiyinə görə milli sözlərimizlə qaynayıb-qarışmış, necə deyərlər, dilin lüğət tərkibində artıq vətəndaşlıq hüququ qazanmışlar.

Bu yazıda dilimizdə çox işlənən alınma sözlərdən bir qisminin mənşəyi barədə yığcam və maraqlı məlumat verməyə calışmışıq.

Böyüdük ildən-ilə,
böyüdü bizim ilə
o taxta partalar da...


Məktəblə bağlı sözlərin içərisində elə birisi var ki, onu bilməyən və işlətməyən adam çətin tapılar. Bu, parta sözüdür. Necə yaranıb bu söz? Bir sıra dil tədqiqatçılarının müddəalarına görə, parta sözü fransız dilində "xüsusi", "ayrıca" mənası ifadə edən "a part" sözündən götürülüb. Əvvəllər məktəblərdə uşaqlar çoxyerli uzun skamyalarda otururmuşlar. Sonralar daha əlverişli olduğuna görə təkyerli və ikiyerli skamyalardan istifadə edilməyə başlandı. Necə deyərlər, uzun skamyalar bölünüb artıq hər sagird və ya hər iki şagird üçün ayrıca, xüsusi oturacaq ayrıldığına görə adı da dəyişib oldu parta.

Apartament və departament sözlərinin tərkibindəki "a part" sözü də onların parta sözü ilə eyniköklu olduğundan xəbər verir: “apartament” sözünün ilkin mənası ayrıca otaq, ayrıca mənzil, “departament” isə ayrılmış hər hansı bir ərazi, şöbə mənasını ifadə edir.

Əsrlər boyu cəmiyyətə əziyyət verən bir siyasətin adını ifadə edən separatizm sözü də, irqi ayrı-seçkiliyin ən kəskin formasını adlandıran aparteid sözü də parta sözü ilə eyni kökdəndir
Şəmsiyyənin "qohumu"

Şəmsiyyənin nə demək olduğunu bilirik - çətir. Türk qardaşlarımız hər növ çətirə şəmsiyyə desələr də, sözün kökü "şəms" - günəş bəyan edir ki, şəmsiyyə günəşdən qoruyan çətirə deyilir.
"Şəms" deyərkən ixtiyarsız olaraq "qəmər" də düşür yada. Maraqlıdır ki, şəmsin qəməri olduğu kimi, şəmsiyyənin də qəməriyyəsi var. Mənası da demək olar ki, şəmsiyyənin mənası ilə eynidir: qəməriyyə "çardaq", "talvar" mənasını ifadə edir. Fərq ondadır ki, qəməriyyə şəmsiyyə kimi "səyyar" çardaq deyil, o elə olduğu yerlərdəcə - bağ-bağçalarda, həyətlərdə - düşüb qalır.

“Endir şaqqanı, sök qabırğanı!..”

Ət tədarük edib satan şəxsə qəssab deyilir - hamımıza məlum olan bir sözdür. Amma qəssab sözünün "zorakılıq, zorla ələ keçirmə" mənasını ifadə edən qəsb sözündən əmələ gəldiyinə,bəlkə də, ilk dəfə indi diqqət edəcəyik.


Qıvrımsaçlı “sərhədçi”

Vergül sözünü tələffüz edərkən adama elə gəlir ki, bu öz sözümüzdür və ya şərq mənsəli sözdür. Əslində vergül fransız mənşəli virgule sözündən yaranıb: fransızca "virgule" sözü "aşağısı qatlanan" mənasını ifadə edir.
Yeri gəlmişkən qeyd edək ki, "apostrof" sözü qədim yunan dilində "geriyə istiqamətlənmış" və ya " yuxarısı qatlanmış" mənasını ifadə edən "ἀπόστροφος" sözündən yaranıbdır.
Həm vergül, həm də apostrof işarəsinə diqqətlə baxanda onların həqiqətən də izahlara uyğun formada olduqlarını aşkar etmək mümkündür.

“Pencəyi çıxart! Ayaqqabının bir tayını da!..”

Birisi bizdən xəbər alsa ki "pencək" hansı dilə aid sözdür, əvvəlcə ağlımıza gələr ki, yəqin, milli mənşəli sözdür və rus dilinə də bizim dilimizdən keçərək "пиджак" formasına düşüb. Əslində bu söz ingilis dilində gödəkcə mənası verən "pea-jacket" sözünün təhrifə uğramış formasıdır. İngilis dilinə isə holland dilindəki "pijjekker" sözündən adlayıbdır. Pijjekker hollandca "kobud parçadan gödəkcə" mənasını ifadə edir.


Rəqs eyləyir fillər, atlar,

Salto vurur akrobatlar

Yazını sirk sözü haqqında kiçik bir qeydlə tamamlayaq: sirk sözünün mənşəyi latın dilindəki circus (sirkus) sözüdür - circus dairə deməkdir. Rus dilində işlənən циркул (pərgar) sözü də bu sözlə eyni kökdəndir. Əlavə izahata ehtiyac olmadan da anlaşılır ki,“sirk” sözü tamaşa göstərilən arenanın dairəvi forması ilə əlaqədar yaranmışdır.


Göründüyü kimi, dilimizdə işlənən alınma sözlərin mənşəyini araşdırarkən xeyli maraqlı məlumatlara rast gəlirik və hər bir dilin tikinti materialı sayılan sözlərin necə zəngin və mühüm informasiya mənbəyi olduğunu bir daha aşkar edirik.
Seçilən
22
1
azadmedia.az

2Mənbələr