AZ

Gürcüstanda azərbaycanlı mühafizəçi döyüldü - VİDEO

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xəstəxana mühafizəçisi döyülüb.

Musavat.com bildirir ki, hadisə ötən gün “Geo Hospitals” klinikasında baş verib.

Ailəsinin bildirdiyinə görə, insident mühafizəçi Ələddin Qərənzadənin xidməti vəzifəsini yerinə yetirdiyi zaman baş verib. Belə ki, o, ziyarət saatı olmadığı üçün bir şəxsi klinikaya buraxmayıb. Bu səbəbdən yaranan mübahisə fiziki zorakılıqla nəticələnib.

Məlumata görə, hadisəni törədən şəxs Marneuli merinin Tserakvi inzibati vahidi üzrə nümayəndəsi İndiko Xaptaninin qardaşı Levan Xaptanidir. 63 yaşlı mühafizəçi baş və üz nahiyəsindən ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım Marneulidə göstərilsə də, vəziyyəti ağır olduğu üçün Tbilisidə yerləşən “Geo Hospitals” klinikasına köçürülüb. Döyülən şəxs süni tənəffüs aparatına qoşulub.

Bildirilib ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb. Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə aparılır.


Şahanə Rəhimli
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr