ABŞ-ın vitse-prezidenti JD Vance ABŞ və İran arasında aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirsə də, zənginləşdirilmiş uranın İrandan çıxarılması və Hörmüz boğazının açılması məsələlərinin Vaşinqtonun əsas tələbləri sırasında qaldığını bir daha vurğulayıb. O qeyd edib ki, boğazın bağlı qalması danışıqların gedişinə ciddi təsir göstərə bilər.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
JD Vance bildirib ki, ABŞ və İran arasında keçirilən görüşlər zamanı müəyyən irəliləyişlər qeydə alınıb:
“Sadəcə olaraq işlərin pis getdiyini deyə bilmərəm. Məncə, proses ümumilikdə müsbət istiqamətdə irəliləyib. Əhəmiyyətli nailiyyətlər əldə etmişik.”
Vitse-prezident əlavə edib ki, ABŞ zənginləşdirilmiş uranın tam şəkildə İrandan çıxarılmasını və bu maddə üzərində tam nəzarətin Vaşinqtona keçməsini tələb edir:
“İrandakı nüvə materiallarının ölkədən çıxarılmasını mütləq görməliyik. Bu materialların tamamilə ölkədən çıxarılmasını və ABŞ-ın nəzarətinə keçməsini istəyirik. Bu, bizim bir nömrəli prioritetimizdir”.
Bundan başqa, Vance vurğulayıb ki, Tehran Hörmüz boğazını açmaqdan imtina edəcəyi təqdirdə, ABŞ ilə İran arasında aparılan danışıqların gedişi köklü şəkildə dəyişəcək:
“Hələlik tam açılmanın şahidi olmamışıq. Gözləntimiz odur ki, İran Hörmüz boğazının açılması istiqamətində irəliləyiş əldə etməyə davam etsin. Əks halda, onlarla apardığımız danışıqların mahiyyəti əsaslı şəkildə dəyişəcək”.
//Gülnarə Abasova, Editor.az