AZ

Bakıda ilk Aerokosmik Konfrans keçirildi.

12 aprel 2026-cı il tarixində Bakı şəhərində yerləşən INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi-də Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ilk dəfə “Kosmik Vətən” adlı konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransın əsas məqsədi ölkədə aerokosmik sahədə fəaliyyət göstərən federasiyalar, ictimai birliklər, cəmiyyətlər, inkişaf mərkəzləri, klublar və komandaları bir araya gətirərək mövcud vəziyyəti təhlil etmək, eləcə də gələcək inkişaf istiqamətlərini birgə müzakirə etmək olub.
Tədbirin açılış hissəsində iştirakçı təşkilatlar arasında tanışlıq mərhələsi keçirilib. Hər bir qurum öz fəaliyyət istiqamətləri və bu günə qədər həyata keçirdiyi layihələr barədə məlumat verib. Daha sonra ictimai birlik rəhbərləri qarşılaşdıqları çətinlikləri səsləndirərək, bu problemlərin həlli yolları üzərində fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Konfrans çərçivəsində cari ildə Azərbaycanda keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı barədə də məlumat verilib. Bildirilib ki, 12 aprel tarixindən etibarən tədbir üçün qeydiyyat artıq başlayıb. Qeyd olunub ki, festival bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcək və ötən ildən fərqli olaraq yarışların sayı artırılaraq 12 kateqoriiya üzrə keçirilməsi planlaşdırılır.
 Çıxışlar zamanı bu il ilk dəfə keçiriləcək - Naqilsiz Rabitə - yarışına da xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, bu istiqamət radiohəvəskarları və radio-modelistləri bir araya gətirərək sahənin inkişafına yeni təkan verəcək.
 Festival çərçivəsində təklif olundu ki, radiohəvəskarlar tərəfindən xüsusi çağırış siqnalı ilə beynəlxalq efirə çıxış həyata keçirilsin. Tədbir ərazisində qurulacaq qısa dalğa radiostansiyaları və anten sistemləri vasitəsilə dünyanın müxtəlif ölkələrindəki radiohəvəskarlarla birbaşa əlaqə yaradılsın. Təklif yekdillikə müsbüt qarçılandı və qeyd olundu ki, ziyarətçilər də peşəkar operatorların dəstəyi ilə canlı efirə qoşularaq qlobal rabitənin bir hissəsinə çevrilə bilcəklər.
 Bildirildi ki, müxtəlif texniki idman növlərinin bir platformada birləşdirilməsi festivalın kütləviliyini artıracaq. Xüsusilə regionlarda yaşayan gənclərin aerokosmik sahəyə cəlb olunması və maarifləndirilməsi gələcəkdə yerli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.
 Konfransın yekununda “Kosmik Vətən” anlayışının əhəmiyyəti bir daha vurğulanıb. Qeyd edilib ki, bu anlayış yalnız emosional çağırış deyil, milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji zərurətdir. Müasir geosiyasi reallıqlar göstərir ki, kosmik sahədə passiv mövqe tutan dövlətlər gələcəkdə başqalarının strateji qərarlarına tabe olmaq riski ilə üz-üzə qalır.
 Tədbirdə iştirak edən Azərbaycan Respublikası Səmt Müəyyənetmə İdman İctimai Birliyi, Aerospace İctimai Birliyi, Həvəskar Astronomlar Cəmiyyəti, Azərbaycan Radiohəvəskar Cəmiyyəti, “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi, AzST klubu, Orbyte klubu və Barattson Kids mərkəzinin nümayəndələrinə təşəkkürümüzü bildiririk.

Zəhra Ağayeva

Seçilən
12
2
qht.az

4Mənbələr