Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə İranda baş verən hərbi münaqişədən ən çox zərər çəkmiş ölkələrin iqtisadiyyatlarının dəstəklənməsi üçün 5 milyard avro yönəltməyi planlaşdırır. Bu barədə bankın rəsmi açıqlamasında bildirilir.
Bankın məlumatında qeyd olunur ki, dəstək proqramı birbaşa böhrandan təsirlənmiş ölkələrə yönəldiləcək. Bu ölkələr sırasında İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağı yer alır. Bundan əlavə, yardımın ilkin mərhələdə yönəldiləcəyi ölkələr arasında Misir, Türkiyə, Ermənistan və Azərbaycan da var.
Bank nümayəndələri bildirib ki, “Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə bu iqtisadiyyatlara 5 milyard avro investisiya yönəltməyi planlaşdırır”. Eyni zamanda vurğulanıb ki, faktiki investisiya həcmi “sürətlə dəyişən vəziyyət” səbəbindən ehtiyaclardan asılı olacaq.
Mart ayının sonunda bank ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda işlədiyi ölkələrdə iqtisadi perspektivlərin pisləşməsi ilə bağlı narahatlığını ifadə etmişdi. Avropa Yenidənqurma və İnkişaf Bankı xəbərdarlıq edib ki, enerji qiymətləri yüksək qalsa, iqtisadi artım proqnozu təxminən 0,4 faiz bəndi azala bilər. Bank analitiklərinin fevralın sonunda açıqladığı qiymətləndirməyə görə isə 2026-cı ildə iqtisadi artım 3,6% səviyyəsində gözlənilirdi.