AZ

Alim: “Hiss olunan zəlzələlər qaçılmazdır, insanlar narahat olmasınlar, seysmik aktivlik müəyyən geodinamik çərçivədədir”

“Son günlər Xəzər dənizində seysmik aktivlik müşahidə edirik. Buna səbəb bir neçə geoloji, geodinamik və tektonik amillər var. Daşqın və sellər zəlzələ yarada bilməz. Zəlzələnin əsas səbəbi kilometrliklərlə dərinliklərdə yer qabığında yığılan tektonik gərginliyin qəfil və ya tədricən boşalması, yüngülləşməsidir. Xəzər dənizi isə geoloji, tektonik, geodinamik baxımından mürəkkəb regiondur. Burada dərinliklərdə bir neçə çoxsaylı qırılmalar,  qırılma qovşaqları, geoloji pozuntular və s. mövcuddur. Yəni ardıcıl olaraq Xəzər dənizi seysmik ocaqlarla zəngin ərazidir. Dediyim kimi, zəlzələ atmosfer hadisələri ilə qətiyyən birbaşa bağlı deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev deyib.

 

Alimin sözlərinə görə, istiqamət və seysmologiyada belə bir anlam var ki, güclü yağışlar torpağı yumşaldar, çox kiçik mikrotəkanlar tətikləyə bilər: “Bunun üçün ocaq hazır olmalı və səthə yaxın proseslər getməlidir. Məsələn, böyük su anbarlarında suyun sürətli yığılması, yəni rezervuar təsiri lokal zəif zəlzələlər yarada bilər. Xəzər dənizində ardıcıl zəlzələlər müşahidə edirik. Bu, tektonik piltələrin qarşılıqlı təsiridir. Əvvəlki müsahibələrimdə də qeyd etmişdim. Hazırda Xəzərdə müşahidə etdiyimiz proseslərə seysmologiyada seysmik fırtına, seysmik qasırğa, seysmik sürü deyirlər. Qırılmalar bir-biriləri ilə əlaqədardır. Bir hadisə digər hadisəni yaradır, təkan olur. Seysmik ocaqların dinamik vəziyyəti baxımından aftoşoklar, təkanın silsiləsi baş verir. Bir neçə gün ard-arda zəlzələ olması tam normal fiziki prosesdir. Sadəcə, biz bunu görüntülü müşahidə edirik. Rayonlarda da zəlzələ baş verir. Bu o deməkdir ki, regionda ümumi gərginlik sahəsi aktivdir. Əvvəl də demişdim ki, Azərbaycanda 2024-2026-cı il zaman periodunda tektonik və seysmik aktivlik davam edəcək, hiss olunan zəlzələlər qaçılmazdır. Müxtəlif dərinliklərdəki qırılma xətləri, çatlar enerjinin boşalmasını göstərir. Geodinamik fəaliyyət göz qabağındadır. İnsanlar narahat olmasınlar, seysmik aktivlik müəyyən geodinamik çərçivədədir, panikaya ehtiyac yoxdur. Xəzərin Cənub hissəsində seysmik fırtına, çox güman ki, davam edir. Bir-biri ilə əlaqəli olan qırılmalar aktivləşir, qonşu ocaqlar silkələnir və s. Təbii ki, qonşu ocaqlar Talış seysmik zonasında sikələnə bilər, amma hiss olunan çərçivədə. Dağıdıcı, katastrofik güclü zəlzələ isə istisnadır”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Aprel 2026, 11:35   
Seçilən
13
pravda.az

1Mənbələr