AZ

“Səni qardaşım kimi çox istəyirəm...” – Qurban Qurbanovu belə təbrik etdi

Bu gün Azərbaycan futbolunun simvol fiqurlarından biri, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov 54 yaşını qeyd edir. Uzun illərdir bu klubun baş məşqçisi kimi uğurlu fəaliyyəti ilə seçilən mütəxəssis futbol ictimaiyyətinin və azarkeşlərin dərin rəğbətini qazanıb.

Bu əlamətdar gündə onu sevənlər sosial şəbəkələrdə və mediada səmimi təbriklərini, xoş arzularını bölüşürlər. Təbrik edənlər arasında millət vəkili Aqil Abbas da yer alır.

Deputat Musavat.com vasitəsilə baş məşqçiyə ünvanladığı ürək sözləri ilə ona dərin hörmət və ehtiramını ifadə edib: “Qurbana Allahın izn verdiyi qədər uzun ömür və işində, gücündə, ailəsində həmişə uğur arzulayıram. İnanıram ki, Qurban Qurbanov Avropa kuboklardan birini alacaq. O, təkrarolunmaz bir məşqçidir və “Qarabağ” komandasına sadiqdir. Onun barəsində çox qurdalayırlar, yazırlar ki, guya, xaricə gedəcək. Qurban heç yerə getməz. Onun könlü “Qarabağ” komandası ilə bağlıdır. Doğrudur, komandadan ayrılıb gedən futbolçular var. Amma onu da deyim ki, onlar Qurbanın yanında futbolçudurlar. Gedənlər də Kadi Borqes kimi geri qayıdacaqlar. Mahir Əmrəli getdi. Amma bir şey edə bilmədi. Çünki Qurban komandasını özü idarə edə bilir. Ən zəif adamı belə “Qarabağ”a gətirsəniz, Qurban onu futbolçu edəcək”.

Millət vəkili bildirib ki, Q. Qurbanova zəng edəcək: “Onu özüm də canlı təbrik edəcəyəm. Qurban yaxşı dostdur. Onu qardaşım kimi çox istəyirəm”.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr