AZ

Üçüncü Dünya müharibəsinin astanasında: Tramp GÖRÜN NƏ ETDİ

Yaxın Şərqdə gərginlik artıq idarəolunmaz həddə çatıb. ABŞ prezidenti Donald Trampın Pakistandakı diplomatik cəhdlərinin iflasa uğraması regionu və dünyayı böyük bir hərbi qarşıdurmanın eşiyinə gətirib. Dünyanın ən strateji su yollarından biri olan Hörmüz boğazı ətrafında yaranan bu qlobal krizis, sadəcə iki ölkə arasındakı münaqişə deyil, beynəlxalq ticarətə və dəniz təhlükəsizliyinə endirilən ən ağır zərbə kimi qiymətləndirilir. Trampın “Truth Social” vasitəsilə verdiyi “blokada” qərarı, İranın boğazdan keçən gəmilərdən astronomik məbləğdə rüsum tələb etməsinə qarşı atılmış ən radikal addımdır. Saatlar sonra başlayacaq bu hərbi əməliyyatın geri dönüşü olmayan bir prosesin başlanğıcı olacağı ehtimalı bütün paytaxtları təşvişə salıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, bu qərar faktiki olaraq İrana qarşı müharibə elanı statusundadır: “Donald Trampın Hörmüz boğazına tam blokada tətbiq etmək tapşırığı beynəlxalq hüquq müstəvisində çox riskli bir gedişdir. Bakı vaxtı ilə saat 19:00-da start veriləcək bu blokada, İranın iqtisadi damarlarının tamamilə kəsilməsi deməkdir. Trampın ‘Heç bir gəmi təhlükəsiz hərəkət edə bilməyəcək’ xəbərdarlığı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istənilən gəmiyə qarşı güc tətbiq etməyə hazır olduğunu göstərir. İranın hər gəmidən 2 milyon dollar ‘tranzit haqqı’ istəməsi beynəlxalq dəniz qanunvericiliyinə tamamilə zidd olsa da, ABŞ-ın bu tərzdə cavab verməsi regionu alov çənbərinə sala bilər”.

Onun sözlərinə görə, bu əməliyyat sadəcə ABŞ-ın təkbaşına atdığı bir addım deyil: “Tramp NATO və digər müttəfiqlərin də bu prosesə qoşulacağını elan etməklə, anti-İran koalisiyasını rəsmən formalaşdırdı. İranın Hörmüz boğazına döşədiyi minaların təmizlənməsi prosesi çox güman ki, ilk toqquşmalara zəmin yaradacaq. Tehranın buna cavabı isə çox sərt ola bilər. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ‘ölümcül girdab’ bəyanatı boş bir hədə deyil. İran bu boğazı bağlamaq üçün əlindəki bütün raket arsenalından və kamikadze dronlardan istifadə edə bilər ki, bu da qlobal neft bazarında qiymətlərin bir gecədə bir neçə dəfə artmasına səbəb olar”.

Siyasi şərhçi qeyd edib ki, Pakistandakı danışıqların uğursuzluğu diplomatik yolların artıq tükəndiyini göstərir: “Blokada qərarı göstərir ki, Vaşinqton Tehranı masaya oturtmaq üçün hərbi təzyiqin ən pik həddini seçib. Lakin bu ‘güc nümayişi’ böyük bir regional müharibəyə, hətta qlobal güclərin qarşıdurmasına çevrilə bilər. Ərəbistan və Oman körfəzlərindəki İran limanlarının tam təcrid olunması İranı küncə sıxılmış bir aslan vəziyyətinə gətirir. Belə vəziyyətdə Tehranın asimmetrik zərbələr endirməsi, xüsusən də bölgədəki ABŞ bazalarını hədəf alması qaçılmaz görünür”.

Tunar,
NOCOMMENT.az

Seçilən
5
nocomment.az

1Mənbələr