AZ

Trampdan ümidi kəsilən Paşinyan Putinə təslim olur: İrəvan TRİPP-i Rusiyaya təhvil verir, "gizli bazarlığın" sensasion detalları...

Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti Rusiya qarşısında çarəsiz vəziyyətə düşüb... Cənubi Qafqaz uğrunda mübarizənin məhz Ermənistan üzərində indeksləşdirilməsi ilə bağlı proses indi daha intensiv xarakter almaqdadır...

Yaxın Şərqdə davam edən hərbi gərginlik dünyanın digər regionları kimi, Cənubi Qafqaza da ciddi şəkildə təsir göstərməyə başlayıb. Belə ki, hazırda Cənubi Qafqazla bağlı geopolitik proseslərdə müəyyən qeyri-sabitlik hökm sürür. ABŞ və Qərbin əsas diqqətinin məhz Yaxın Şərqə yönəlməsindən istifadə edən Kreml yenidən Cənubi Qafqazda Rusiyanın geopolitik mövqelərini bərpa etməyə cəhd göstərir. Və bu prosesdə isə Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri əsas təzyiq faktoru rolunu oynamağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın gələcək taleyini həll edəcək geoiqtisadi layihələrin içərisində TRİPP ön planda yer alır. Üstəlik, bu layihədə indi Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində təbliğat predmetinə çevrilməkdədir. Paşinyan hakimiyyəti bu faktordan həm ölkədaxili siyasi maraqlar, həm də Rusiya ilə bazarlıq çərçivəsində geniş şəkildə istifadə etməyə çalışır.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan TRİPP layihəsinin Ermənistana vəd etdiyi geoiqtisadi üstünlükləri ölkədaxili auditoriyaya təbliğ etməyə cəhd göstərir. Erməni baş nazir bu layihənin Avropadan Asiyaya qədər uzanan geniş coğrafiyada, yəni Cənubi Qafqazdan kənar dövlətlər üçün də olduqca cəlbedici olduğunu hər imkanda arqumentləşdirir. Və onun bu barədə son açıqlamaları TRİPP layihəsi ilə bağlı mürəkkəb situasiyanın yaranmaqda olduğunu təxmin etmək imkanları verir.

77854fa2-0a32-488e-a03a-2ebb097db36a.jpg 

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Orta Asiyanın avanqard dövlətlərindən olan Qazaxıstanın TRIPP layihəsinə xüsusi maraq göstərdiyini vurğulayıb. Onun dediyinə görə, Qazaxıstan ötən ilin avqust ayından etibarən TRIPP layihəsinə marağını qətiyyən gizlətmir. Rəsmi Astana üçün Avropanı Asiya ilə birləşdirəcək yeni beynəlxalq nəqliyyat-kommunikasiya marşrutunun açılması cəlbedicidir.

Çünki Qazaxıstan beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində, xüsusilə də, həm Çinə, həm də Çindən yük axını baxımından, əsas tranzit ölkələrdəndir. Ona görə də, Qazaxıstan Azərbaycan ilə yanaşı, Ermənistanla da TRİPP layihəsinin perspektivlərini müzakirə edir. Və digər tərəfdən, TRIPP layihəsinə maraq göstərən ölkələrin sırası yalnız Qazaxıstan ilə də məhdudlaşmır.

Ancaq onlarla ölkənin geoiqtisadi maraqları çərçivəsinə daxil olan bu layihənin reallaşdırılması prosesi qarşısında müəyyən problemlər də mövcuddur. Belə ki, “Foreign Policy” nəşrinin məlumatına görə, TRIPP layihəsi çərçivəsində ərazinin öyrənilməsi üçün göndərilməli olan ABŞ şirkətinin nümayəndələrinin Ermənistana planlaşdırılan səfəri hələlik təxirə salınıb. Bunun səbəbi isə ABŞ-ın əsas diqqətinin hazırda məhz Yaxın Şərq böhranına yönəlməsi ilə izah olunur.

“Foreign Policy” nəşrinin məlumatında o da vurğulanır ki, həm Ermənistanda, həm də Azərbaycanda rəsmi dairələr, prezident Donald Tramp xarici siyasət üzrə olduqca dar çevrəsinin əsas diqqəti Cənabi Qafqaz regionundan yayındırmasından narahatdırlar. Çünki hətta bir neçə gün öncə elan olunmuş atəşkəsə baxmayaraq, Ağ Evin hələ bir müddət daha əsas diqqətini məhz Yaxın Şərqə yönəldəcəyi bildirilir. Və bu, ilk növbədə rəsmi İrəvanı ciddi şəkildə narahat edir, üstəlik, Paşinyan hakimiyyətinin geopolitik manevr məkanını əhəmiyyətli dərəcədə məhdudlsşdırır.

1a705a5c-8dda-47a1-a7d3-0fb8165e1c2e.jpg 

Məsələ ondadır ki, TRİPP layihəsinin indiki şərtlər çərçivəsində, yəni, Rusiyanin iştirak olmadan, ABŞ-ın nəzarəti altında reallaşdırılması Kremlin geopolitik maraqlarına sarsıdıcı zərbə hesab olunur. Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində və ABŞ-ın əsas diqqətinin Cənubi Qafqazdan yayındığı bir şəraitdə bu, Paşinyan üçün olduqca təhlükəli reallıqdır. Və ona görə də, son vaxtlar baş nazir Nikol Paşinyan bu məsələ ilə bağlı Rusiyaya yönəlik müəyyən manevrlər etmək məcburiyyətində qalıb.

Hər halda, baş nazir Nikol Paşinyanın TRİPP layihəsinin icrasında böyük önəm daşıyan mövzulardan danışarkən, Ermənistanın dəmir yolları ilə bağlı məsələləri Rusiyanın arxasından dolaşaraq, müzakirə etməyəcəyini bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan açıq siyasət yürüdür və Kremlin iştirakı olmadan, Rusiyanın hüquqi nəzarətində olan dəmir yolları ilə bağlı məsələləri müzakirə etmək niyyətində deyil. Və bu, Rusiyadan uzaqlaşma siyasəti yürüdən erməni baş nazirin, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Kremldən ciddi şəkildə ehtiyat etdiyini göstərir.

Maraqlıdır ki, Ermənistanın "Hraparak" nəşri baş nazir Nikol Paşinyanın son vaxtlar Rusiyadan daha çox çəkilməsinin əsas səbəblərini izah edən gizli məlumatlar əldə edib. Erməni nəşrinin iddiasına görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən qapalı görüşdə olduqca sərt müzakirələr olub. Məhz bundan sonra Kremldə belə qənaətə gəliblər ki, erməni baş nazir ilə xoşluqla anlaşmaq çox çətin olacaq. Və ona görə də, Kreml baş nazir Nikol Paşinyana Rusiyanin maraqlarını riskə atmağın nə qədər təhlükəli ola biləcəyini anlatmaq üçün bəzi praktiki təhdidkar addımlar atıb.

444WhatsApp 

Erməni nəşrinin iddiasına görə, xüsusilə də, Kreml Paşinyan hökuməti ilə əlaqəli bütün müəssisə, şirkət və hətta mədəni təşkilatların Rusiyaya girişinə qadağa qoymaq qərarı verib. Buna paralel olaraq, hətta son günlər “Proşyan” konyak zavodunun Rusiyaya spirtli içkilərin ixracı üçün istifadə olunan lisenziyasının dayandırılması barədə də iddialar yayılıb. Bu, Paşinyan hakimiyyətinin maliyyə-iqtisadi dayaqlarına sarsıdıcı zərbə hesab olunur. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və onun yaxın ətrafının Kreml ilə kifayət qədər isti münasibətlərinə baxmayaraq, “persona non grata” statusu ilə üzləşməsi erməni baş nazirə son xəbərdarlıq mesajı sayılır.

Göründüyü kimi, Kreml növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətini ciddi şəkildə sıxışdırmağa çalışır. Bəzi məlumata görə, Rusiya siyasi dairələri artıq istədiklərini almağa da başlayıblar. Belə ki, iddialara görə, baş nazir Nikol Paşinyan bu seçkilərdə hakimiyyətinin toxunulmazlığına təminat verilməsi qarşılığında Kremlə TRİPP layihəsini təklif edib.

Erməni baş nazirin hakimiyyətdə qalmasına əngəl törədilməyəcəyi təqdirdə, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə nəzarəti ABŞ-dan Rusiyaya ötürməyə hazır olduğu bildirilir. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyəti hazırda Rusiya qarşısında çarəsiz vəziyyətə düşüb. Və bu baxımdan, Cənubi Qafqaz uğrunda mübarizənin indi məhz Ermənistan üzərində indeksləşdirilməsi ilə bağlı proses daha intensiv xarakter almağa başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
25
musavat.com

1Mənbələr