AZ

ABŞ-nin Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə mindi - Tramp yenə HƏDƏLƏDİ

ABŞ-nin Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib.

Redaktor.az xəbər verir ki, bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.

Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb ki, İran limanları və sahil sularına çıxışla bağlı yeni məhdudiyyətlər tətbiq edilib.

Məlumata görə, hazırda İran limanlarında olan neytral gəmilərə ərazini tərk etmələri üçün məhdud güzəşt müddəti verilib.

Bu məhdudiyyətlər İranın bütün sahil xəttini, o cümlədən limanları və enerji infrastrukturunu əhatə edir və limanlar, neft terminalları və sahil obyektləri ilə əlaqədə olan bütün gəmilərə şamil olunur.

UKMTO-dan bildirilib ki, boğazdan İranla əlaqəsi olmayan istiqamətlər üzrə tranzit keçidlərə hazırda maneə barədə məlumat yoxdur. Lakin gəmilər hərəkət zamanı hərbi müdaxilə, yönləndirilmiş rabitə və ya yoxlama prosedurları ilə qarşılaşa bilərlər.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran limanlarına daxil olan və çıxan gəmilərə blokadanın qoyulacağı bəyan edib.

Yeri gəlmişkən, Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı xəbərdarlıq edib.

O bu barədə “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər.

İranın 158 gəmidən ibarət hərbi donanmasını məhv etdiklərini vurğulayan Tramp yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib.

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, - ABŞ lideri vurğulayıb.

 

Seçilən
15
15
redaktor.az

10Mənbələr