AZ

“Zirə”nin futbolçusu: “Premyer Liqa gözlədiyimdən daha rəqabətlidir”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Zirə” Misli Premyer Liqasının XXVII turunda “Sabah”la heç-heçə edib – 2:2.

Matçdan sonra “qartallar”ın türkiyəli futbolçusu Eren Aydın “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Çətin “Sabah” səfərindən xalla döndünüz. Oyunu necə şərh edərdiniz?

– Həqiqətən, bu rəqibə qarşı oynamaq çox çətindir. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma xarakter göstərdik və geri düşməyimizə baxmayaraq, reaksiya verə bildik. Bu səfərdən qazanılan bir xalın əhəmiyyəti çoxdur.

– Əvvəlcə geri düşdünüz, sonra önə keçdiniz. Yekunda isə bərabərlik alındı. Qələbə üçün nə çatmadı?

– “Sabah” kimi rəqiblə oyunda geridönüş etmək asan deyil. Ancaq biz bir-birinə inanan kollektivik. Hesab nə olursa olsun, oyundan qopmuruq. Tələsmədik, üslubumuza sadiq qaldıq. Sona qədər mübarizə apardıq. Məncə, bir xal qənaətbəxşdir. Bu, komandamızın xarakterindən xəbər verir.

– Gəlişinizdən sonra komandada hücumda ən effektiv oyunçulardansınız. Bu da sizdən gözləntiləri artırır. Üzərinizdə təzyiq yaranmır?

– Təzyiq yoxdur. İşim komandaya kömək etməkdir. Futbol komanda oyunudur. Fərdi olaraq baxmırıq. Hər zaman əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Özümüzə inanırıq. Məsuliyyətli biriyəm və gözləntiləri bilirəm. Bu, məni daha da motivasiya edir.

– Bir müddətdir, Azərbaycandasınız. Premyer Liqa ilə bağlı təəssüratlarınız nələrdir?

– Azərbaycan Premyer Liqasında fiziki oyuna üstünlük verilir. Hər oyun çox çətin keçir. Komandalar intizamlıdır. Premyer Liqa gözlədiyimdən daha rəqabətlidir. Futbolçu kimi burda inkişaf edəcəyəm.

– Qarşıda avrokoboklara vəsiqə uğrunda “Neftçi” ilə kritik oyun var. Qələbə sizi daha üstün edəcək. Şansları necə dəyərləndirirsiniz?

– “Neftçi” böyük və keyfiyyətli klubdur. Çətin oyun olacaq. Lakin biz də səviyyəmizi bilirik və meydana qələbə üçün çıxacağıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu oyun bizim üçün çox vacibdir. Düzgün oynasaq və fürsətləri dəyərləndirsək, qazanacağımızı düşünürəm.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
futbolpress.az

1Mənbələr