AZ

BDU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 13 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində rektor Elçin Babayev qonağa BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. O, Nəcməddin Ərbakan Universiteti ilə magistratura və doktorantura səviyyələrində xüsusilə beynəlxalq münasibətlər, psixologiya və riyaziyyat istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, hər iki universitet bu sahələr və digər uyğun istiqamətlər üzrə ikili diplom proqramları hazırlaya, birgə elmi tədqiqatlar apara, ortaq layihələr, müəllim-tələbə mübadiləsi həyata keçirə bilər.

Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Memorandumu rektorlar Elçin Babayev və Cem Zorlu imzalayıblar.

Seçilən
23
1
azertag.az

2Mənbələr