AZ

Mask “Tisa”nın qələbəsini Soros fondları ilə əlaqələndirib

Amerikalı sahibkar İlon Mask Macarıstanda müxalifətin seçki uğurundan sonra Corc Sorosun təsirinə dair iddia irəli sürüb, hansı qurumu nəzərdə tutduğunu isə açıqlamayıb...

Poliqon xəbər verir ki, amerikalı sahibkar İlon Mask Macarıstanda keçirilən parlament seçkilərində müxalif “Tisa” partiyasının qələbəsindən sonra ölkədə hakimiyyətin Corc Sorosla əlaqəli strukturların əlinə keçdiyini iddia edib. Mask bu fikri Corc Sorosun oğlu Aleksandr Sorosun sosial şəbəkədə paylaşdığı mesajı şərh edərkən səsləndirib.

İlon Mask paylaşımında “Soros təşkilatı Macarıstanda hakimiyyəti ələ keçirib” ifadəsini işlədib. Bununla belə, o, konkret olaraq hansı təşkilatı nəzərdə tutduğunu açıqlamayıb. Bu səbəbdən onun ittihamının hansı struktur və ya fonda yönəldiyi aydın deyil.

Aleksandr Soros isə X sosial şəbəkəsində yazıb ki, Macarıstan xalqı “Tisa” partiyasının parlament seçkilərində qələbəsindən sonra “ölkəsini geri qaytarıb”. O, bu nəticəni “kök salmış korrupsiyaya və xarici müdaxiləyə qəti etiraz” kimi qiymətləndirib.

Qeyd olunur ki, Peter Macarın rəhbərlik etdiyi mərkəz sağçı, Avropa İttifaqı yönümlü “Tisa” partiyası Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanaraq Viktor Orbanın uzunmüddətli hakimiyyətinə son qoyub. Məlumata görə, partiya parlamentdə üstün mövqe əldə edib.

Corc Soros isə ABŞ-li, macar əsilli maliyyəçidir və “Açıq Cəmiyyət” fondlar şəbəkəsinin yaradıcısı kimi tanınır. Onun adı uzun illərdir Mərkəzi və Şərqi Avropadakı siyasi proseslərlə bağlı mübahisələrdə hallanır. İlon Maskın bu açıqlaması da Macarıstandakı hakimiyyət dəyişikliyindən sonra beynəlxalq siyasi polemikanın daha da sərtləşdiyini göstərir.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr