AZ

Hamilə olmağımı bilə bilə məni dəfələrlə döyüb Qubada iki övladının ölümünə səbəb olan ər amnistiya düşüb

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Quba rayonunda 1990-cı il təvəllüdlü Telman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 6-da rayonun kəndlərindən birində baş verib. Telman həmin gün saat 20 radələrində yaşadıqları evdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadı Gülnarənin baş nahiyyəsinə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Telman ifadəsində göstərib ki, Gülnarə ilə 2022-ci ildə el adəti ailə qurub, həmin vaxtdan ailədaxili problemlər səbəbindən onunla davamlı olaraq mübahisələri olub: “Məlum hadisə günü Gülnarə anası ilə danışan zaman sonuncu ailə münasibətlərimizə qarışdığı üçün qəzəbləndim. Bir dəfə Gülnarəyə şillə vurdum. Başqa xəsarətlər yetirməmişəm. Əməlimdən peşmanam”.Təqsirləndirilən şəxs bildirib ki, Gülnarə yaşadıqları kənddə bulaqdan su gətirən zaman yıxılaraq xəsarətlər alıb: “Bədənində olan digər xəsarətlər məhz yıxılma nəticəsində yaranıb. Uşağın tələf olması ilə bağlı isə bildirmişəm ki, Gülnarə müayinələrdən keçən zaman qanında mikrob olması müəyyən edilib. Bu da uşağın tələf olmasına səbəb olub. Gülnarə ilə mübahisələrimiz olsa da, onu döyməmişəm. Gülnarə ilə aramızda mübahisə hər dəfə onun valideynlərinə görə olub. Gülnarənin valideynləri mənim yaşadığım kənddən çıxaraq Quba şəhərində yasamağımızı istəyib. Bu yolda mənə təzyiqlər ediblər. Mən isə bu hərəkəti ailəmə müdaxilə kimi qiymətləndirmişəm. Əsəbləşərək iradımı Gülnarəyə bildirmişəm. Gülnarə ilə münasibətim ona görə pisləşib”. Təqsirləndirilən şəxs deyib ki, Gülnarə ilə rəsmi nikah bağlamaq istəyib, hətta bunun üçün müvafiq orqana müraciətlər edib, lakin ailədaxili münaqişələr səbəbindən rəsmi nikaha daxil olmayıblar.Zərərçəkmiş Gülnarə ifadəsində göstərib ki, Quba rayonunun kəndində yaşayan Telman ilə 2022-ci il tarixdə el adəti ilə ailə qurub və birlikdə kənddə yaşayıblar:“İlk vaxtlardan münasibətlərimiz normal olmayıb. Dəfələrlə aramızda mübahisə və münaqişələr baş verib. Şiddətə dözməyərək, atamın yaşadığı ünvana getmişəm. Atamgil həmin vaxt Şirvanda təsərrüfatla məşğul olub. Mən də atamgilin yanına Şirvan şəhərinə getmişəm. Orada olan zaman döyülməm barədə Hacıqabul Rayon Polis Şöbəsinə şikayət etdim. Bundan sonra Telmanın hədələrindən qorxaraq avqust ayında onun yanına qayıtdım. Elə həmin vaxt Telmandan hamilə qaldım. O, hamilə olmağımı bilə-bilə məni dəfələrlə döyüb. Hətta döyülmə nəticəsində bətnimdə olan uşağın ürəyində qüsur əmələ gəldi. Bu vəziyyətlə bağlı çoxsaylı həkimlərə getmişəm. Uşaq dünyaya ürəkdə qüsurla doğuldu və əməliyyat olunmasına baxmayaraq öldü”. Zərərçəkmiş deyib ki, 2024-cü ilin dekabr ayında yenidən hamilə qalıb: “2025-ci ilin yanvarın 6-da, saat 20 radələrində anam ilə telefonda danışan zaman ona baş ağrımdan şikayət etdim. Bunun üçün anam xəstəxanaya getməyi təklif etdi. Bu Telmanın qəzəbinə səbəb oldu. O, valideynlərimin ailəmizə qarışmasını bəhanə edərək mübahisə yaratdı. Əvvəl evdə olan qab-qacağı sındırdı, sonra mənə qarşı işgəncəli hərəkətlər etdi. Məni döydü, evdən qovdu. Lakin gecə saatları olduğu üçün heç yerə getmədim. Səhəri gün atama zəng edərək olanlar barədə şikayət etdim. Telman məni davamlı döydüyü üçün məndə qanaxma oldu. Mən xəstəxanaya getdim, orada uşağın tələf olmasını öyrəndim. Bundan sonra döyülmə ilə bağlı polisə şikayət etdim”. Quba Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndləri tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr