AZ

Sabiq nazirin şirkəti 51 milyon manat gəlir, 480 min manat xalis mənfəət əldə edib

“İmprotex Trucks and Buses” MMC 2024-cü ili 480 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2023-cü ildə 47 min manat zərər açıqlamışdı.

Banker.az xəbər verir ki, şirkətin ümumi gəlirləri illik müqayisədə 2 dəfədən çox artaraq 24.09 mln. manatdan 51.25 mln. manata yüksəlib. Bu artım əsasən malların təqdim edilməsindən əldə olunan gəlirlərin 50.54 mln. manata çatması ilə bağlı olub. Eyni zamanda xidmətlərdən 639.53 min manat, daşınmaz əmlakın icarəsindən isə 66.25 min manat gəlir əldə edilib.

Bununla belə, satışın maya dəyəri və əməliyyat xərcləri daha sürətli artıb. Ümumi xərclər 23.13 mln. manatdan 50.65 mln. manata yüksələrək təxminən 119% artım göstərib. Xərclərin strukturunda malın dəyəri (26.33 mln. manat) və sair xərclər (15.21 mln. manat) əsas paya sahib olub. Nəticədə ümumi mənfəət 958 min manatdan 600 min manata enərək təxminən 37.4% azalıb.

Mənfəət vergisi xərci 120 min manat təşkil edib və bunun nəticəsində xalis mənfəət formalaşıb.

Xatırladaq ki, “İmprotex Trucks and Buses” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və əsas fəaliyyət istiqaməti avtomobillərin, o cümlədən yük və minik nəqliyyat vasitələrinin pərakəndə satışıdır. 2025-ci ilin əvvəlinə işçi sayı 101 nəfər olub.

Müəssisənin nizamnamə kapitalı 220 manat təşkil edir və əsas paylar 9%-lə Günül Füzuli qızı Ələkbərovaya və 91% payla Füzuli Həsən oğlu Ələkbərova məxsusdur. F.Ələkbərov 7 fevral 2006 – 22 oktyabr 2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olub. Şirkətin direktoru Mühəmməd Fərid Abdullayevdir. Cəmiyyətin törəmə müəssisəsi olan “İmprotex İndustries” MMC də fəaliyyət göstərir.

Seçilən
21
banker.az

1Mənbələr