AZ

Kanada ordusu Arktikada ən böyük missiyasını başa vurdu

Kanada ordusu Arktikada son illərin ən böyük hərbi missiyalarından birini uğurla tamamlayıb. 

“BBC” xəbər verir ki, iki ay davam edən əməliyyat çərçivəsində Kanada hərbçiləri 5200 kilometr məsafə qət edərək Manitoba əyalətinin Çörçill şəhərinə çatıb. Bu, son 80 ildə həyata keçirilən ən uzun və ən çətin şimal marşrutlarından biri hesab olunur. 

Əsgərlər qar arabaları ilə buzla örtülü ərazilərdən keçib, güclü çovğun və  mənfi 60 dərəcəyə çatan şaxtalı hava şəraitində hərəkət ediblər. Missiyanın əsas məqsədi Kanadanın Arktikadakı hərbi mövcudluğunu gücləndirmək, yeni hərəkət yollarını araşdırmaq və sərt iqlim şəraitində sağ qalma imkanlarını sınaqdan keçirmək olub.

Kanada rəsmiləri bildiriblər ki, Arktikada geosiyasi gərginliyin artması bu missiyanın əhəmiyyətini daha da artırır. Eyni zamanda, iqlim dəyişikliyi səbəbindən buzların vəziyyəti qeyri-sabitləşib və hərəkət daha çətin olub. Əməliyyatda yerli icmaların rolu xüsusi vurğulanıb. Onların bölgə barədə məlumatları təhlükəsiz marşrutların müəyyən edilməsində və hərbçilərin sağ qalmasında mühüm rol oynayıb. 

Missiya zamanı bəzi çətinliklər də yaşanıb. Bir neçə hərbçi qida zəhərlənməsi və soyuqdan zərər görüb, bir nəfər isə qar arabasının aşması nəticəsində qabırğasını sındırıb. Buna baxmayaraq, Kanada ordusu əməliyyatı uğurlu hesab edir və Arktikada gələcək hərbi hazırlıqların davam etdiriləcəyi bildirilib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr